“Ağlıma gəlməzdi ki, bir gün oralardan güllə səsi eşidiləcək...” – Umud Rəhimoğlu

23-06-2017, 23:10           
“Ağlıma gəlməzdi ki, bir gün oralardan güllə səsi eşidiləcək...” – Umud Rəhimoğlu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun Lent.az-da müsahibəsi


– Umud müəllim, sizin əsas ixtisasınız nədir?

– Mən Moskvada Ədəbiyyat institutunun poeziya şöbəsini bitirmişəm.

– Yəqin, yadınızdadır, Ədəbiyyat institutuna qəbul qaydaları necə idi?

– Təbii ki, yaradıcılıq nümunələrini göndərməli idin. Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə mənim də yazılarım Ədəbiyyat institutuna göndərdildi. Seçiləndən sonra imtahan verdim, qəbul oldum.

– Yazılarınız deyərkən... Yəni nəyi nəzərdə tutursunuz?

– Şeirlərimi...

– Şeir kitabınız var?

– Kitab yox, amma almanaxlarda, jurnallarda, qəzetlərdə çap olunan şeirlərim var. Tərcümə olunanları da var.

– Bir kitablıq yoxdur?

– Sözün düzü, əlimin altında çox üzü ağlıqla ortaya qoya biləcəyim bir neçə kitablıq şeirlərim var. Amma o zaman ki, bizim kitablarımız çap olunmalı idi, onda kitab çap eləmək imkanlarım olmadı. O zaman ki, kitab çap etdirmək adiləşdi, onda da mən özüm cəhd eləmədim. Çünki o dövr – 1980-ci illər bizim tərcümeyi-halımızda qırmızı xətlə keçən bir dövr idi. Belə bir vaxtda şeirlərimi üst-üstə yığmaq, kitab kimi cildləyib mətbəələrə qaçmaq haqqını özümə vermədim. Görüləsi daha vacib başqa qayğılar, başqa işlər vardı.

– Görüləsi daha vacib işlər, qayğılar deyəndə nəyi nəzərdə tutursunuz? Öz şəxsi işlərinizi, yoxsa?

– Yox... O vaxt öz şəxsi büdcəm hesabına kitablarımı çap elətdirə bilərdim, amma ətrafımın, çevrəmin o kitaba xərclənən pula ehtiyacı vardı. Dərmanı, çörəyi, çadırı və başqa qayğıları üçün.

– Kitab çap elətdirmir, pulunuzu çevrənizdə olan adamlara xərcləyirdiniz. Belə?

– Təbii ki... O dövrün reallığı bu idi. O dövr elə idi ki, kitab çap etdirmək yox, bu işlərin dalınca qaçmaq lazım gəlirdi. Bilirsiniz ki, 90-cı illərin əvvəlində Azərbaycan informasiya blokadasında idi. Azərbaycanın yeganə informasiya çıxışı Moskvadan idi. Moskva isə bütünlüklə anti-Azərbaycan xəbərlərinin yayılmasına xidmət edirdi. Ancaq təhsil aldığım müddətdə tələbə yoldaşlarım, xaricilər tez-tez məndən soruşurdular ki, nə baş verir? Onları Azərbaycana dəvət edərdim, Qarabağı qarış-qarış gəzdirərdim. O fövqəladə durumda mən təxminən, yüzdən çox jurnalistin Qarabağa səfərlərini təşkil elədim. Evim onlar üçün qalmaq yeri oldu, özüm də onların sürücüsü, bələdçisi...

– Ədəbiyyat institutunda kimlərlə oxuyurdunuz? Tanınmış tələbə yoldaşlarınızdan kimlər vardı?

– Mən rəhmətlik Şaiq Vəli ilə bir yerdə qəbul oldum. Şaiq mənim çox əziz-xələf dostum idi. Təəssüf ki, dünyasını tez dəyişdi, amma çox istedadlı adam, gözəl şair idi. Bundan başqa Maarif Soltan, Saday Budaqlı, Zahid Sarıtorpaq, Murad Köhnəqala, Zirəddin Qafarlı, Nazim Əhmədli...

– Səfər müəllim də?

– Bəli, Səfər Alışarlı... Siyahını uzatmaq olar. Bunların hər biri indi ədəbiyyatda yeri, öz dəsti-xətti olan adamlardır. Ancaq bir şey deyim. Mən yaratdığım bu təşkilatı – Beynəlxalq Avrasiya Mətbuat Fondunu yüz dənə kitabdan üstün bilirəm. Bu təşkilatın Azərbaycanda fərqinə varmırlar. Umudun atasının təşkilatı deyil bu. Bu təşkilat BMT-nin statusunu qazanmış bir təşkilatdır. Yüz ildən sonra da çalışsalar, Azərbaycanda belə bir statusda qurum yarada bilməzlər.

