Osman Gezeker: “Naxçıvanın “dar gün” üçün saxladığı 3 ton misi vardı”
16-08-2017, 08:43
“Özkaya” paslanmaz polad sənayesi məhsulları şirkətinin sahibi, iş adamı Osman Gezekerin Ovqat.com-a müsahibəsinin III hissəsini təqdim edirik:
http://ovqat.com/manset/7347-heydr-liyevin-dostu-bzn-kohn-dostlarn-laqeydliyin-uzulurm.html)
-Siz mənə çətin vəzifə həvalə edirsiniz. Azərbaycan Türkiyə deyil ki, bir jurnalist istədiyi adamla əlaqə yaradıb onu danışdıra bilsin. Üstəlik, siz mətbuata tam qapalı adamların adını çəkirsiniz. Vasif Talıbov, Bəylər Əyyubov, Şəmsəddin Xanbabayev və s. kimi. Xahiş edirəm, özünüz Xanbabayevlə bağlı həmin xatirəni danışasınız...
-Danışaram, burda elə bir gizli şey yoxdur. Sadəcə, insan özü haqqında danışmaq istəmir. Bir gün Xanbabayev mənə dedi ki, OMON-çuların paltarı yoxdur. Əsgərlərimizə ratsiya lazımdır. Cənab Heydər Əliyev sizinlə əlaqə saxlamağımı və bu məsələni birlikdə həll etməyi mənə tapşırdı…
-Xanbabayev bunu sizə necə dedi? Siz Naxçıvana getmişdiniz, yoxsa, o, Qarsa gəlmişdi?
-Şəmsəddin müəllim məni Naxçıvandan telefonla aramışdı.
-Bu nə zaman olmuşdu?
-Onda Heydər Əliyev Bakıya getmişdi. Milli Məclisin sədri kimi Azərbaycana rəhbərlik edirdi. Xanbabayevə də göstəriş vermişdi ki, döyüşən qüvvələri hərbi sursatla təmin etmək üçün bütün maliyyə imkanlarını səfərbər etsin. O vaxt Naxçıvanda müsadirə edilmiş mis vardı. Xanbabayev alınacaq hərbi sursatın əvəzinə həmin misi təklif edirdi. Deyirdi, cənab Prezident tapşırıb ki, Osmana deyin, o misləri satıb hərbi uniforma və ratsiya alınmasına köməklik göstərsin. Bütün Naxçıvan ratsiya şəbəkəsilə əhatə edilsin.
-Nə qədər hərbi uniforma və ratsiya lazım idi?
-OMON-çulara 150 komplekt hərbi uniforma, ayaqqabı lazım idi. Sağlam rabitə şəbəkəsi üçün də xeyli ratsiya tələb olunurdu. Mən Xanbabayevlə danışıb qurtarandan sonra rəhmətliyə zəng etdim. O da dedi ki, sən ən yaxşısı, Naxçıvana get, orda nə gərəkirsə, təsbit et, o vaxt Muxtar Respublikanın Daxili İşlər naziri vəzifəsində çalışan Ramil Usubovla, Baş nazir Xanbabayevlə görüş, o misləri apar sat, tələb olunan ləvazimatları al. “Baş üstə”, dedim. Sayın Heydər Əliyevin göstərişini dərhal yerinə yetirmək üçün Naxçıvana getdim, amma misləri almadım.
-Niyə almadınız?
Düşündüm ki, rəhmətliyi də, məni də sevənlər və sevməyənlər olur. Bir gün gələr, bu xidmətim səhv anlaşılar, hər ikimizin əleyhinə istifadə edilər. Orda 3 və ya 5 ton mis vardı. Biz bunları alıb Türkiyəyə aparsaydıq, həmin mal dillərdə 5 milyon ton misə çevrilə bilərdi. İttihamların altından qalxmaq mümkün olmazdı. Rəhmətliyin bədxahları “satdılar, Osman bəylə yedilər” deyərdilər. Mənim və onun adı əliəyrilikdə hallandırılardı. Belə bir insanın adının hallanmasını istəmədiyim üçün buna getmədim.
Digər tərəfdən, Naxçıvanın o vaxt dar gün üçün saxladığı 3 ton misi var idi, onu da mən ala bilməzdim.
-Bəs, Naxçıvanın tələb olunan ləvazimatlarla təminatını necə yerinə yetirdiniz?
