"Mən hamını aldada bilərəm, özümü isə əsla"
1-05-2018, 10:05
Tanınmış muğam ifaçısı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynovanın Moderator.az-a müsahibəsini təqdim edirik:
- Nuriyyə xanım, istərdim Azərbaycanda muğam sənətinin bu günki inkişafından danışaq. Muğama verilən dəyər, ifaçılara göstərilən qayğı sizi qane edirmi?
- Son illər muğam sənətində çox irəliləyiş, inkişaf var. Bu inişafı tək muğama aid etmək də düzgün olmaz. Klassik musiqinin istənilən janrına diqqət və qayğı yüksək səviyyədədir. Bu musiqinin bütün dünyada tanınmasında, təbliğ olunmasında da dövlətin bizə böyük dəstəyi olur.
- Bir çox xanım ifaçılarımız üçün Leyli obrazını ifa etmək arzu olub...
- Leylini oynamaq heç vaxt mənim arzum olmayıb. Yəni bunun üçün heç vaxt can atmamışam. Heç kimdən buna görə xahiş etməmişəm. Bu tək Leyliyə görə deyil, ümumiyyətlə heç nəyə görə heç kimə ağız açmamışam. Bu mənim xarakterimdir. Acından ölsəm də heç kimdən kömək istəmərəm və ya bir işim olur, gücüm yetirsə o işi özüm görürəm, yetmirsə heç kimdən də xahiş etmirəm. Bəlkə də gedib görünsəydim, kimdənsə xahiş etsəydim, Leyli və ya başqa obrazlar ifa edə bilərdim. Çünki mənim istər yaşım, istər səsim, istərsə də xarici görünüşüm Leyliyə uyğun idi. rəhmətlik Niyazi jüridə ifaçı kimi məni seçəndə deyirdi ki, artıq bizim Leylimiz hazırdır. Ancaq dəvət etmədilər, mən də kimdənsə xahiş etmədim. Beləliklə də zaman keçdi, artıq mənim Leyli oynayan yaşım da deyil. Ancaq mən indiki vəziyyətimdə də Leyli oynasam heç kim təəccüb etməz. Çünki xarici görünüşüm, səhnə duruşum buna yenə də tam uyğundur. Əksinə, məni görənlər deyir ki, Nuriyyə xanım, sizə sanki bir cavanlıq, təravət gəlib. Ancaq mən hamını aldada bilərəm, özümü isə əsla. Leylini vaxtında oynamaq lazımdır.
- Leyli ifa edənlərin hamısı gənc deyil...
- Bu ifaçılar artıq neçə ildir ki, bu obrazı ifa edirlər. Bu onlarda demək olar ki, adət halını alıb. Ancaq bu mənim xarakterimə ziddir. Zamanında olsaydı başqa məsələ. Ancaq mən artıq özümü orda görmürəm. Düzünü desəm, mən indi Leylini oynasam elə bir səviyyədə oynayaram ki, bu sensasiya olar. Gəncliyimdə Leylini ifa etsəydim başqa cür olardı. Çünki mən çox qapalı bir mühitdə böyümüşəm. Eyni zamanda müəyyən yaş dövrü var ki, insan bir çox şeyi dərk etmir. İllər keçdikcə insan kamilləşir, həyatı daha dərindən dərk etməyə başlayır. Buna görə də mən Leylini indi ifa etsəm daha mükəmməl alınar, nəinki gəncliyimdə.
- Sizcə xanəndə xanım üçün Leyli obrazı bir stimuldur?
- Mən belə düşünmürəm. Mənim üçün Leyli obrazı stimul olmayıb. Hər zaman düşünmüşəm ki, Azərbaycan mədəniyyətinə xidmət yalnız Leylini ifa etməkdən, və ya Opera və Balet Teatrında çalışmaqdan ibarət deyil. Mədəniyyətimizin bir çox qolları var, biz də öz işimizlə, fəaliyyətimizlə buna xidmət edirik. Mədəniyyətdə görünmək üçün yalnız Leyli oynamaq lazım deyil. Mənim Azərbaycan musiqi mədəniyyətində o qədər töhfələrim, o qədər uğurarım var ki, Leyli obrazından qat- qat üstündür. Cavad Xan filmində yaratdığım Şükufə xanım obrazı Leylidən heç də geridə qalmır. Bunula yanaşı hər bir ifa etdiyim muğam dəstgahları məndən bir obraz, bir xarakter tələb edir. Mən də bu obrazı muğamlarımda, ifalarımda göstərə bilirəm. hər bir muğam dəstgahı bir dünyadır.
