Nigar Camal: “Ondan eybəcər adam görməmişəm”

2-04-2018, 20:45           

"Ölkə.Az" saytının növbəti qonağı tanınmış müğənni Nigar Camaldır.

Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Loung”-ə təşəkkürümüzü bildiririk.
- Nigar xanım, nə vaxtsa belə bir şöhrətə çatacağınızı gözləyirdinizmi?
- Mənim müğənniliyə həvəsim uşaq vaxtlarımdan olub. Beş yaşımda olarkən, mahnı qrupunun solisti idim. Sonra musiqi məktəbinə daxil oldum. Anamın dediyinə görə, o zamanlar çox sakit bir uşaq olmuşam. Amma nədənsə birdən-birə dəcəlliyə başlamışam. Daha sonra karate ilə məşğul oldum. Bəlkə də dəcəlliyim onunla əlaqədar olub (gülür).
- "Kəklikotu" filmində necə döyüşdüyünüzün şahidi olduq...
- Əslində o filmdə həmin səhnələri dublyor oynamalı idi. Amma məndə də yaxşı alındığına görə, daha dublyora ehtiyac qalmadı. Özüm oynadım və hətta üç barmağım da yerindən çıxdı.
- Bu rolu oynadığınıza görə peşman oldunuzmu?
- Qətiyyən olmadım. Çünki gördüyüm hər bir işi həvəslə görürəm.
- 1997-ci ildə sizi "KVN" komandasının tərkibində gördük. Nə məsələ idi?
- O vaxtlar "KVN" çox populyar idi. Mən də o komandaya düşmək istəyirdim. Deyirdilər ki, sənin ora düşməyin mümkünsüzdür. Amma zaman elə gətirdi ki, rəhmətlik Anar Məmmədxanov məni gördü, bəyəndi və komandaya dəvət etdi. Beləliklə, 1997-ci ildə keçirilən konsertdə komandanın tərkibində mən də yer aldım.
- Bəs niyə o sahəni davam etdirmədiniz?
- Çünki atam o vaxtlar vəzifədə idi və incəsənətin heç bir sahəsində məni görmək istəmirdi. Ona görə də universitetin hüquq fakültəsinə qəbul oldum. Lakin Londona köçəndən sonra tamam başqa bir həyat yaşadım. Günlərin bir günü qərara aldım ki, "Eurovision" mahnı müsabiqəsinin seçim turuna qatılım. Allaha şükürlər olsun ki, arzum reallaşdı. Nəinki seçim turu, hətta sözügedən mahnı müsabiqəsinin qalibi olmağı da bacardım.
- İndi olduğunuz yerdən məmnunsunuzmu?
- Mən həmişə zirvədə olmalıyam kimi bir iddiam olmayıb. Parlayan bir "ulduz" haçansa sönməlidir. Mənim hədəfim "Eurovision"un qalibi olmaq idi. Düzdür, işimdən zövq alıram, amma mən daha fərqli mahnılar, konsertlər, tərtibatlar düşünmüşəm həmişə. Bu istədiklərimin reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.

