“VAXTINDA DEYƏRDİ...” - MÜSAHİBƏ

20-06-2017, 08:31           

Elxan Şahinoğlu: “Metyu Brayzanın bizə yaxşı görünmək üçün vaxtı keçmiş açıqlamalar verməsinə lüzum yoxdur”
“Yeganə güzəştimiz o olar ki, növbəti mərhələlərin birində Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin başlanmasına razılıq verək”


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi məqamlara toxunub. Keçmiş amerikalı vasitəçi deyib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı.

Onun sözlərinə görə, bu, yeganə işlək sənəd idi və münaqişənin həllində fundamental balans yaradırdı: "Problem odur ki, prezidentlər biri-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür.

Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

Metyu Brayzanın sözləri ilə bağlı "Şərq”ə açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, sabiq həmsədr fəaliyyət göstərdiyi zamanda tamamilə fərqli fikirlər səsləndirirdi. Çox zaman isə ikibaşlı açıqlamalar verirdi...

- Brayza deyir ki, münaqişənin həllində liderliyi Rusiya və ya ABŞ öz üzərinə götürməlidir. Sizcə, Vaşinqton Moskvasız, təkbaşına münaqişəni həll edə bilərmi?

- ABŞ təkbaşına Qarabağ münaqişəsinin həllində rol oynaya bilməz, bu, real görünmür. Neçə illərdir ictimaiyyətdə köhnə bir fikir mövcuddur, məncə, bu fikir indiki reallığı əks etdirir. Nə qədər çeynənmiş söz olsa da, əksəriyyət bununla razıdır: - "Münaqişənin açarı Rusiyanın əlindədir”. Əgər Moskva istəsə, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. Rusiya Ermənistana böyük təsir imkanlarına malikdir. Ancaq ABŞ-ın bu cür rıçaqları yoxdur. Amerika düşmən ölkəyə sadəcə maddi yardım edirdi, lakin son zamanlar həmin vəsait kəsilib. Deməli, Ermənistanın Vaşinqtondan ən mühüm asılılığı da ortadan qalxıb. Onu da nəzərə almaq lazımdır ki, ABŞ münaqişənin həllində hələlik maraqlı deyil, eyni zamanda İrəvanın Ağ Evin tələbini icra edəcəyini söyləmək də tezdir. Amma Rusiya Ermənistana desə ki, torpaqları Azərbaycana qaytar, erməni hakimiyyəti bu əmri dərhal icra etməyə məcburdur. Düşmən ölkədə rus hərbi bazaları yerləşir, bu dövlətin sərhədlərini birbaşa Rusiya qoruyur. Fabrik və zavodların böyük əksəriyyəti Kremlin əlindədir. Bu səbəbdən İrəvan Moskvaya "yox” deyə bilməz. Lakin ABŞ-a qeyri-rəsmi formada asanlıqla "xeyr” cavabı verər. Vaşinqton da anlayır ki, Rusiyanın nəzarəti altında olan bir ölkəyə təzyiq etmək mürəkkəb məsələdir.

- Ola bilərmi ki, Metyu Brayza münaqişənin həlli prosesində Rusiya və ABŞ-ın birgə əməkdaşlığını vurğulasın?

- Sabiq həmsədr düşünə bilər ki, ABŞ-Rusiya əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirər. Lakin yenə o məsələ gündəmə gəlir, əgər Moskva birgə çalışmaqda həvəsli deyilsə və münaqişənin həllini istəmirsə, ABŞ-ın səyləri heç bir nəticə verməyəcək. Bütün bunları qoyaq bir kənara. Metyu Brayza keçmişdə həmsədr vəzifəsini icra edib. Səmimi idisə, vəzifədə olduğu dövrdə deyərdi ki, "Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılsın”. Bizə yaxşı görünmək üçün vaxtı keçmiş açıqlamalar verməsinə lüzum yoxdur. İnsan çalışmalıdır ki, hər zaman açıq və doğru söz söyləsin. Ancaq Brayza İrəvanda bir cür danışır, Bakıda tamam başqa söz deyir.

- Bir tərəfdə danışıqlar prosesi ilə bağlı müzakirələr, digər tərəfdə isə cəbhədəki gərginlik və müharibə anonsları... Bu ziddiyyəti necə dəyərləndirirsiz?