– Maraqlıdır, bəs siz necə yaratdınız?

– Bu da bir şans idi. O zaman bir qurum lazım idi ki, münaqişə bölgələrinə insanların səfərini təşkil eləsin və həmin yerlərdən obyektiv informasiya yaysın. Təxminən, bu missiya, bu məqsədlə 1992-ci ildə təşkilatı yaratdıq. Özü də maddi-texniki bazası olmadan, yalnız könüllülük əsasında formalaşmış bir qurum idi. Düzdü, ideya müəllifi, qurucusu mən idim. Amma təşkilatın yaranmasında 22-dən çox adamın xidməti olub.

– Təşkilatın əsas missiyası nədir?

– Konflikt bölgələrinə, münaqişə zonalarına jurnalistlərin, xalq diplomatlarının, ziyalıların səfərlərini təşkil etmək və həmin yerlərdən obyektiv informasiya yaymaq.

– Umud müəllim, xarici jurnalistlər, xarici dövlət adamlar ilə münasibətlərinizdən tez-tez danışırsınız. Hər dəfə isə onları dostunuz kimi təqdim edirsiniz. Maraqlıdır, dost sizin üçün nə deməkdir? Bir dəfə görüşüb şəkil çəkdirməklə, hər hansı məsələni müzakirə etməklə adam dostmu olur?

– Dostluq mənim üçün müəyyən formalaşmış münasibətlərin üst qurumudur, üst düzənidir, üstüdür. Yəni əvvəlcə müəyyən münasibətlər formalaşır, sonra o rəsmilikdən çıxırsan, ayrı bir ünsiyyət başlayır, buna dostluq deyirəm. Dostluq illərin rabitəsinin nəticəsində formalaşır. Yəni insani münasibətlər qurmaq üçün rabitələrin olması çox vacibdir.

Dostluq geniş məfhumdur. Bizim gənclik dostlarımız olub, tələbə dostlarımız olub, əsgərlik dostlarımız olub, iş dostlarımız olub. Dostluq haqqında hər kəsin bir yanaşması var. Məsələn, bəzən kimsə deyir ki, mənim dostum yoxdur. Ancaq insanın rabitədə olduğu, ünsiyyət bağladığı, güvəndiyi insanlar olur ki, onları bir sözlə də ifadə etmək olar. O söz də dostdur. Dostluq haqqında çox şey sadalamaq olar, çox şərtlər demək olar. Amma elə insanlar var ki, təkcə bir keyfiyyətinə görə də onunla dostluq eləmək olar.

– Sizin rəhbəri olduğunuz Beynəlxalq Avrasiya Mətbuat Fondunun illik hesabat jurnallarına baxdım. Jurnallar başdan ayağa Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda gördüyünüz işlərdən ibarətdir. Sizcə, Azərbaycan həqiqətlərini dünyaya çatdırılması prosesi daha nə qədər davam edəcək?

– Mən sizlə razı deyiləm. Xüsusən, sualın qoyuluşundan razı deyiləm. Bəzən bir ailədə atanın problemindən övladın xəbəri olmur, övladın problemindən atanın xəbəri olmur, qonşunun problemindən qonşunun xəbəri olmur və s. Ölkəmizin bu başından o biri başına gün ərzində iki-üç dəfə gedib-gəlmək olar. Amma Qarabağ böyüklükdə dərddən, Qarabağ böyüklükdə yaradan nə qədər xəbərsiz adamlar var, bilirsiniz?

– Dünyada, yoxsa?

– Yox, hələ Azərbaycanın içərisindən danışıram. İşğal altında olan rayonlarımızın adını say desən, saya bilməyən, işğal tarixindən xəbəri olmayan nə qədər insanlarımız var. Şəxsən beynəlxalq aləmdə çalışan, uğraşan birisi olaraq bir şeyin fərqindəyəm ki, nəyin uğrunda dava aparmışam və sonda insanlara nəyi inandıra bilmişəm. O ayrı bir şeydir ki, dünyada xristian təəssübkeşliyi var, o ayrı bir şeydir ki, supergüclərin maraqları var, o ayrı bir şeydir ki, beynəlxalq təşkilatların illərlə formalaşmış bir strategiyası var.

