"Bizi Qarabağ məsələsində həm hərbi, həm diplomatik dalana dirəyiblər." - EKSPERT...
18-06-2017, 09:44
Redaksiyamız son günlər ictimaiyyəti maraqlandıran və narahat edən suallarla təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müracət edib.
- Həmsədrlər növbəti dəfə İrəvan yolu ilə Qarabağa gəlib – getdilər. Tezliklə Bakıya gələcəklər. Diplomatların Xankəndinə Ermənistan yolu ilə gəlməsi sadəcə təhlükəsizlik məsələsi ilə bağlıdır, yoxsa Azərbaycanı Qarabağsızlığa öyrətməklə bağlı fitnəkar layihənin tərkib hissəsidir? Bakı bu məsələyə necə reaksiya verməlidir?
- Həmsədrlərin Qarabağa gəlişində hansı yolun seçilməsinin təhlükəsizlik məsələləri ilə bağlılığı yoxdur və problemin həllində də heç bir əhəmiyyət kəsb etmir, amma diplomatik jestdir. Azərbaycana hörmətsizlikdən irəli gəlir. Bu prinsipial məsələdir və şərt olaraq Azərbaycan tərəfdən gərək çoxdan qoyulaydı. Bizi Qarabağ məsələsində həm hərbi, həm diplomatik dalana dirəyiblər. Günahı özümüzdə axtarmalıyıq. Aprel döyüşlərindən sonra Vyanada, Peterburqda biz uğursuz, hətta deyərdim ki, yazıq vəziyyətə düşdük və hələ də çıxa bilmirik. Hakimiyyət yeri gələndə xalqın gücündən istifadə etməlidir. Xalqın Qarabağ məsələsində etirazlarına yaşıl işıq yandırıb, diplomatiyada yararlanmalıdır. Elə belə bir etirazın təşkili diplomatların gəlişinə təsadüf etsin, çox effektli alınar. Ermənistan ötən il yalnız bu tip etirazlarla Rusiyadan istədiyini aldı və almaqda davam edir. Həm silahlanmada arsenalını “İsgəndər” raket kompleksi ilə zənginləşdirdi, həm də Rusiyanın bizə basqılarını çoxaltdı. Bu təzyiq bütün sahələrdə hiss olunur. Rusiyanın da, Ermənistanın da mediasının monitorinqi keçirilsin. Rusiya Azərbaycanın əleyhinə daha kəskin, daha qərəzli mövqedədir, nəinki Ermənistan mətbuatı. Mən ən azı rus dilli erməni mətbuatını izləyən biri kimi deyirəm. İş o yerə çatıb ki, Rusiya mətbuatı hətta bizi İslam həmrəyliyi oyunlarının açılışında guya sünni əzanı səsləndirməklə İrana qarşı olduğumuzu və bütün bunları İsrailin göstərişilə etdiyimizi yazır. Bunu kim yazır? Rus jurnalisti şərqşünas da deyil ki, deyək bu qədər incəliyi bilir. İmza rus jurnalistinin olsa da yüzdəyüz informasiya Bakıdakı rezidentlərdən, içimizdəki 5-ci kalonun nümayəndələrindən gedib. Azanın nə sünnisi, nə şiəsi? Bu araqarışdırma təzyiq deyil də, nədir?
- Sizcə balans siyasəti yürüdən Azərbaycana bu münasibət nədən qaynaqlanır? Axı, Rusiya və ya İranla bağlı Azərbaycan siyasətində indiyədək əks olan bir xətt yürüdülməyib.
- Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Seçki 2018-ci ildəmi olacaq, ya vaxtından əvvəl keçiriləcək, deyə bilmərəm. Amma, təzyiqlərin başlandığını, xüsusilə şimaldan başlandığını deyə bilərəm. Azərbaycan Siz deyən kimi balans siyasəti yürütmür, Azərbaycanın daha çox Rusiyayönümlü siyasət aparmağına baxmayaraq şimal qonşumuz buna da qane olmur. Bizi Ermənistanın iştirak etdiyi, üzv olduğu təşkilatlara cəlb etməyə çalışır. Düşmənlə necə bir ittifaqda olaq? Rusiya enerji məhsullarımızı sərbəst dünya bazarına çıxarmağa razı olmur, qısqanclıqla yanaşır. Avropanı daim enerji asılılığında saxlamaq üçün alternativ layihələri qəbul etmir. Hər şeyi əvəzsiz istəyir. Yəni, Qarabağ problemini həll etmək üçün bizim ona tərəf atdığımız on addımın qarşılığında bizə tərəf bir addım da atmır. Atırsa da, bu dövlətçilik səviyyəsində deyil, konyuktur xarakterlidir və orda da öz maraqlarını güdür, nəinki Azərbaycanın mənafeyini. Cənubdan olan təzyiq həmişəki kimi açıq olmasa da, gizli, məkrli və altdadır. İran Ermənistanın yanındadır. Rus yazıçısı E.Limonov da yazır ki, Dağlıq Qarabağı “hər şeylə” təmin edən İrandır. Limonov kimi bir Azərbaycan düşməni də xüsusi qeyd edir ki, Qarabağ ermənilərini iynə, sapdan tutmuş bütün tələbat mallarına kimi İran təmin edir. Sonra da insanların inancları üzərində təbliğat aparırlar ki, Səudiyyə Ərəbistanı Azərbaycanda şiəliyi ləğv etməyə hazırlaşır. Bütün radikal dindarlar-istər vəhabi olsun, istər sələfi, istər şiə, Azərbaycan dövlətinin, dövlətçiliyinin düşmənləridir. Sualınıza qayıdaraq qeyd etmək istəyirəm ki, bütün bu təzyiqlərin seçkilər ərəfəsində daha da artacağını, içimizdəki əlaltılarının, tez-tez beşinci kalon dediyimiz satqınların fəallaşacağını unutmaq olmaz. Unutmaq olmaz ki, bu ərəfədə dövlətin, dövlətçiliyin ən “böyük dayağı” xalqdır, cəmiyyətə basqılar edib onu qorxutmaqla, daim sıxmaqla, təzyiq etməklə uğur qazanmaq pirr qələbəsidir.
- Necə bilirsiniz, hazırda savaş riski daha böyükdür, yoxsa dünya gücləri bölgədə münaqişənin alovlanmasına imkan verməz?
- Savaş riski var, amma böyük deyil. Apreldəki kimi lokal döyüşlər olması mümkündür. Amma, böyük miqyaslı müharibəyə - yəni Ermənistan və onun dostları Rusiya, İranla təkbaşına müharibə aparmağa imkanımız və gücümüz yetməz. Biz savaşı qalibiyyətlə başa vurmağımıza, ən azı Qarabağın bir hissəsini azad etməyə əmin olmasaq, onu başlayıb uduzsaq, fəlakət olar. Apreldə biz Sərsəng su elektrik stansiyasını, bütövlükdə Tərtərçayın sol sahilini azad etsəydik (plan belə olmalıydı) hərbi qələbəni diplomatik qələbəyə çevirmək asan olardı. Təəssüf ki, olmadı və açığını deyim ki, aprel döyüşlərinin başlanmasının və dayandırılmasının həqiqət pərdəsi Azərbaycan ictimaiyyəti üçün hələ açılmayıb. O vaxt dediyim istiqamət düşmənin zəif müdafiə olunduğu yer idi. Erməni mətbuatı yazırdı ki, “apreldən sonra qonşu dövlətlərin (?) mühəndislərinin köməyilə biz Madagiz ətrafında güclü istehkamlar yarada bilmişik, indi Mardakertə( Ağdərəyə) o qədər güc toplanıb ki, düşmən bir qarış da torpaq ala bilməz”. Əlbəttə, burda təbliğat, dezinformasiya da var, amma həqiqət yükü də az deyil. Bu tip xəbərlər, təbliğatlar bizi savaşdan çəkindirməməli, müharibə ilə torpaqlarımızı azad etmək istəyimizi düşmən hər gün cəbhədə, diplomatiyada hiss etməlidir.
