Səhv diaqnozla ölən, evi yanan gülüş ustası – Qızı danışdı
20-06-2017, 10:34
Onunla uzun müddət idi ki, görüşmək istəyirdim. AzTV-də gərgin iş rejiminə baxmayaraq, müsahibə üçün bir vaxt təyin edə bildi. Şəhərin mərkəzində yerləşən mənzilinə dəvət aldım: “Atamın barelyefi olan binaya daxil olarsınız”.
Pillələrlə üçüncü mərtəbəyə qalxıb, Venesiya evlərinə bənzər dar, səliqəli, gül- çiçəklə bəzədilmiş eyvana buruluram. Qapının astanasında zəng edirəm. Üzündə təbəssüm, tələsərək məni qarşılayan xanım Gülnarə Abdullayeva - mərhum xalq artisti Lütfəli Abdullayevin qızıdır.
Əvəzsiz gülüş ustası...
- Atanız kifayət qədər böyük və tanınmış insan idi: Stalin mükafatı laureatı, əvəzsiz gülüş ustası, hamının sevimlisi...
- Atam həqiqətən də əvəzsiz şəxsiyyət olub. Təbii ki, atam təkbaşına bütün ailəni və nəsli məşhur etdi. Onu da qeyd edim ki, anam özü də olduqca kübar və dövrünün sayılıb-seçilən ailələrindən birinin övladı idi. Anamın babası Həsənbəy Ağayev ADR parlamentinin sədr müavini olub, Azərbaycana görə canını vermiş insanlardan biri idi. Əlimərdan bəyin Parisdə olduğu məqamda belə ölkənin idarəetməsini məhz ulu babam həyata keçirirdi - nədənsə onun adı indi bir o qədər çəkilmir. Məhz 28 may günü Tiflisdə imzalanan manifesti Həsənbəy Ağayev elan edib. Məndə hətta karküzarlıq üzvləri tərəfindən imzalanmış sənəd vardır ki, orada açıq-aydın bu barədə göstərilir.
Ulu babam olduqca istedadlı insan olub. O, zamanında Moskvada tibb üzrə təhsil alıb, ilk laboratoriya yaradıb. İlk həkimlərdən idi ki, hipnozla məşğul olub, bu məsələ ilə bağlı onun bir sıra məqalələri var. Hazırda bu ciddi tarixi faktı heç kəsin qeyd etməməsi təəccüb doğurur. Hətta bir dəfə mən Tarix Muzeyində olanda qızım Həsən bəyin şəklini göstərərək, kim oduğunu soruşdu. Cavab isə belə oldu: “Bu şəxs zamanında Azərbaycan hakimiyyəti üzvlərindən biri olub”. Xeyr, o üzv olmayıb, o, Azərbaycanı idarə edən şəxslərdən olub.
Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım tatar knyazlarının nəslindən idi və öz əslini məhz birinci Pyotrun dövrundə Yevekeyevlər - silahdaşıyanlar üzrə ustalar sülaləsindən başlayırdı ki, çar bu üstünlüyə görə nəslin kişilərinə Kadet korpusuna daxil olmağa, qadınlara isə təhsil almaq kimi imtiyazlar verirdi. Birinci Pyotr şəxsən onlara zadəganlıq statusu ilə təltif edərək, müəyyən əraziləri hədiyyə edir və idarəni onlara həvalə edirdi. Anamın anası Xurşud xanım Azərbaycan tarixində ilk qadın musiqiçi olub, o Konservatoriyanın prorektoru işləyib, Moskva konservatoriyasını bitirib və uzun illər Üzeyir Hacıbəyovla birgə çalışıb. Əhməd bəy Pepinov (anamın atası, mənim babam) Azərbaycan Respublikasının Əhalinin Sosial Təminat naziri olub. O, Gürcüstanın Türkiyə ilə həmsərhəd ərazisi olan Çavaxetiya əyalətindən çıxmış əslən məhsəti türkü idi və altı xarici dil bilirdi, Qori seminariyasını müvəffəqiyyətlə bitirmiş şəxs idi. Onun qardaşı Zəki bəy on iki xarici dil bilgisinə malik idi və bu dillərdə sərbəst danışırdı.
- Həqiqətən böyük və nüfuzlu nəsliniz var. Ananızın əsil-nəcabəti ilə bağlı açıqlamanızda artıq Lütfəli müəllimi hardasa unutdum bir anlıq.