Qardaş, bizim özümüzün də müstəqil Azərbaycanımızı tanıtdıra bilən strategiyamız formalaşmalıdır. Bizim gənclərimiz, vətəndaş cəmiyyətimiz, mətbuatımız özü hərəkətdə olmalıdır, cəhdlər göstərməlidir. Söhbət ondan getmir ki, cəbhədə tankla, topla savaşmalıyıq. İdeoloji məkanda bir savaş strategiyamızın olması çox vacibdir. Bizdə belə şeylərin zəif olması məni üzür, incidir.

Bəli, mən özüm də böyük salonlarda müharibədən zərər çəkmiş bir adam kimi bəzən çox emosional çıxışlar edirəm, hayqırıram ki, Avropanın gözləri kordur, qulaqları kardır. Hayqırıram ki, dünyanın beynəlxalq qurumları niyə bizi eşitmir, niyə bizə baxmır? Biz dediklərimizi hər gün təkrarlamalıyıq, hər gün bu istiqamətdə çalışmalıyıq. Anladınızmı?

– Deyirsiniz ki, gedib dünyada hayqırıram ki, Azərbaycanın səsini niyə eşitmirsiniz? Heç fikirləşirsiniz ki, bəzən ölkənin də ortasında bir yazıçı hayqırır, səsini eşitmirlər. Bəs bunları niyə dilə gətirmirsiniz? Məsələn, dostunuz Şaiq Vəli övladları ilə birlikdə Yazıçılar Birliyində aksiya edirdi ki, evim yoxdur. Onda Şaiq Vəlinin səsini niyə eşidilmədi?

– Bayaq da dedim, biz Şaiq Vəli ilə çox yaxın dost olmuşuq. Düzü, istəməzdim, söhbəti onun üzərində quraq. Bu gün Azərbaycanda bir bölük insanlar peyda olub ki, onlar öz cızma-qaralarını sığallayıb üst-ütsə yığıb, cildə çevirib, qapılar döyməyə başlayır ki, mənim kitabımı çap eləməyə kömək edin. Çap elətdirəndən sonra isə kitablarını vurub qoltuğuna yenə qapılara düşürlər, pul istəyirlər. Məni ədəbiyyatdan diksindirən bir məqam da budur.

Bəzən də görürsən ki, şeirlərinin yerini dəyişib təzə kitab çap edirlər, yenidən qapılara düşürlər. Belə şairlər, yazıçılar yüzlərlədir. Əlbəttə, söhbət Şaiq Vəlilərdən getmir. Bunlar ona uzaq, yad olan şeylər idi. Sadəcə, qapı-qapı düşən, adamlardan pul istəyən şair və yazıçıların hay-küyünün içərisində Şaiq Vəlilərin harayı eşidilmir. Mən Şaiqin bir çox problemlərinin həllində iştirakçı olmuşam. Şaiq mənim qardaşım idi, ancaq o, özü özünə problem yaradırdı. Axı insanlar niyə özləri özünə problem yaradıb, sonra da kimlərəsə deyir ki, mənə kömək edin?


Bu günlərdə biri gəlib. Deyir, mən filan şey yazmışam, kitabını göstərir ki, tez ol, mənə ev ver. Ay adam, mən ev verənəmmi? Axı ünvanı səhv salmısan. Mənim qonaqlarım var, görüşlər keçirməliyəm, imkan ver, işimi görüm. Əl çəkmir ki, mənim problemimi həll elə. Hər kəs öz yerində olmalıdır, jurnalist öz yerində, şair öz yerində, yazıçı öz yerində, süpürgəçi öz yerində. Hər kəs dövlət üçün çalışmalıdır. Hər kəs Qarabağ boyda dərdimiz üçün yanmalıdır.

Hərə öz vəzifəsini icra etməlidir. Əlbəttə, burda vətəndaş fəallığı da olmalıdır. Problem ondadır ki, insanlarımızın özündə bir biganəlik var. Məsələn, biri köçkündür, amma vəsiqəsi yoxdur. İndiyə kimi bu problemini həll eləməyib. Mən buna nə kömək edim?

– İnsanların vəzifə borcundan danışdınız. Şairin vəzifə borcu nədir? Şeir yazmaq. Elədirmi? Məsələn, Murad Köhnəqala Azərbaycanın ən dəyərli şairlərindən biridir. Şeir yazmaqdan başqa o nə etməlidir ki, yaxşı yaşasın, evi-eşiyi olsun, heç kimə ehtiyacı olmasın?