- Azərbaycanın hazırkı strategiyası çox doğrudur. Mən bu strategiyaya ad qoymuşam: - "Yorucu müharibə”. Yəni biz böyük müharibəyə başlamaq istəyirik, lakin Rusiyanın təsir imkanlarını nəzərə alaraq, hələlik "Yorucu müharibə” aparmaqla kifayətlənirik. Düşmən əsgərlərinin Dağlıq Qarabağ ətrafında nə işi var?! Ermənilərin bütün postları və canlı qüvvəsi daim hədəfdə saxlanılmalıdır. Necə ki, ötən gün 5-6 erməni əsgəri məhv edildi, o cür də davam etmək lazımdır. "Yorucu müharibə” zamanı hərbi potensialımız artacaq, iqtisadiyyatımız güclənəcək, Ermənistanda isə əksinə, hər şey üzüaşağı gedəcək. Silahlı Qüvvələrimizə milyardlarla pul xərcləyib yeni hərbi texnikaları, silahları ona görə almırıq ki, atəşkəsi qoruyub saxlayaq. Düşmən torpaqlarımızı işğal etməklə bizim rahatlığımızı pozub. Biz də onların rahatlığını pozmalı və daim qorxu altında yaşamağa məhkum etməliyik. Yayılan xəbərlərə görə, 5 əsgərin ölümü erməni cəmiyyətində ciddi çaxnaşma yaradıb. Erməni anaları övladlarının özgə torpaqlarında ölməsinə etiraz edirlər. Azərbaycan isə öz ərazilərinin azadlığı uğrunda mübarizə aparır, bunu heç kim bizə qadağan edə bilməz. Nə ABŞ, nə də Rusiya deyə bilməz ki, "niyə öz ərazinizdə top atırsız”. Hər iki dövlət ərazi bütövlüyümüzü tanıyır. Torpaqlarımızda istənilən hərbi əməliyyatı keçirmək Azərbaycanın öz ixtiyarındadır. Əgər ordumuz birbaşa Xankəndinə doğru gedərsə, o zaman erməni sakinləri bəhanə edərək müdaxilə etməyə cəhd göstərərlər. Lakin milli ordumuzun ətraf rayonlardakı düşmən postlarını neytrallaşdırması heç kimdə reaksiya doğurmamalıdır.

- Sabiq həmsədr iddia edir ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd razılaşdırılmışdı. 2007-ci ildə Azərbaycanın maraqlarına cavab verən hansısa həll paketi hazırlanıbmı?

- Əslində ortaya atılan bütün sənədlər bizə bəllidir. Paketlərin aşağı-yuxarı hamısı eynilik təşkil edir. Demək olar ki, əksər sənədlərdə münaqişənin mərhələli həlli nəzərdə tutulur. Yəni Dağlıq Qarabağ ətrafındakı 5 rayon boşaldılır və məcburi köçkünlər öz doğma yerlərinə qayıdır. Buna paralel olaraq bölgədə sülhməramlı qüvvələr yerləşdirilir. Sonra isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunur. Sadəcə, bütün planlarda bir məqam şübhəli və ziddiyyətli olaraq qalır. Çünki torpaqların boşaldılması status şərtinə bağlanılır. Bizə məcbur edirlər ki, torpaqların boşaldılması ilə yanaşı, bəlli tarixdə Qarabağda referendum məsələsini də həzm edək. Təbii ki, bu tələbi Azərbaycan heç vaxt qəbul edə bilməz.

- Keçmiş vasitəçi deyib ki, tərəflərin güzəştə getməsinə ehtiyac var. İşğala məruz qalmış Azərbaycanın güzəşti nə ola bilər?

- Yeganə güzəştimiz o olar ki, növbəti mərhələlərin birində Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin başlanmasına razılıq verək. Amma bu zaman Qarabağın hər iki yerli icması müzakirələrdə iştirak etməlidir. Edə biləcəyimiz tək güzəşt budur. Amma qarşımızda referendumun konkret tarixi ilə bağlı tələb qoyurlar. Bu həyasız iddia gündəmdə olduğu müddətcə düşmən tərəf heç bir güzəşt görməyəcək.

- Sabiq həmsədr ABŞ Prezidenti Trampı da ittiham edib, münaqişənin həllində ondan ümidsiz olduğunu bildirib. Sizcə, rəhbərlikdə Tramp yox, başqası olsaydı vəziyyət fərqlimi olacaqdı?

- Barak Obamanın dövründə fərqli siyasətin şahidi olduqmu? Axı Obama Tramp deyildi. Corc Buşun və Bill Klintonun dövründə müəyyən təşəbbüslər edildi. Hətta 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində tərəflər arasında görüş keçirildi. Görüşə Amerika tərəfdən dövlət katibi, general Kolin Pauel də qatıldı. O zaman ABŞ bu səviyyədə Qarabağ münaqişəsinə maraq göstərirdi. Təəssüflər olsun ki, ziddiyyətlər ortaya çıxdı və nəticə sıfır oldu. Bir müddət sonra isə Amerika tamamilə prosesdən kənara çəkildi. Barak Obama 8 illik prezidentliyi dövründə bir dəfə də olsun Qarabağ sözünü dilinə gətirmədi. Onun dövründə ABŞ-da görüş keçirilmədi. Belə məqamda Trampdan nəsə gözləməyə dəyməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.