- Lütfəli müəllim ulduz idi və yaradıcılıq baxımından öz ailəsində bir ilk olmuşdursa, anamın sülaləsi həm təhsilli, həm alicənab şəxslər idilər. Anam Sevda xanım Pepinova Xarici Dillər İnstitutunda iyirmi beş il ərzində alman dili kafedrasına rəhbərlik edib. Bacım Xurşud Azərbaycanda ilk və yeganə klavesin ifa edən qadındır ki, Roma Papasının şəxsi orqanisti Artur Sxaqettinin yanında təhsil alaraq, sonradan Londonda təcrübə keçib. O, Azərbaycanın əməkdar artistidir, Konservatoriyada professordur.
- Atanız həm də çox xeyirxah adam idi...
- Atam fəxr etdiyim insandır və öz sadəliyi, yaxşılıqlarını gözə soxmaması ilə seçilib. Yalnız onun ölümündən sonra bizə məlum oldu ki, atamız nə qədər ailəyə yardım edirmiş, nə qədər insana köməklik göstərirmiş. Yasında iştirak edən insanlar göz yaşlarını gizlətmədən onun etdiyi yaxşılıqlardan danışırdılar.
Evimizin məşhur Dusyası haqqında kövrəlmədən danışa bilmirəm. Atam onu Malakan bağında köməksiz və dayaqsız görərərək, evə gətirdi və Dusya bizim ailə üzvümüzə çevirildi. Ailəm, xüsusən də atam bu qədər mərhəmətli olublar. Hətta Dusyanın dünyasını dəyişməyini anam qəbul edə bilmirdi və onun ölümündən cəmi bir neçə ay sonra anam vəfat etdi. Maraqlı bir faktdır ki, anam atamın dünyasını dəyişdiyi tarixdə və eyni xəstəlikdən, insultdan dünyasını dəyişdi.
- Atanızın həkim səhlənkarlığlndan dünyasını dəyişdiyi bildirilir. Bu məlumatlar nə dərəcədə doğrudur?
- Əslində, mən bir məqalə oxumuşdum ki, atamı xüsusi iynə ilə öldürüblər. Bütün bunlar yalan və səhv məlumatlardır. Sadəcə olaraq, yanlış diaqnoz idi, ailəmizin həkimi, məşhur Yuli Qusmanın atası bunu dərhal təyin edə bilməmişdi, çünki atamın vəziyyətinin pisləşməsi qəfil baş vermişdi və o zamankı tibbi aparatlar və bilgilərlə onun həyatını xilas etmək və ya ömrünü bir qədər uzatmaq mümkün deyildi. Qusmanın həyat yoldaşı anamla birgə çalışırdı və bizim ailəvi dostluğumuz ona imkan verməzdi ki, bu insanlar bizə qarşı pislik etsin. Azərbaycanda reanimasiya sonralar yarandı, Moskvaya aparmağa isə hətta təyyarə belə hazır idi, sadəcə olaraq, vaxt baxımından çatdırmaq mümkün olmadı. Atam nə siyasətçi idi, nə də hər hansı təşkilat rəhbəri deyildi ki, hansısa bədxahı olsun. Atam sadə həyat tərzinə malik, geniş ürək sahibli, hər kəslə mehriban davranan aktyor idi; onun ölümü heç kimə fayda verməzdi.
- Dəfələrcə qeyd etmisiniz ki, atanızın ölümü xüsusi günlə bağlıdır və bu xüsusi gün məhz ananızın doğum gününə təsadüf edir.
- Bəli. Atam 9 dekabr 1973-cü ildə vəfat etdi. Anamın ad günü, məhz 11 dekabrda isə atamın dəfn olunan günündür. Atam hər zaman anamın ad günlərində ona qeyri-adi hədiyyələrlə sürpizlər etməyi sevərdi. Məhz 1973-cü ilin dekabrında anam dissertasiya işini müdafiə edirdi, ona görə də atamın ad günü keçirmək təklifini bir qədər ləngitməyi xahiş edir. Atam isə cavabında, “baxarsan, məhz bu gün bütün Azərbaycan evimizdə qonaq olacaq” deyir. Həqiqətən də məhz həmin gün bütün Azərbaycan evimizdə yas mərasimində idi.