– Əlbəttə, düz buyurursunuz. Uşaq vaxtı əmim, dayım mənim telimi sığallamayanda küsürdüm, inciyirdim. Anam deyirdi ki, belə şeylərə görə adam adamı silib atmaz. Kəramət, insan onsuz da qüsurları ilə insandır. İnsanı qüsurlarına görə ittiham eləmək olmaz. Onu islah eləməyə çalışmaq lazımdır. Dədə-babamızdan gözəl bir ifadə qalır: “Qanan qanmaza borcludur”. Bir insan nəyisə anlamırsa, gərək onu yola verəsən. Kiçik bir təşkilatın içərisində o qədər problemlər yaşanır, o ki qaldı on milyonluq bir ölkə ola. Bir şairin, yazıçın probleminə görə böyük bir dövləti, müstəqil Azərbaycanı ittiham eləmək olmaz. Mən bunun qəti əleyhinəyəm. Biz dövləti yox, özümüz özümüzü ittiham etməliyik.

Fikir verin, Azərbaycan müxalifəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləyəndə bilirsinizmi haranı seçir? Ya Azadlıq meydanı, ya da Prezident Administrasiyasının qarşısını. Amma bir dəfə görmədim ki, Azərbaycan müxalifəti desin ki, biz filan İcra Hakimiyyətinin qarşısında mitinq eləmək istəyirik. Çünki məqsədləri cəmiyyətin durulanması deyil. Məqsəd odur ki, yuxarıda mən olum. Biz heç zaman məmuru hədəf götürmürük. Məmuru hədəf götürsək, cəmiyyət daha tez durulanacaq. Mən belə bir düşüncənin sahibiyəm.

– Umud müəllim, Qarabağ problemi yarananda 1998-ci ildə doğulan körpələr həyatda yox idilər. Bu şeylər sizi düşündürürmü?

– Kəramət, mən təpədən dırnağa barış adamıyam. Həyatımda bir qarışqa da tapdalamamışam. Millətindən, irqindən, cinsindən asılı olmayaraq, bir insanın haqqını yeməyə özümə haqq vermədim. Verdiyiniz sualın ağır çəkisinin də fərqindəyəm. Amma yaşadığımız reallıqla barışmaq lazımdır. Taleyimiz belədir. Mən qoyun-quzu otardığım yerləri yadıma salıram, heç vaxt ağlıma gəlməzdi ki, bir gün oralardan güllə səsi eşidiləcək. Mən bu gün o yerlərə gedə bilmirəm. Siz bilirsinizmi nə boyda fəlakətdir bu? Fərqindəsinizmi? Ancaq şükürlər olsun ki, bu gün müstəqil Azərbaycan var. Keçmiş SSRİ məkanında öz kövrək ayaqları üzərində dayanmağı bacaran birinci ölkə bəlkə də Azərbaycandır.

– Bəs insanları da kövrək ayaqları üstündə düz dayana bilirmi?

– Qarabağ kimi problemi olan bir ölkədə adamların müstəqilliyindən danışmaq cəfəng bir şeydir. Lazım da deyil. Elə zümrələr var ki, onlara müstəqilliyin verilməsi ölkənin ordusunda, müəyyən strukturlarında Azərbaycanı daha böyük fəlakətlərə sürükləyə bilər. Müəyyən bir filtr olmalıdır. Konflikt olan heç bir ölkədə sizin dediyiniz müstəqillikdən söhbət getmir. Dünyanın Qarabağ kimi problemi olan hər bir ölkəsində fövqəladə rejim tətbiq olunur. Amma bizdə fövqəladə rejim də tətbiq olunmayıb. Ölkənin istənilən yerinə sərbəst gedib-gəlirsən, insanların bir tikə çörəyi var, daha nə lazımdır?

İstəyirsiniz, bir az da açıq danışım. Ölkəmizdə məni rəncidə eləyən problemlərimiz var. Bəzi məmurlarımız yerində deyil, rüşvətxorluq, korrupsiya halları var. İnsanların üzləşdiyi xeyli sayda problemlər var. Ancaq ölkə kimi müstəqilik. Bir söz var, deyir, yüz acını yeyərlər bir şirinin xətrinə. 90-cı illərin əvvəlində Azərbaycan harada idi? Ordu yox, çörək, su yox, insanlar acından ölürdü, ölkə parçalanma təhlükəsi ilə üz-üzə idi. Ancaq bu gün haradayıq, bu gün necə inkişafdayıq, görürsünüzmü? İndi Azərbaycana əl uzatmağa çalışırlar ki, ölkədə başıpozuqluq yaransın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.