- Düşünmüsünüz ki, kaş ki, qürurumu yenib mən də nə isə xahiş edərdim...?
- Qürur dediyiniz sonradan insanda yaranmır. Qürurlu dünyaya gəlirsən və bu hiss ilə və ya xarakterlə yaşayırsan. Qürurlu insanlar üçün də yaşamaq hər zaman çətindir. Belə insanlar həyatda nəyə nail olurlarsa zəhmətlə, əziyyətlə və gec nail olurlar. Çünki onlara hər zaman qürurları mane olur. Ancaq mən belə doğulduğum üçün heç də peşman deyiləm. Allahıma şükr edirəm ki, məni qürurlu bir qadın olaraq yaradıb.
- Azərbaycan xanəndələrinin və ya müğənnilərinin əksəriyyətinin gəlir mənbəyi el şənlikləridir...
- Hər bir ifaçının öz tamaşaçı kütləsi var. Mənim də öz tamaşaçılarım, sevənlərim var və məni sevənlər, sənətimə dəyər verən insanlar öz şad günlərində məni görmək istəyirlər. bacardığım qədər onların təklifin yerə salmıram. Onların toylarında iştirak edirəm.
- El şənliklərinə təklif alarkən seçim edirsinizmi?
- Elə yerlər var ki, məni dəvət edirlər. Ancaq o toydan mən milyonlar da qazansam yenə də getmərəm. Çünki maddi cəhətdən çox şeylər qazansam da mənəvi cəhətdən bir çox şeyləri də itirə bilərəm. Bilirsiniz, hər tədbir, hər məclis mənə görə deyil axı. İnsan gərək özünü harda görürsə, harda özünü rahat hiss edirsə orda olsun. Özümü görmədiyim heç bir yerə getmirəm. Bəzən elə məqamlar olur ki, insan hansısa məclisdə iştirak etməyə məcbur olur. Ancaq özün də dərk edirsən ki, sən bura layiq, aid deyilsən.
- Toy repertuarınız fərqlidir?
- Təbii ki, toyun öz repertuarı var. Çalışdığım qədər səviyyəli mahnıları ifa etməyə çalışıram. Bu yaxınlarda məni sevən bir tamaşaçımın övladının toyu oldu. Ramal da həmin toyda idi. Toy sahibi çox xahiş etdi ki, Ramalın repertuarından olan "Aləm gözəl" mahnısını duet şəklində ifa edək. Biz bu mahnını toyda ifa etdik, çox gözəl alındı. Qərara gəldik ki, bu mahnını lentə aldıraq. Bu mahnı da çox bəyənildi və sevildi.
- Hansı məbləğə gedirsiniz toylara?
- Müəyyən bir məbləğ yoxdur. Elə yerlər olur ki, mən ora pulsuz da gedirəm. Elə insanlar var ki, mənim sənətimi çox sevir, ancaq imkanı yoxdur. Mən bu insanlarla qiymət söhbəti etmirəm. İnsanlar məni sevirlər, ancaq imkanı yoxdur. Onların sevgisi də mənim üçün var dövlətdir. Axı hər insanı da sevmirlər. Ancaq baxıram ki, imkanları var və mənim sənətimi də sevir. Bu insanlar da heç mənimlə pul söhbəti etmir və ifamın qarşılığını da artıqlaması ilə verirlər.
- Ailə qurduqdan sonra sənətdən bir müddət uzaqlaşdınız. Indi düşünürsünüz ki, o illəriniz itkiyə gedib. Eyni zamanda həm ailəni həm də sənəti idarə edə bilərdiniz?