- Amma, erməni tərəf işğal etdiyi yerlərdə məskunlaşma ilə məşğuldur.
- Erməni arxayın olmasa bu işlə məşğul olmaz, ora vəsait yatırmaz. Mayın 10-da Sarkisyan necə deyərlər, lap burnumuzun ucuna - Ağdərənin Tərtərə yaxın yerinə gəlib, mis kombinatına baxırdı. Kəlbəcərdə müasir məktəb açır. Görün erməni Kəlbəcərdə nə qədər məskunlaşıb ki, hələ bir təzə məktəb də tikir. Bu, təkcə Kəlbəcərə aid deyil, Laçın, Zəngilan, Şuşa, Qubadlıda yol çəkir, obyekt tikir, bir sözlə məskunlaşırlar. Bizim bu məskunlaşmaya etirazımız çox zəifdir. Xarici İşlər Nazirliyinin hərdən, yumşaq tərzdə verdiyi bəyanatlar elə bəyanat olaraq qalır. İndiyədək işğal yerlərində bir təzə tikilən obyekti biz dağıtsaydıq, erməni nə orda məskunlaşardı, nə də vəsait yatırmazdı. Erməni görür ki, bizim real müqavimətimiz, məskunlaşmağa qarşı hərbi, dplomatik gücümüz yoxdur, işinə davam edir. Ermənistandan çıxıb gedənlərin statistikası ilə cəmiyyəti arxayın salmaqla nə əldə etmişik? Bu gündən sonra Ermənistanın yarısı da ölkəni tərk etsə, bizə heç kim sinidə Qarabağı qaytarmayacaq. Qarabağda məskunlaşmanın statistikasını ortaya qoyub hərəkət etmək lazımdır. Xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi qarşısında vəzifə qoyulmalı, məskunlaşmanın qarşısını almağın təsirli yollarını müzakirə edib, hərəkətə keçmək lazımdır. Hələ gec deyil.
- İŞİD İranda terror aktları həyata keçirəndən sonra hədəf aldığı ölkələrin adını açıqladı, bu sırada Rusiya da var. Azərbaycanın iki nəhəng qonşusunun bu terrorçu təşkilata hədəf olduğu halda bizi nə gözləyə bilər? Azərbaycan sərhədlərinimi möhkəmləndirməlidir, yoxsa başqa hansısa addımlar atmalıdır?
- Terror sərhəd tanımır, terror siyasətdən yaranır və siyasətə təsir və təzyiq vasitəsidir. ABŞ-da baş verən terror Meksikada da olacaq anlamına gəlməməlidir, o cümlədən Qərbi Avropada – İngiltərədə, Almaniyada, Fransada baş verənlər sabah Sloveniyada, Makedoniyada olacağına işarə deyil. Gördüyünüz kimi də dediyim ölkələrdə bu baş vermir. İŞİD-in hədəfində biz hələ hədə formasındayıq. Hərdən Azərbaycandan İŞİD-ə qoşulanlardan biri bizi çıxıb hədələyir və gələcək planları üçün kəşfiyyat xarakterli addımlar atırlar. Aktiv hədəfdə isə dediyiniz kimi qonşularımızdır. Dalğası bizi tuta bilər, amma biz episentrdə deyilik. Əlbəttə, qəti şəkildə arxayın olmaq olmaz! Bizim adımızın çəkilməməsi aldadıcı manevr də ola bilər. Bu işə ilk növbədə məsul olan DTX, bildiyimə görə ciddi tədbirlər həyata keçirir və əməliyyat şəraitinə nəzarəti gücləndirmək üçün zəruri önləyici addımlar atır. Nə dərəcədə effektlidir, təbii mən bilmirəm, amma peşəkarlıqlarına şübhə etmədiyim bəzi kolleqalarıma arxayın olub bunu inamla deyə bilərəm ki, işin effekti odur ki, düşünülən terror bizdə baş tutmayıb. Bildiyimə görə cəhdlər olub, amma qarşısı vaxtında alınıb.
Moderator.az