"Hər dəfə Azərbaycanla bağlı çıxış edəndə 20-30 erməni ilə əlbəyaxa olurdum"- MÜSAHİBƏ

11-09-2017, 08:39           
"Hər dəfə Azərbaycanla bağlı çıxış edəndə 20-30 erməni ilə əlbəyaxa olurdum"- MÜSAHİBƏ
Tanınmış televiziya aparıcısı, yazıçı-publisist, kino redaktoru Orxan Fikrətoğlu ilə geniş müsahibəmiz olub.. Orxan müəllimlə həm efirdə yeni yayımlanacaq “Gecə düşüncələri” proqramı, həm də həyatında üzləşdiyi bəzi çətinliklər haqqında söhbətləşdik. Ədəbiyyat, kino, maarifçiliklə bağlı düşüncələr də öz yerində.

Müsahibənin ikinci hissəsini oxuculara təqdim edirik:

-Orxan müəllim, Speys kanalındakı yeni layihəniz sanki televiziya fəaliyyətinizə yenidən təkan verdi. Ona qədər olan boşluğun əsas səbəbi nə idi?

-Bir ara mən hətta ölkədən getmək istəyirdim. Speys kanalına gələnə qədər iki xarici ölkədən-Rusiya və Türkiyədən təklif almışdım. Moskvaya-oxuduğum Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna gedib təhsil aldığım illərdəki rektorum Tiqorovla görüşdüm. O, həm də Rusiya Yazıçılar İttifaqının sədridir. Vaxtilə Rusiyanın mədəniyyət naziri vəzifəsində də işləyib. Mənə təklif olundu ki, Dünya Ədəbiyyatı İnstitutunda çalışım və orada türk dünyası ədəbiyyatından mühazirələr oxuyum. Əvvəlcə razılaşdım. Lakin sonradan qərara gəldim ki, buradakı cüzi müəllim maaşı ilə nəsə etmək mümkün deyil. Tək özüm birtəhər keçinə bilərəm. Amma mənim ailəm də var deyə, bu, qəti mümkün olmayacaqdı. Mənə təklif olundu ki, Moskvada çox güclü azərbaycanlı iş adamları var, onlardan hər hansı layihə, yaxud, jurnal çapı ilə bağlı maddi dəstək istəmək olar. Amma mən buna razı olmadım. Heç, Azərbaycanda olanda belə şeylərə getməmişəm. Orada uzaqbaşı televiziyada çalışıb, yaşayışımı nisbətən yaxşılaşdırmaq olardı. Amma bu da sonranın işi idi. Odur ki, orada işləyəsi olmadım.

Daha sonra Türkiyənin Antalya şəhərindəki Şimal Sənət Teatrında pyesim qoyulan zaman mənə oradan da iş təklifi gəldi. Amma Türkiyədə də yaşamaq elə həmin səbəbdən mümkün olmayacaqdı. Sizə deyim ki, Azərbaycandakı sosial vəziyyət bəzən, Rusiya və Türkiyədən bəlkə də yaxşıdır. Doğrudur, burada insanlar şikayət edir, amma mən şahidi olduğum bir hadisəni danışım: çox böyük nəşriyyatlardan birinin direktoru məni nahara qonaq dəvət etdi. Qonaq dəvət etdiyi naharda dönər yedilər. Bu, yəqin ki, adətindən yox, cibindən irəli gələn bir tələb idi. Mən də mədəmə görə dönər və o tipli qidalar qəbul edə bilmirəm. Yəni, bu detalda oradakı qələm adamının durumu gizlənir. Beləcə, mən orada da qalmadım. Bakıya qayıtdım və Speysdən təklif aldım. Hazırda bütün diqqətimi Speys kanalında olacaq layihəyə yönəltmək istəyirəm. İnanıram ki, o layihəni tamaşaçılar çox sevəcək. İnanıram ki, verilişə dəvət olunacaq ziyalılar günün konkret mövzusu istiqamətində çox maraqlı və vacib nəticələrə gələcəklər. Bir də siz jurnalist dostlara inanıram ki, verilişin təbliğində və sosial şəbəkələrdəki piarında mənə yardımçı olacaqsınız. Çünki bu gün sosial şəbəkə cəmiyyətə etdiyi diktə ilə həm televiziya, həm kino, həm də ədəbiyyatı qabaqlayır.

-Bədii yaradıcılığınızla televiziya fəaliyyətinizi hər zaman paralel aparmısınız. Son zamanlar hansı bədii yazı nümunələrini qələmə almısınız və gələcəkdə nələri yazmaq fikriniz var?

-Son olaraq, bir neçə kinopovestimdən ibarət kitab çapdan çıxdı. “Azərkitab”da təqdimatı da keçirildi. İrihəcmli “Dəccal” romanım da o kitaba daxildir. Amma yay ayları ərzində 6-7 təzə hekayə yazdım. Düşünürəm ki, həmin hekayələr son dövrlərdə yazdığım ən yaxşı əsərlərdir. Hamısı ədəbi portallarda, mətbuatda işıq üzü gördü.