- Uzun illər ananıza elçi göndərən Lütfəli müəllimin bəxti niyə üzünə gülməyib?
- 1943-cü ildə Bakıda xüsusi talonlarla incəsənət xadimləri üçün yeməkxanalar vardı. Nənəm Xurşud xanım anama bu talondan verir ki, o, bu yeməkxanaya getsin və beləliklə də o, atamla tanış olur. Təbii ki, bu ilk görüşdən yaranan sevgi idi. İlk dəfə atam anamgilə elçilyə Şəmsi Bədəlbəylini göndərir ki, anamı böyüdüb boya- başa çatdıran Xədicə xanım Şəmsi bəyə qəti etirazını bildirir: “Necə ola bilər ki, sən mənim evimə aktyor üçün elçiliyə gələsən? Heç olmasa dram akytoru olardı!” Təbii ki, o zaman ziyalı və tannmış bir ailənin qızının aktyora ərə getməsi məsələsi olduqca qəliz idi. Və bu minval ilə bu elçilik məsələsi düz on beş il uzanır. Mən doğulanda atamın 48 yaşı vardı. Və mən bu sevgi hekayəsindən kövrəlmədən bəhs edə bilmirəm, çünki atama və anama, onların saf sevgilərinə qarşı oduqca böyük haqsızlıq olub, onların itirilmiş illərinin, çəkilən iztirabların əvəzi qaytarılmayıb.
- Elə bir məqam olurmu ki, atanızla dərləşmək, hansısa bir xəbəri bölüşmək istərmisiniz?
- Əlbəttə! Hətta bu yaxınlarda bir özəl məsələ vardı. Atamı yuxuda gördüm. Onunla öpüşüb görüşdük, bir-birimizə sarıldıq. Sonra isə yolla getdik - hər kəs onu tanıyır, salamlaşırdı... Səhər oyandıqdan sonra isə atamın qoxusunu hələ də hiss edirdim. Atamdan hər zaman qızılgül ətri gəlirdi. Mən bacımın yanına getdim, yuxumu danışdım, atamın özəl gün üçün gəldiyini və xeyir-dua verdiyini söylədim.
- Şəkiyə gedirsiniz?
- Bəli. Amma öz evimiz yoxdur Şəkidə. Çünki 1929-cu ildə atamın atası Əmir kişi Şəkidən Sovet hakimiyytinə etiraz olaraq tamamilə köçüb gedib. Mən atamın vaxtı ilə yaşadığı evi tapmışam və inanın ki, darvazaları belə dəyişilməyib. Babam tacir idi və İranla at ticarəti ilə məşğul idi. Sovet hakimiyyətinin gəlişi ilə bu ticarəti itirir və deyir ki, bir gün də olsun, bu hakimiyyətə çalışmayacaq. Bəzən yazırlar ki, guya atam olduqca kasıb və yoxsul ailədən olub. İnandırım sizi ki, atam olduqca zəngin ailədə böyüyüb və heç bir yoxsulluqdan söhbət gedə bilməz. Nənəm də olduqca kübar və zəngin nəslin nümayəndəsi idi, gözəl səs sahibi olub, musiqi bacarıqları varmış.
Ümumiyyətlə isə mən Şəki əhlini, onların adət-ənənələrini çox bəyənirəm. Onlar hətta görünüş baxımından belə heç kimə bənzəmirlər. Şəkidə hər ikinci insan qeri- adi lətifə danışmaq bacarığı və hazırcavablığı ilə seçilir ki, bu da Şəkinin aurasının daha gözəl və təkrarolunmazlığına işarət edir.
- Lütfəli Abdullayevin ev muzeyi varmı?
- Əfsuslar olsun ki, yoxdur. Əslində mənim hazırda yaşadığım ev bacımla aramızda bölünüb. Bu mənzilin atamın ev muzeyi olması üçün nazirlik tərəfindən təklif olaraq bildirilib. Bu məsələnin həyata keçməsi üçün biz başqa mənzilə köçməli idik ki, bacım buna qəti etirazını bildirdi, dedi, mən öz doğma evimdən başqa heç bir yerdə rahat yaşaya bilmərəm. Əslində isə atamın ev muzeyinin məhz Şəki şəhərində olmasını çox istəyərdim. Onun doğulub, uşaqlıq illərinin keçirdiyi, on dörd il yaşadığı evdə artıq başqa ailə yaşasa da, bu evi muzeyə çevirmək dövlət qurumları, Şəki İcra Hakimiyəti üçün heç də çətin iş sayılmaz.
