İlham İsmayıl: “2018-ci il seçkiləri ilə bağlı Rusiyanın təzyiqi hələ başlamayıb

12-06-2017, 09:39           
İlham İsmayıl: “2018-ci il seçkiləri ilə bağlı Rusiyanın təzyiqi hələ başlamayıb
“Onların barəsindəki məlumatlar Rusiyadadır, bizim arxivdə deyil”




Qarabağa qanunsuz səfərinə görə rəsmi Bakının “qara siyahı”ya saldığı rusiyalı yazıçı Eduard Limonov açıq şəkildə işğalı, separatizmi və faşizmi təbliğ etməkdə davam edir. Azərbaycan torpaqlarının işğalını stimullaşdıran mövqeyi ilə ermənilərin hüsn-rəğbətini qazanan bu türk düşməninin ölkəmizə qarşı başladılan yeni bir planın baş qəhrəmanlarından olduğu şübhə doğurmur. Elə son günlərin ən aktual məsələləri barədə qəzetimizə müsahibə verən təhlükəsizlik məsələləri üzrə ekspert, Qarabağ müharibəsi veteranı İlham İsmayıl da şübhələrin əsassız olmadığı qənaətindədir.

- İlham bəy, Rusiya yazıçısı Eduard Limonovun Qarabağa gəlişi təsadüfi məsələ kimi görünmür. Müşahidələrini yazıb ki, Qarabağda hər yerdə rus yazıçılarının portretləri və Rusiyanın gerbi var. Sizcə, o, bununla nə demək istəyir? Rusiya Qarabağla bağlı yeni layihəmi işə salıb?


- Rusiyadan Qarabağa gələn titullu, hətta sıravi adamların da gəlişində təsadüf yoxdur. Bu səfərlərin siyasi yükü çoxdur, istisnalar olsa da. O cümlədən Eduard Limonovun Qarabağ “səyahəti”. Limonovun qeydləri sadə səfər təəssüratı olsaydı, elə Qarabağın havasından, suyundan yazardı. Yox, Limonov Rusiyanın imperiya siyasətini açıq yazır: “Biz - Rusiya çox mütəvazi ölkəyik. Azərbaycanın üstünə qışqırıb ”Rədd ol, sürük buralardan, biz bu torpağı müstəqil Qarabağa veririk" deməkdənsə ağzımızı əski ilə yummuşuq". Rus yazıçısı, ictimai xadimi, siyasətçisi bizə it münasibətini göstərir. Rusiya rəhbərliyinə üzünü tutub deyir: “Slavyan qardaşımız Çernoqoriya NATO üzvü oldu. Qarabağ erməniləri - hər sinif otağında Rusiya Federasiyasının gerbini, rus yazıçısı Lermontovun portretini asan bu adamlar, bu yerlər bizə Çernoqoriya qarışıq hər şeydən vacibdir, bunlar bizə qardaşdan da yaxındır”. Bu sözlər sadə fikirlər deyil, NATO xatırlanırsa, elə o qədər də ağırlığı var. Və bu siyasi “sifariş” Rusiya siyasətinə yönəlib. Təbii, burda erməni milyonçuların pullarının da rolu var, Limonov cibində qüvvəsini itirmiş rus rublu ilə Qarabağa səfər etməyib, onun pulları dollarla artıqlaması ilə ödənib və “mahnını sifariş verən”, yəni erməni tərəf qol götürüb rəqsini də oynayır.


- Limonov səngərdən vaxtilə sizin də uğrunda döyüşdüyünüz Gülüstan kəndinə baxıb, 19-cu əsrdə burada imzalanan müqaviləni xatırladıb: Azərbaycanın bölüşdürülməsini. 21-ci əsrdə Qarabağın növbəti dəfə Rusiyaya birləşdirilməsi planımı işə salınıb? Bundan əvvəl Lavrov da “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” demişdi...