Amma hazırda böyük bir roman üzərində işləyirəm: “Yüz il Azərbaycan tarixi” adlanır. İndidən həmin roman haqqında danışmaq tezdir, amma istərdim ki, bir neçə bilgi verim.

-Buyurun...

-Hər zaman istəmişəm ki, Azərbaycan tarixinin son yüz illik dövrünü tam gerçəkliyi ilə özündə əks etdirən bir kitab yazım. Amma heç zaman buna vaxt edə bilməmişəm. Ötən əsrin son illəri, çətin dövrlərin hamısı mənim gözlərimin qarşısından keçib. O illərdə baş verən mürəkkəb proseslərin birbaşa iştiraçısı olmuşam. Ağası Hun –o, hazırda İstanbulun Aydın Universitetində dərs deyir- və başqa bir neçə nəfərlə birgə 1984-86-cı illərdə Sovet hakimiyyətinə qarşı qurulan “Çənlibel” təşkilatının əsas üzvlərindən olmuşuq. “Çənibel”in əsas ideyası sovetin idarə üsuluna qarşı idi. Özü də bunu sovet hakimiyyətinin qılıncının qəbzəsinin də kəsdiyi illərdə edirdi. Beləcə, Azərbaycan dövlətinin ilk rüşeymlərinin yaradıcılarından biri olmuşam. 1988-ci ildə Elxan Zal Qaraxanlı “Meydan” adında ilk müstəqil, demokrat qəzeti buraxdı. Onun ilk sayının manşetində mənim “Azadlıq nədir?” adlı yazım getdi. Bu gün Azərbaycanda demokratik jurnalistika anlayışı varsa, onun əsasını qoyanlardan biri də mənəm. Bütün bunların hamısı olub və mən də bu proseslərin içində olmuşam. O illərdə baş verənlər gerçək üzü ilə “Yüz il Azərbaycan tarixi” kitabında öz əksini tapacaq.

-Orxan müəllim, çox maraqlı gəldi. Nə kimi bilmədiyimiz məqamlar həmin kitabda yer alacaq?

-Boris Yeltsin hələ Rusiyada hakimiyyətə gəlməmişdi. Mən də Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyurdum. Çətin mürəkkəb dövr idi. Moskvadakı Lujniki stadionunda Krm tatarları, qaqauzlar, bizlər, bir sözlə, bir çox xalqlar milli hüquqlarının qorunması üçün mitinqlər keçirirdilər. Təəssüf ki, bizim heyət hər zaman azlığı ilə seçilirdi. Buna baxmayaraq, bütün çətinlikləri, baş verəcək hadisələri göz önünə alıb mən də Azərbaycanın mənafeyi üçün çıxış edirdim. O zaman ermənilər də öz heyətləri ilə kənarda dayanmırdılar. Hər dəfə çıxışlardan sonra hər axşam ən azı 20-30 erməni ilə əlbəyaxa davam düşərdi. Çox zaman tək olardım. Bəzən, isə yanımda ancaq bir-iki nəfər. Ağası Hunun yadında olar, həftələrlə gözlərimin göyü çəkilməzdi. Amma mən də idmançı idim, hər halda, onlardan da ən azı 3-4 nəfəri evə xəsarətlə yollanırdı. Bir gün də çıxış etməli idim. Amma bilirdim ki, yenə də çıxışdan sonra münaqişə baş verəcək. Gedib, azərbaycanlıları çağırdım. Hər zamankı yerlərində arın-arxayın gəzirdilər. Onlara dedim ki, çıxış etmək lazım deyil. Heç olmasa, əl çalın, bizim heyətin sayını artırın. Qarabağın Azərbaycanın olması fikrini ora üçün, onlar üçün təsdiqləyək. Qayıdıb mənə dedilər ki, sən profakatorsan. Az qala, azərbaycanlıların özləri mənimlə mübahisəyə girişəcəkdilər. Bütün bunları ona görə misal çəkirəm ki, yarı bioqrafik, yarı tarixi romanda bunların hamısı öz əksini tapacaq.

- Uzun müddət televiziyada günün ictimai-sosial yekunlarını səsləndirmisiniz. Demək olarmı, kitab sizin televiziya proqramlarınızın həm də romanlaşmış variantıdır?

-10 il sərasər günün əsas hadisələrini, ümumi yekununu canlı efir vasitəsilə səsləndirmişəm. Bunun özü ən gerçək tarixdi. Çünki orada nə baş veribsə, olduğu kimi əksini tapıb. Mənim heç bir siyasi baxışım, heç bir partiya mənsubiyyətim olmayıb. Yalnız gerçək olanları göstərməyə çalışmışam. Bunun özü bir tarixdir. Gələcək üçün lazımdır. 10 illik arxivdi, elə-belə şey deyil. Hər günün öz ictimai-sosial mənzərəsi gerçək üzü ilə əks olunub.

-Siz romanınızın “100 il Azərbvaycan tarixi” olduğunu dediniz. Amma daha çox ən yeni tarixdən danışdıq. Bundan əvvəlki tarixi mərhələlər haqqında nələrə güzgü tuutacaqsınız?