- Qızınızın aktrisa kimi fəaliyyət göstəməsindən məlumatlıyıq. Sizin buna reaksiyanız necə oldu?
- Qızım Mina Seyidməmmədova olduqca unikal və istedadlıdır. Vahid Mustafayevin “Qanlı Yanvar” filmində yer aldığını biləndə buna birmənalı yanaşmadım. Lakin sonradan öz üzərinə düşən işi layiqincə həyata keçirməsi məni sevindirdi. O. hazırda olduqca maraqlı rejissor Vaqif Mustafayevdən dərs alır. İncəsənət və Mədəniyyət Universitetinin tələbəsidir. İlk olaraq isə Bədən Tərbiyəsi Akademiyasını bitirib. Aykido üzrə birinci dan qara kəmər sahibidir. Gözəl esselər, ssenarilər yazır, özünü aktrisa kimi sınayır, xarici dil bilgiləri var. İndi 26 yaşı var və mən sevinirəm ki, o, bu sənətə 17 yaşında yalnız “Lütfəlinin nəvəsiyəm” deyərək gəlmədi, şüurlu şəkildə, öz seçimi ilə yetkin yaşında bu ağır peşəyə yiyələnmək istədi. Oğlum Zəki 19 yaşındadır və Xarici Dillər Universitetinin alman dili fakültəsində dərs alır.
- Lütfəli Abdullayevlə bağlı hər hansı sənədli film və ya kitab təqdimatı həyata keçirmisinizmi?
- “İkinci ömür” adlı sənədli film var ki, hər il AzTV-də atamın doğum günündə yayımlanır. 6-7 il bundan əvvəl yaranan bu film atamın bütün yaradıcılığından bəhs edir. Kitab praktik baxımdan artıq hazırdır və Musiqili Komediya Teatrının müəyyən dövrünü əhatə edir. Bu kitabın ərsəyə gəlməsində böyük əziyyət məhz Şirin Manafovun üzərinə düşür, əsas redaktorluq isə Leyla Abdullayevaya aiddir ki, sözügedən xanım - atamın yaxın qohumlarından birinin qızıdır.
- Bir zaman mətbuatda evinizin yanması ilə bağlı xəbərlər yayılmışdı.
- Bəli, gördüyünüz bu ev büsbütün yanmışdı. Çox hörmətli nazirlərimizdən biri (adını çəkir – red.) bu haqda bilən kimi dərhal öz köməyini göstərdi. Səkkiz ay kirayədə yaşamaq məcburiyyətində qaldıq və yekunda artıq cənab nazirin dəstəyi ilə təmir edilmiş evimizə köçdük. İlk zəng edənlər sırasında nazirimiz Əbülfəs müəllim və Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh xanım oldu. Rəfael Hüseynov (sözügedən deputat ailəmiz haqqında kitab yazmışdır), Fərhad Bədəlbəyli, Filarmoniyanın rəhbəri Murad kimi şəxslərin dərhal baş vermiş vəziyyətə münasibət bildirmələri mənə həyəcandan qurtulmağa yardım etdi. Təbii ki, bu atamın adı ilə bağlı idi. Atam mənim qoruyucu mələyimdir. Əgər həyatımda nə isə pis bir iş baş verəcəksə belə, o sona qədər olmur, haradasa dayanır. Heç bir zaman unutmaram, o zaman çalışdığım Speys TV əməkdaşlarının mənə yardım göndərmişdilər - 150 manat, siyahı da qoymuşdular: Xadimə - 1 manat, bufet işçisi - 2 manat və s. İnsanların bu qədər həssalıq və sevgi ilə gücləri çatan yardımı əsirgəməmələri məni kövrəltməyə bilməzdi. Uzun müddət bu məbləği saxladım. Bu mənim üçün olduqca dəyərli idi.
- Lütfəli Abdullayevlə bağlı hansı maraqlı hadisəni xatırlayırınız?
