“Rusiya sənin xilaskarındırsa, get xilaskarının yanında yaşa, sənə burada yer yoxdur!”
18-06-2017, 12:15
“Arif Rəhimzadə həmişə belə olub, ömrü boyu da belə olacaq. Yəni, o, öz xilaskarı ilə Azərbaycanın xilaskarının fərqini ayıra bilmir. O, özlərinin, yəni, birbaşa Rusiyaya bağlı olanların, Rusiyadan himayədarlıq görənlərin, hər zaman xeyir görənlərin “xilaskarlarını” Azərbaycanın xilaskarlığı ilə eyniləşdirir. O, “Rusiya Azərbaycanın xilaskarıdır” deyəndə, yalnız özlərinin, Rusiyaya birbaşa olanların xilaskarı olduğunu deyir. Bu məqamı tutmaq lazımdır və ona demək lazımdır ki, fikrini belə ifadə etsə daha doğru olar”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deputat Arif Rəhimzadənin Rusiyanı Azərbaycanın xilaskarı adlandırmasına münasibət bildirərkən deyib.
M.Mirəlioğlu hər kəsi Arif Rəhimzadənin səsləndirdiyi fikirlərin arxasındakı təhlükəni görməyə çağırıb:
“Şübhəsiz ki, burada məsələnin başqa bir məqamı var: hazırda bu siyasəti yürüdənlər hakimiyyətin öz içindəki qrupdur, o da həmin qrupun sözcüsüdür. Hakimiyyətin özünün içindəki iş bölgüsündə onların payına da bu iş düşüb. Arif Rəhimzadənin yarım ildə artıq ikinci dəfə belə fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, bu, artıq dövlət siyasətidir. Vətəndaşlarımız, millətini, torpağını, vətənini, Qarabağı düşünən hər kəs bunun fərqində olmalıdır, təhlükəni hiss etməlidir. Rusiya bağlı olanlara da demək lazımdır: “Qardaş, Rusiya sənin xilaskarındırsa, get xilaskarının yanında yaşa! Sənə burada yer yoxdur!”
Partiya sədri onu da vurğulayıb ki, Arif Rəhimzadə bu fikirləri özbaşına səsləndirmir:
“Yox, əgər bunun arxasında hökumət durmursa, bunu durdursun, saxlasın bu siyasəti. Həmçinin, baş qatmaq da lazım deyil, problemlərdən diqqətimizi yayındırmaq ötrüdür bütün bunlar. Arif bəyin kifayət qədər yaşı, başı, təcrübəsi var, məsələləri də kifayət qədər gözəl bilir. Bu məsələlərə də Arif bəy heç vaxt özbaşına getməz. Ürəyində istəyi olsa belə, özbaşına o istəyini ifadə edə bilməz. Yəni ki, mütləq və mütləq arxasında durub bunu ona dedirdənlər var. Azərbaycanı iç savaşına çəkmək istəyənlər var, milləti bir neçə qruplara bölmək istəyənlər var və bu da Rusiyanın siyasətidir”.