- Limonovun Gülüstan kəndinə gətirilməsi (!) də təsadüf ola bilməz. Nə oldu, Dağlıq Qarabağın yaşayış olan kəndlərinə deyil, Qarabağ ərazisi olan, amma keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt aidiyyəti olmayan Ağcakəndin yaşayış olmayan Gülüstan kəndinə gətirdilər, “hörmətli qonağı”? Məqsəd 1813-cü il Gülüstan müqaviləsini yada salmaq , Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi faktını təkrarlayıb, demək ki, “bizim buralara iddiamız Kuril adalarına iddiamızdan artıqdır” və əlavə olaraq “Gülüstan kəndi azad olunmağını gözləyir” xatırlatmaqdır.

“Rusiyanın yolunu Yalamada gözləyib yol göstərməyə hazır olanlara elə bu Limonovun yazısını oxutmaq, bu yazını onların gözünə soxmaq lazımdır”

Bir haşiyəyə çıxım: Gülüstan bizim yaylaq yerlərimiz olub, hələ o kənddən yuxarı Arabaduran yaylağı da. Şəfəqdən, Xarxaputdan yuxarıda yerləşir. Uşaq vaxtı qayalara, ağaclara adımızı yazmışıq. Şəfəqin müdafiəsində iştirak etmişəm, bir sutka mühasirədə qalmışam. Bir az da təsəllim var ki, o yerlərdə təkcə istirahət etməmişəm, həm də vuruşmuşam. O ki, qaldı Qarabağla bağlı Rusiyanın yeni planına, bu yeni deyil, az qala Birinci Pyotrun dövrünə gedib çıxır və indi də davam edir. Gülüstan müqaviləsi 1813-cü ilin oktyabrında imzalanıb. Yadınızdadırsa, məhz 2013-cü ilin 13 oktyabrında Zori Balayan da Vladimir Putinə sicilləmə bir məktub yazmışdı. Məktubda deyirdi ki, “...bir müdrik qərar ver, Vladimir Vladimiroviç, gəl Qarabağa, axı o, sizinkidir”. Nəyə işarədir? Qarabağı alıb bizə vermisən, indi gəl rəsmiləşdir! Bax neçə əsrlik siyasətin çağdaş mərhələsi budur. Lavrovun , Zaxarovanın açıq şəkildə Qarabağın Rusiyanın - ATƏT-in Minsk Qrupunun yox - işi olduğu barədə bəyanatları da bu siyasətin lokomotividir.


- Azərbaycanın bölüşdürülməsini xatırlamışkən bir məqamı da qeyd edək: Limonov Qarabağda rus nişanələrindən bəhs etməklə yanaşı, İranın bu bölgədəki fəaliyyətindən də bəhs edir...


- Bəli, Limonov İranı da yaddan çıxarmayıb. Yazır ki, ən çox qarşımıza çıxan İran seriyalı yük maşınları idi. Limonov soruşanda ki, nə var bu maşınlarda, cavab “hər şey” olub. İranın yekə-yekə “İslam həmrəyliyi” dediyi budur. “Beşinci kolon” deyilir ha, biləsiniz ki, az da deyillər, İranın “ətəyindən tutub ona pənah aparmaq” istəyənlərə, Rusiyanın yolunu Yalamada gözləyib yol göstərməyə hazır olanlara elə bu Limonovun yazısını oxutmaq - ifadəmə görə üzr istəyirəm - bu yazını onların gözünə soxmaq lazımdır! Demək lazımdır ki, alın, görün, ağa bildikləriniz düşmən ermənini necə qoynunda bəsləyir! Təəssüf ki, internetdə Limonovun yazısına baxmaq istəyəndə “sizin ölkədən girişi qadağandır” elanı ilə rastlaşırıq. Kimdən, nədən qoruyuruq bu yazını? Bizim camaat oxuyanda nə deyəcək ki? Rusiyanın, İranın siyasətini bilmirikmi? Rusiyanın, İranın Ermənistanın dostu olduğunu bilirik. Amma bilmək istəyirik ki, bəs bizim dostumuz kimdir? Deyirlər ki, Rusiya, İran bizim də dostumuzdur. Elə isə hanı Qarabağ? Bizim sözümüzü kim deyir, hansı dünya gücü bizim təhlükəsizliyimizə qarantdır?


- Bəs, Türkiyə?