-Hərbi uniformaları və texniki avadanlıqları alıb Naxçıvana göndərdim. Bunun üçün ozamankı Daxili İşlər naziri olan Əmniyyət Genel müdirimiz Mehmet Ağarla görüşdüm. Hərbi uniformaların parçalarını ondan aldım. Ayaqqabıları və uniformaları Sarıkamışda bir fabrikdə düzəldirdim və Rəşadət Axundov və nehrəmli İbrahimə verdim.
-Bu hansı nehrəmli İbrahimdir? İndiki məşhur biznesmen Hacı İbrahim?
-Yox, mən dediyim nehrəmli İbrahim o zaman yol polisində işləyirdi.
-Bəs, ratsiya məsələsi necə oldu?
-Ratsiya məsələsini də yenə Mehmet Ağar vasitəsilə çozdüm. Problemi onunla bərabər Türk ordusunun Baş qərargahına çatdırdıq. Beləcə, Naxçıvanı ratsiya və digər hərbi texnikalarla təmin etdim. Mənim o vaxt – 1991-93-cü illərdə tanıdığım Azərbaycanla bugünkü Azərbaycan arasında çox böyük fərq var. Amma bəzi şeyləri də unutmaq olmaz. Əhdə vəfa olursa, insanlar bir-birinə sahib çıxar və bundan hər kəs qazanar.
-Eşitdiyimə görə, siz bir ara xeyriyyəçiliklə də məşğul olmusunuz. Həm Azərbaycanda, həm də Türkiyədə bəzi tələbələr oxutmusunuz.
-Bəli, mən həm azərbaycanlı bir neçə tələbəni Türkiyədə, həm də türkiyəli bəzi tələbələri Azərbaycanda oxutdurmuşam. Onlara imkanım çatdığı miqdarda təqaüd vermişəm. Həmin tələbələrdən biri qəlb-damar cərrahıdır. Təhsilini bitirdikdən sonra Azərbaycana qayıtdı və işsiz qaldı. Nəhayət, bir qurumda işə düzəldi və hazırda Türkiyədə təcrübədədir. Mən bütün bunları mənəvi böyüyüm Heydər Əliyevin xatirəsi, ruhunun şad olması üçün etmişəm, edirəm. Məqsədim Azərbaycanda pul qazanıb başqa yerlərdə xərcləmək deyil. Zəngin olmaq üçün Azərbaycana gəlmədim. Amma ac qalmaq, kimsənin qarşısında rəzil olmaq da istəmirəm. Bayaq da dediyim kimi, müxtəlif adamlarda 1.5 milyon alacaqlarım var. Mən onu alsam, düşdüyüm böhrandan rahatlıqla çıxa bilərəm. Dövlət sifarişləri alsam – burda bir çox qurumlarda iş var və mənim verəcəyim təkliflər daha avatajlıdır – Azərbaycana bundan sonra da xidmət edə bilərəm. Demirəm ki, mənə fərqli yanaşılsın, layiq oldum-olmadım, sifarişlər alım. Deyirəm ki, tenderlərə mən də qatıla bilim, ədalətli rəqabət şəraitində kim daha uyğun təklif verirsə sifarişi də o alsın.
-Yəni fürsət bərabərliyi istəyirsiniz?
-Bəli, eynən o cür. Mən fürsət bərabərliyi çərçivəsində bir çox şirkətlərlə azad rəqabət aparmaq istəyirəm. Bura olan bağlılığımı və sevgimi Azərbaycana xidmət edərək daha da möhkəmləndirmək arzusundayam. Çünki mən özümü azərbaycanlı kimi qəbul edirəm. Hər zaman hər yerdə demişəm və yenə təkrarlayıram-mən o tayın insanıyam, siz isə bu tayın. Mən də türkəm, siz də. Aramızda heç bir fərq yoxdur. Eyni doğmalığı, istiliyi də mən sizlərdən görmək istəyirəm.