- Toylara gedirsinizmi?
- Yalnız "elit" toylar, ad günləri olanda gedirəm. Amma toylardan daha çox tədbirlərdə, açılışlarda iştirak edirəm. Həm Azərbaycanda, həm də xarici ölkələrdə.
- Məşhur olduğunuz gündən bu günə qədər hələ solo konsert verməmisiniz. Bu, nə ilə əlaqədardır?
- Bilirsinizmi, konsert vermək üçün yeni mahnılar lazımdır. Mən bir-iki mahnını Türkiyədə yazdırdım, klip çəkdirdim, amma bu, kifayət deyil. Konsert üçün tam hazır olmaq lazımdır. Bu barədə düşünürük, inşallah, alınarsa, gələcəkdə konsert proqramı ilə tamaşaçıların görüşünə gələcəyəm.
- Nigar xanım, belə cəsarətli geyimləri çoxdan geyinirsiniz?
- Yaraşırsa, niyə də geyinməyim. Həm də mən Avropada yaşadığım üçün orada belə geyimlər normal qəbul olunur. Bundan başqa, səhnə vizual olaraq gözəllik istəyir.
- "Eurovision" yarışmasından sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünüz oldu. Həmin görüşdəki təəssüratlarınız barədə danışın...
- Mehriban xanıma mən həmişə kumir kimi baxmışam. Onun zövqünə, xanımlığına heyran olmuşam. Görüşümüzdən öncə çox həyəcanlı idim. Amma onun yaratdığı ortam məni çox rahatlatdı. Özümü öz evimdəki kimi hiss edirdim. Çox xoş söhbət oldu, həmin görüş heç vaxt mənim yaddaşımdan silinməyəcək.
- Kiminsə hansısa bir müğənniyə sponsorluq etməyinə necə baxırsınız?
- Hərənin öz şəxsi həyatı var. Heç kim barədə heç nə deyə bilmərəm.
- Bəs sizə maddi dəstək olan və ya olmaq istəyən biri varmı?
- Mən müsabiqədən sonra o qədər qazanırdım ki, kiminsə maddi dəstəyinə ehtiyacım olmurdu (gülür).
- İndi az qazanırsınız?
- Məsələ az, ya da çox qazanmaqda deyil. Sadəcə olaraq mən bir insanı sevməsəm, nə onunla bir münasibət qura, nə də ondan nəsə gözləyə bilmərəm.
- Hal-hazırda sevirsinizmi?
- Hal-hazırda sevdiyim insan yoxdur. Amma inanıram ki, nə vaxtsa olacaq və mən ailə qurub üçüncü uşağı dünyaya gətirəcəyəm.
- Yoldaşınızdan sonra kimisə sevmisiniz?
- Bəli, bir nəfəri sevmişəm.
- Ümumiyyətlə, sevəndə möhkəm sevirsiniz?
- Çox möhkəm sevirəm.
- Nə olmalı idi, amma olmadı?
- Əslində əvvəllər alınmayanlara görə heyfslənirdim. Amma sonradan başa düşdüm ki, alınmayanlar yaxşı ki, alınmırmış. Çünki hər işdə bir xeyir var.
- Sosial şəbəkələrdə sizə gələn mesajları oxuyursunuzmu?
- Maraqlı mesajlar olanda oxuyuram. Yadımdadır, bir dəfə demişdim ki, yaraşıqlı kişilərdən xoşum gəlmir. Biri yazmışdı ki, yaraşıqlı kişi heç sənə baxmaz. O, yəqin özünü yaraşıqlı hesab edib bu sözü yazmışdı. Amma onun şəklinə baxdım, həyatımda ondan eybəcər adam görməmişdim (gülürük).
- Bədən quruluşunuzdan razısınız?
- Narazı olduğum bir məqam yoxdur. Çalışıram ki, idmanla, pəhrizlə öz bədən quruluşumu stabil saxlayım. Əsas məsələ budur ki, bunu heç kim üçün etmirəm, özümdən xoşum gəldiyinə görə edirəm (gülür).
- Nəyin qarşısında susursunuz?
- Mən çalışıram ki, insanlarla dil tapım. Sonu münaqişəylə bitəcək söhbətlərə girmirəm.
- Dima Bilanla səhnədə göstərdiyiniz performans birmənalı qarşılanmadı...
- Əslində tanqo rəqsini bilənlər bilir ki, sonda etdiyimiz element həmin rəqsin tərkib hissələrindən biridir. Dima Bilanın dayanmağına da baxsanız, orada hər şeyin normal olduğunu açıq-aşkar görərsiniz. Amma mən yayılan söz-söhbətlərə heç bir əhəmiyyət vermirəm.
- Pozitiv olduğunuz qədər, sanki bir az qapalı xasiyyətə maliksiniz...
- Elədir, qapalı olmağım insanları çox yaxınıma buraxmaq istəməməyimlə əlaqədardır. Nə qədər qapalı olsam, bir o qədər dinc olaram.
- Tənhalığı bir günlük də olsa dadmısınız?
- Mən belə başa düşürəm ki, insan o zaman tənha sayılır ki, ətrafında heç kim olmasın. Şükür Allaha ki, valideynlərim, qızlarım yanımdadır və mən özümü tənha hiss etmirəm.
- "Altın kələbək" festifalındakı qaliblər öncədən bəlli olur. Bəs siz qalib olmayacağınızı bilə-bilə niyə getmişdiniz?
- Bizə demişdilər ki, orada bütün məşhurlar olacaq, yüksək tərtibat filan və s. Getdim, amma deyilənlərin heç birini görmədim.
- "Eurovision"dan qazandığınız mükafat indi haradadır?
- İnanırsınız ki, biz yarışmadan sonra onu bir dəfə gördük. İctimai Televiziyanın keçmiş rəhbəri onu bizdən aldı və o gündən bu günə qədər harada saxlandığı barədə məlumatımız yoxdur. Amma çox istərdim ki, bu məsələ araşdırılsın. Çünki bu, Azərbaycanın adına qazanılımış bir mükafatdır. Hər hansı bir muzeyə verilməsi daha düzgün olar.
- Bu il "Eurovision"da iştirak edəcək təmsilçimizi necə dəyərləndirirsiniz?
- Vizual olaraq çox gözəl bir xanımdır. İnanıram ki, bu il də uğurlu yerlərdən birində qərarlaşacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.