- Türkiyə dünya gücü deyil və özü parçalanma təhlükəsi ilə üz-üzə qalıb, tarixinin gərgin günlərini yaşayır. Bizə əli çatası deyil. Müsəlman ölkələri? Allaha şükür, Qətər böhranı gözümüzün qabağında baş verir. Ukrayna, Gürcüstan da bizim kimi Rusiyanın sayəsində torpaq itkisinə məruz qalıb. Bu gün hər iki dövlətin Qərbin, ABŞ-ın simasında böyük müdafiəçisi var. 2008-ci ildə Sarkozi gəlib Medvedevdən Gürcüstanla müharibəni dayandırmağı tələb etdi. Ukraynaya görə Rusiyaya ağır sanksiyalar tətbiq edilib, bizim kimi arayışla kifayətlənməyiblər. Nə etməliyik? Biz də onlarla dost olmalıyıq. Dostluğun şərtləri, tələbi var - biz demokratik islahatlar etməliyik. Etməsək, bu islahatlarla yaranmış mənfi imicimizi dəyişməsək, nə Qarabağ məsələsinə, nə perspektiv təhlükəsizliyimizə qarant yoxdur!


- Azərbaycan digər təzyiqlərlə də üz-üzədir və son vaxtlar bu haqda çox danışılır. 2018-ci il prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi təzyiq siyasəti hara qədər davam edə bilər? 2013-cü ildəki olaylar hansısa formada təkrarlana, Rusiyaya bağlı hansısa namizəd ortaya çıxa, şimaldan dəstəklənə, “beşinci kolon” hərəkətə keçə bilərmi?


- Rusiyanın təzyiqi hər zaman var, sadəcə olaraq, bunun azalan və yüksələn dövrləri olur və hər dəfə prezident seçkiləri öncəsi Azərbaycana təzyiq etməsi, tələblər irəli sürməsi də yenilik deyil. Amma, 2018-ci il seçkiləri ərəfəsində Rusiyanın təzyiqi hələ başlamayıb. Görünənlərsə jurnaldır, kino - təzyiq qarşıdadır. Bu müxtəlif formalarda özünü göstərəcək. Konkret namizədin simasında təzyiqə hələ vaxt var. “5-ci kolon” həm cəmiyyətdə, həm də hakimiyyətin içindədir. Təzyiqin bir forması, həm də daha təsirlisi Qarabağ cəbhəsidir. Amma, sizi inandırım ki, bunların mahiyyəti “xox” gəlməkdir, real hərəkət deyil. Azərbaycan indiyədək apardığı daxili və xarici siyasətilə Rusiya mövqeyindən kənara çıxmayıb. Rusiyanı qane etməyən nədir ki, Azərbaycanda hakimiyyət dəyişikliyi etsin? Bəzi istəkləri var, amma onların hamısına da əməl etmək mümkün deyil. Elə məsələlər var ki, nə qədər inert, biganə cəmiyyət olsaq da, bəzi qırmızı xətlərin keçildiyi halda reaksiya gözlənilməz ola bilər. Nədir o qırmızı xət, bu, başqa mövzudur.


- Azərbaycan ətrafında belə gərginliklərin yaşandığı bir dövrdə ölkədəki ictimai-siyasi qüvvələrin susqunluğu, bir az da proseslərə seyrçi münasibəti suallar doğurur. Sizcə, təhlükəsizliyimizə, müstəqilliyimizə təhdidlərin olduğu bir dönəmdə ölkədəki düşərgələrin vahid mövqedən çıxış etməsinə ehtiyac varmı, yoxsa seçkilər öncəsi bu, mümkün görünmür?


- Birincisi, ictimai-siyasi qüvvə dedikləriniz məhz illərdir aparılan siyasət nəticəsində susdurulduğundan bu “susqunluq” da təbii qarşılanmalıdır. İkincisi, sizcə, o qüvvələr etiraz edənlərin aqibətini görmürmü? Üstəgəl, cəmiyyətin özünün etiraz çağırışına seyrçi qalması da bu susqunluğu yaradan səbəbdir. Ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə yarandığı halda xalq kütlə şəklində, xaotik, heç bir siyasi tələb irəli sürmədən ayağa qalxa bilərmi? Bu gün mən onu görmürəm. Sabah isə hər şey baş verə bilər. Tunisdə də göysatanın özünü yandırmasına qədər yüzdən çox adam özünü yandırmışdı və heç bir reaksiya olmamışdı. Amma, birində oldu və “Ərəb baharı” adlanıb Liviya, Tunis, Misir kimi ölkələrdə hakimiyyət dəyişikliyinə, Suriyada müharibəyə səbəb oldu. Qorxu və xofla idarə etməyin bir sonu var. Dediyiniz “düşərgələr”in nə elə bir gücləri var, nə də vahid mövqedən çıxış etmək kimi siyasi iradələri. Olmayan şeyin 20 ildən çoxdur davası gedir.