-Osman bəy, uzun müddət Türkiyədə əmniyyət müdiri işləyibsiniz. Burda da eyni görəvi yerinə yetirsəydiniz…
-Mən burda da əmniyyət müdiri olmuşam. Uzun zaman Türkiyə səfirliyində təhlükəsizlik ateşesi vəzifəsini icra etmişəm. Yəni Türkiyə Daxili İşlər Nazirliyinin burdakı nümayəndəsi olmuşam. Xeyli sayda polisi Türkiyəyə Polis Akademiyasına göndərib yetişdirmişəm. Azərbaycan polis təşkilatının modernləşdirilməsi işində böyük xidmətlərim olub. 1994-cü ildə iki ölkə arasında Təhlükəsizlik və Əməkdaşlıq müqaviləsinin hazırlanmasında yer almışam.
-Nə gözəl. Deməli, Azərbaycan polisinin xarakterinə də vaqif adamsınız. Bizim polislərin nəyi çatışmır?
-Bir az qəliz sual verdiniz. Sevən insan sevdiyinin nöqsanını görməz. Ancaq onun yaxşı tərəflərindən danışar. Bir qüsurunu görsə belə, bunu elə-aləmə car çəkməz. Gedib onun qulağına pıçıldar.
-Pıçıldayıbsınızmı heç?
-Əlbəttə.
-Məsələn, pıçıldayaraq nə demisiniz?
-SSRİ-nin bünyəsində yaranan strukturların ümumi problemi heç kimə sir deyil. Müstəqillik illərində Azərbaycan polisində də SSRİ-dən qalma bəzi nöqsanlar vardı və biz bu nöqsanları aradan qaldırmaq işində öz yardımımızı əsirgəmirdik. Son zamanlar cənab Prezidentin atdığı bir çox addımlar da bu naqislikləri aradan qaldırmağa hesablanıb. Məsələn, “Asan Xidmət” layihəsi Azərbaycanın ən böyük qazanclarından biridir. Yetərlidirmi? Əlbəttə, yox. Amma istənilən naqisliyin ortadan qaldırılması üçün əsas addım siyasi niyyətdir. Siyasi niyyət olarsa, bütün problemlər qısa müddətdə ortadan qalxar. “Asan Xidmət”in yaradılması belə bir niyyətin mövcudluğundan xəbər verir. Vitse-prezidentimiz Mehriban xanımın apardığı bir çox islahatları da hər kəs təqdirlə qarşılayır. Xüsusilə son zamanlar bir çox şeylərin sürətlə dəyişildiyini görürük. Mən də müstəqillik illərindən bəri bu ölkədəyəm. 1991-93-cü illərə qədər Azərbaycanda çörək tapılmırdı. Zor-bəlayla tapdığımız çörəyi isə bir saat içində yesəydik, yeyərdik. Yeməsəydik, quruyub daşa dönərdü. Adamın başına çırpsan, öldürərdi. Mən o zaman yemək üçün çörəyi Qarsdan təyyarə ilə gətizdirirdim – 10 dənə, 20 dənə. Burda soyuducunun buzxanasına qoyub saxlayırdım. Bu gün isə Azərbaycanda cürbəcür çörəklər bişirilir. Mən Türkiyəmizi də kiçimsəmək istəmirəm, amma bu gün burda tapdığımız bir çox şeyləri Türkiyədə belə, tapmaq olmur. Bunlar, təbii ki, dəyişikliyin, inkişafın göstəricisidir. Bununla belə, xətalar da az deyil. Zamanla onların da hamısı düzələcək. Bu inkişafın qarşısını almaq da mümkün deyil, çünki obyektiv əsasları var. Toplumun mədəni səviyyəsi yüksəlir və yüksəldikcə, Azərbaycan da inkişaf edir. Yetər ki, hər şey öz təbii axarında getsin. Dəyişikliklər təkamül yoluyla baş versin, bizdəki 15 iyun qiyamı kimi hadisələr yaşanmasın. Azərbaycanı bu cür xoşagəlməz sürprizlərdən qorumaq lazımdır. Bir ölkənin ən zəif yeri daxili təhlükələrdir. Xarici təhlükələri zərərsizləşdirmək çətin olmur, çünki düşməni gözünlə görürsən. Daxili təhlükələr isə gözəgörünməz olduğundan, daha böyük zərərlər vurur.
-Yadıma Həzrət Həmzənin bir sözünü saldınız: “Allah məni gözəgörünməz düşmənlərdən qorusun. Gözümün gördüyü düşmənlə özüm də bacararam”.
-Bəli, eynən…
Söhbətləşdi: Heydər Oğuz