-Rus bəzən, bizim mədəni-tarixi sərhədlərimizdə də təhriflər aparıb. Məsələn, Kubaçi misgərləri dedikləri əslində, Şirvanşah mədəniyyətidir. Bu gün o mədəniyyətdən əsər-əlamət qalmayıb. Tarix çox təhrif olunub. Yazırlar ki, guya Şirvanşahlar dövləti qurulan zaman atəşpərəstlik əsas din olub. Bu, tamamilə yanlış faktdı. Əvəzində isə, bəzi real tarixi faktlar yazılmayıb. Əmir Teymurun Şamaxıda əhalini yerlə-yeksan etməsi, şamaxılıların Ağsuya köçülürməsi faktı yazılmayıb. Böyük övliyya, sufi şeyxi Seyyid Yəhya Bakuvinin Əmir Teymurla görüşməsi, onu susdurması və Teymura çox böyük təsir göstərməsi haqqında vacib faktlar verilməyib. Sufi şeyxi Bakuvi bir növ, Teymurun ağzını bağlayır, onu fikrindən tamamilə daşındırır. 40 gün onu özü ilə baş-başa qoyur. Ona insan nədir, Allah nədir, həqiqət nədir məfhumlarını anlaması üçün şərait yaradır. Nəticədə Teymur Şirvanşahlar dövlətini fəth etmir. Bunlar həm də film materiallarıdır. Çox gözəl film layihəsidir.

-Madam ki, gözəl film layihəniz idi, bəs nədən eranlaşdırılmadı?

-Əslində, mənim ideyalarım, layihələrim çoxdu. Amma onların həyata keçməsi üçün ilk növbədə maddi vəsait lazımdır. Bir Turan layihəmiz var idi. Türklər onun ekranlaşması üçün xərclərin yarısını öz boynuna götürdülər. Qalan yarısını da bizimkilər götürməli idi ki, yaxşı film də çəkiləydi. Nağı bəy Şeyxzamanlı ilə Nuru Paşa haqqında film layihəsi idi. Əgər çəkilsəydi, o dövrün əsl gerçəkliyi ilə işıqlandıracaqdı.



-Orxan müəllim, sizin üçün danışdığımız dövrün əsl gerçəkliyi nələrdir, hansı faktlardı?

-Mənim üçün ən böyük gerçək Bakının istiladan azad edilməsidir. Bakının qurtuluşundan şanlı tarix varmı?! Biz bu gün bu şəhərdə arın-arxayın gəzirik. Hər şey əslində, bu tarixi fakta–Bakının qurtuluşuna borcludur. Bizim dövlətçiliyimiz də bu hadisədən sonra daha da gücləndi. Bakının azad edilməsi həm də birlik nümunəsi idi. Bakını təkcə Nuru Paşa azad etməyib ki... Onun tabeliyində Gəncə, Naxçıvan Lənkəran Qarabağ diviziyaları da döyüşürdü. Bakının qurtuluşu birgəliyin əsl nümunəsi idi. Biz Nuru Paşanın timsalında əsl gerçəkliyi gördük. Onu sonradan həbs edib ingilislərə təhvil verdilər. İngilislər də Nuru Paşanı özləri ilə Batuma aparıb, üzünə ölüm hökmü oxudular. Artıq 3 gündən sonra güllələnəcəkdi. Məhz belə bir vaxtda Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli kəşfiyayt idarəsinin rəisi Nağı bəy Şeyxzamanlını çağırır. Ona deyir ki, bizim Nuru Paşaya dövlətçilik borcumuz var, bu, öz yerində, amma bizim Nuru Paşaya həm də kişilik borcumuz var. Mən hopa bəyləri ilə danışmışam. Filan vaxtda, filan yerdə Nuru Paşanı həbsdən qaçırmalısınız. O cür də olur. Nağı bəy hopa bəylərinin köməkliyi ilə Nuru Paşanı həbsdən qaçırır, edamdan xilas edir. Atışma zamanı 3 ingilis əsgəri, bir də bəy ölür.

-Nuru Paşa haqqında maraqlı məsələləri araşdırmısınız. Başqa hansı faktı səsləndirə bilərsiniz?

-Nuru Paşa Bakını azad edən zaman şəhəri istilaçılardan təmizləmək üçün top atmalı olur. Bundan sonra şəhərdəki ermənilər, daşnaklar, qımçaqlar Bakını tərk etməyə başlayırlar. Şəhəri tərk etmək istəyənlərin sırasında başqa bir ölkəyə aid konsulun maşınının olması Nuru Paşanı təəccübləndirir. Özü maşına yaxınlaşıb onu saxlatdırır. Konsulluğun maşınının içindən erməni paşalarını, qımçaq bəylərini görür. Konsula deyir ki, bunları başa düşdük. Bəs sənə nə olub? Sən axı müsəlmansan. Belə işlərə niyə qarışırsan? Konsulu azad edir, amma həmin iki erməni paşasını özü güllələyir.

- Qarşıdan AXC-nin 100 illik yubileyi gəlir. Siz yazacağınız tarixi kitabda bu mövzu ilə bağlı nələrə toxunacaqsınız?

-Bunu kitabı oxuyanda görəcəksiniz...
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.