- Administrasiyadakı son struktur dəyişikliklərinin davamlı olacağı, Nazirlər Kabinetini də əhatə edəcəyi barədə təxminlər söylənilir. Siz qarşıdakı dönəm üçün nə proqnozlaşdırırsınız? Ciddi kadr dəyişiklikləri gözləniləndirmi, yoxsa bu addımlar 2018-ci il seçkilərindən sonra atılacaq?


- Struktur dəyişikliyi hələ kadr dəyişikliyi deyil və yeni fiqur(lar) hələ ki bu dəyişiklikdə yoxdur. Nazirlər Kabineti və onun sədri Artur Rasi-zadə hökümətdə nisbətən işlək qurum və rəhbərdir. Sizə qəribə gəlməsin. Artur Rasi-zadə dilimizi pis bilə bilər, səlahiyyəti az ola bilər, amma o, işini bilən və görən kadrdır. Yəqin orda da yaşla əlaqədar müəyyən dəyişikliklər ediləcək. Amma bu, hələ islahat deyil, heç kadr islahatı da saymaq olmaz. Seçkidən sonra atılan addımın effekti olmayacaq. Uğurlu seçki kampaniyası üçün həm struktur - məsələn, ölkədə 9 vilayət yaradıb, rayon icra hakimiyyətlərinin funksiyasını və aparatın sayını azaltmaqla konkret işlər görmək olar. Mən birini dedim - həm kadr dəyişikliyini paralel aparmaq məqsədəuyğundur. Amma, açığını deyim ki, mən yaxın vaxtlar üçün ciddi kadr dəyişikliyini gözləmirəm.


- İlham bəy, bir sıra hallarda Rusiyaya yaxın olan hərbçilər, həmçinin rəsmi vəzifə tutan şəxslərlə bağlı araşdırılmaların aparılması zəruri sayılır. Belə olan təqdirdə KQB arxivlərinin açılması bəlkə daha normal olardı, yoxsa bu, təhlükəlidir?


- Təxminən sualın hansı sarı simə vurulduğuna, cəbhə xəttində baş verən son xəyanətlərdən sonra cəmiyyətdə kimlərin adlarının hallandığına, “5-ci kolon”un mümkün himayədarlarının kimlər olduğuna işarə edildiyini anlayıram. Amma, bu işlərin KQB arxivlərinə heç bir dəxli yodur. Araşdırılsın, amma dedikləriniz barədə arxivdə heç nə yoxdur, yəni bizim əlimizdəki arxivdə bu kateqoriya insanlar haqqında lazımi sənəd tapmayacaqsınız. Onların barəsindəki məlumatlar Rusiyadadır, bizim arxivdə deyil. Fəaliyyətdə olub iş, tapşırıq yerinə yetirənin sənədləri gündəlik seyflərdə olur, arxivə göndərilmir. Federal Təhlükəsizlik Xidməti ABŞ seçkilərinə təsir edirsə, deyirsiniz bizdə adamları olmayacaq? Biz “bərk qoz” deyilik.


- Son zamanların ənənəvi sualını verim: “MTN” işinin sonucunu necə görürsünüz?


-(Gülərək) Gül kimi söhbət edirdik... Jurnalistlərin mənə ünvanladığı ən çox sual budur, mənim də cavabım məlumdur. Molla Nəsrəddinin sözü olmasın “külək belə əsirsə, heç nə”, sonuc olmayacaq. Bir-ikisi intihar edəcək - edib də - bir-ikisinə də iş verib, sonra əfv edəcəklər. Filmin sonu bu küləkdə olmayacaq. Sonu tarix verəcək...
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.