- Atamın ad günü 22 mart, Şəmsi Bədəlbəylinin ad günü isə 23 fevralda idi. O zaman olduqca bahalı dəri çantada üzqırxan dəbdə idi ki, kimsə bu hədiyyəni atama, o isə Şəmsi müəllimin ad günündə ona hədiyyə etmişdi. Şəmsi müəllim hədiyyəni verən şəxsi unudaraq, yenidən üzqırxan dəstini atama hədiyyə etmişdi. Şəmsi bəyin növbəti ad günündə atam yenidən bu hədiyyəni ona yollayır. Belə bir ənənəvi qayda ilə bu hadisə düz beş il müddətində təkrarlanır ki, sonda Şəmsi müəllimin həyat yoldaşı Leyla xanım bezərək, hədiyyəni qızının həyat yoldaşına bağışlayır.
Bir də bir hadisə danışım sizə. Mən heyvanlara qarşı olduqca həssasam və onlara qarşı hədsiz sevgim var. Uşaqlıqda çöldən bir it tapmışdım. Atam gəldi və bu uzun, pinti, eybəcər iti görüb dedi ki, anam (o mənə həmişə “anam” deyərdi), it istəyirdin - deyərdin alardım da, axı bu it nə gündədir? Dedim ki, yox, Tuzik bizimlə qalacaq. Həqiqətən də Tuzik bizimlə bir evdə yaşadı və dayəmiz Dusya ilə birgə hətta atamın yanına teatra birgə gedirdi.
Bizim evdə hətta qoyun belə yaşayıb. Rayonlardan birində qonaq idik ki, orada atamın şərəfinə kəsiləcək quzunu bacımla xilas edərək, oğurlayıb otağımıza gətirdik və yorğanın altında gizlətdik. Ev yiyəsi atama dedi ki, vallah, ay Lütfəli müəllim, quzu indicə burda idi, hara getdi, bilmədim. Atam işdən agah olaraq, bizim yanımıza gəldi. Biz isə ağlamağa başladıq ki, quzunun kəsilməsini istəmirik. Beləliklə, quzu bizimlə bütün qastrolları rayonlara səfər edirdi və şəhərə qayıtdığımızda eyvanda məskunlaşdı. Təsəvvür edin ki, qoyun var gücü ilə mələyirdi, insanlar eyvanımıza baxaraq elə düşünürdülər ki, bu, atamın növbəti zarafatlarından biridir. Qoyun uzun illər bizimlə birgə yaşadı və yekunda “qocalıb” öldü. Mənim bütün heyvanlarım - ördəklərim və qazlarım kəsilmədən, öz “əcəlləri ilə” ölüblər. Bu sevgim bu gün də davam edir. Ümumiyyətlə isə əgər geniş imkanım olsaydı, mən ehtiyacı olan bütün insanlara əl tutardım və inanın ki, bundan xüsusi zövq alardım, çünki yaxşılıq göstərmək tələbatı genetik olaraq məndə zərurətə çevirilib.
- Gülnarə xanım nə ilə barışmır?
- Anamın ölümünü hardasa qəbul edirəm, atamın vaxtsız gedişi ilə hec cür barışa bilmirəm. Atam bizə qarşı son dərəcə mülayim, amma eyni zamanda da ciddi idi. Yadımdadır ki, hələ uşaq ikən balerina olmağı arzu edirdim və Qəmər xanım Almazzadə mənim əl-ayaq hərəkətlərimi nəzərdən keçirərək, atama dedi ki, onu mənə ver, mən ondan ulduz edəcəm. Atam dedi ki, sən nə danışırsan? Bircə o çatmır ki, qız uşağı səhnədə atılıb düşsün! Bununla da səhnə ilə bağlı bütün məsələlər bağlandı. Hətta bir dəfə o mənə söylədi ki, əgər bilsəm ki, sən aktrisa olmusan, səni lənətləyəcəm. Ümumiyyətlə isə mən rejissor olmağıma baxmayaraq, kameraya qarşı patoloji qorxum var. Bacım Xurşudla artıq hər bir şey bəlli idi ki, o musiqiçi olacaq. Atam mənim şərqşünas olmağımı istəyirdi və digər məsələlərdə heç bir arzu-istəyimizə qarşı çıxmırdı. Əgər zamanı geri çevirmək olsaydı, mən Allahdan atama bir qədər möhlət diləyərdim. Onun həyatda qalması üçün əlimdən gələni edərdim ki, həqiqətən də İlahi ürək sahibi olan bu şəxsi tək ailəmiz, qohumlarımız üçün deyil, bütün Azərbaycan üçün qoruya bilim.