- 1987 - ci ildə ailə qurdum. Həmin dövrdə zatən Azərbaycanda siyasi durum stabil deyildi. Buna görə də heç peşman deyiləm. Mən ailəmlə uşaqlarımla zaman keçirdim. Övladlarımın tərbiyəsi ilə məşğul olurdum. 1992 – ci ildə konservatoriyanı bitirdim. Bundan sonra Asəf Zeynallıda dərs deməyə başladım. 1995 - ci ildə Bülbül adına musiqi məktəbində fəaliyyət göstərməyə başladım. Demək olar ki, bu zaman mən yenidən sənətə gəldim. Məcnun Kərimovun, Munis müəllimin təklifi ilə Qədim Musiqi Alətləri Dövlət ansanblında fəaliyyət göstərməyə başladım. Bununla da həm pedoqoji fəaliyyət, həm sənətlə məşğul olmaq, eyni zamanda ailəni idarə etməyə başladım. Əlbəttə, bunların öhdəsindən gəlmək çox çətin idi. ancaq mən qarşıma məqsəd qoymuşdum ki, nə olursa olsun bunu bacarmalıyam və bacardım da. Təbii ki, bu işlərin ərsəyə gəlməsində yoldaşımın da köməyi olub. O mənə icazə verməsəydi, şərait yaratmasaydı, heç vaxt sənətə qayıda bilməzdim. Sənətə görə də heç vaxt ailəmi dağıtmazdım. Bununla yanaşı Allahım mənə kömək olub. Mən həyatda bütün addımlarımı Allahın köməyi ilə atıram. Həyatda tək sirdaşım Allahdır, hər zaman onunla danışıram. Sırf din insanı deyiləm, müasir düşünən, həyata tam fərqli gözlə baxan insanam. Allahı düşünən, onu dərk edərək addımlarımı atıram. Düşünürəm ki, həyatımızda olan bitən hər şeyə o izn verir. Allahəm istəməsə mən bu sənətə qayıda bilməzdim.
- Uğurlu ailə həyatınız var. Bunu nəyə borclusunuz?
- Ailəmin uğurlu olmasını Allahıma borcluyam. Ailəm bu an üçün uğurludur, bu ana qədər qoruyub saxlaya bilmişik. Bu da Allahın izni ilə olub. O dəstək olub ailəmizi qoruya bilmişik. Bundan sonra necə olacaq bunuda Allah bilir. Biz də hisslərimizlə yox ağılımızla hərəkət edirik.
- Ümumiyyətlə, incəsənət adamları ailəni qorumaq üçün ilk növbədə nə etmələdir?
- Ailəni qorumaq üçün ilk öncə səbr lazımdır. İdarə etmək, yola vermək hər insanın işi deyil. Kiçik məişət mövzularının böyüdülməsinə hər zaman qarşı olmuşam. Təbii ki, hər bir insan diqqət, qayğı,qarşılıq istəyir. Sadəcə bir çox şeylərə gözünü kor, qulaqlarını kar edəcəksən. İdeal ailə tanımıram. Yer kürəsində ideal ailə yoxdur ki, ərlə arvad eyni xarakterə sahib olsunlar, hər ikisinin düşüncəsi, dünyaya baxışı eyni olsun. Bu mümkünsüzdür. Əgər ailələr davam edirsə, bilin ki, hər ikisində müəyyən güzəştlər var.
Ancaq əksər hallarda ailələrin uğurlu olmasının səbəbkarı qadınlardır. Qadının evinə bağlılığı, evi bir araya gətirməsi, evdarlığıdır.
- Mütaliəni sevirsinizmi, və ya yorulanda nə ilə dincəlirsniz?
- Tələbəlik illərimdə daha çox mütaliə edirdim. Yay tətilində kəndimizdəki kitabxanadan kitablar götürüb oxuyardım. Bu mənim üçün çox maraqlı olurdu olurdu. Ancaq ailə qurduqdan sonra mütaliəyə elə də vaxtım olmurdu. Son illər H. Cavidin əsərlərinə daha çox diqqət edirəm. Onun kitablarını hərdən oxuyuram. Müasir yazarların da kitablarına boş vaxtlarımda nəzər salıram. Ancaq mən dincəlmək üçün daha çox musiqi dinləyirəm. Həzin musiqidən çox zövq alıram. Dünya klassik musiqilərini dinləyirəm. Ümumiyyətlə hər bir musiqinin bir fəlsəfi tərəfi var. Mən bu fəlsəfi tərəfi axtarıram. Çalışıram oxuduğum kitabda da, dinlədiyim musiqidə də bir məna tapım.
- Müasir ifaçılardan kimləri dinləyirsiniz?
- Müasir ifaçıların sırasında mənim də tələbələrim var. Ramal İsrafilov, Elton Huseynəliyev və bir çoxları var ki, onları dinləyərkən nəzər yetirirəm ki, nəyi düz ifa ediblər, nəyi səhv. Türk sənət musiqisini, türk estradasını da dinləyirəm. Yalan deyərəm ki, bütün günü bir müğənninin ifasına qulaq asıram. Qulağıma tabeyəm. Hansı musiqi xoşuma gəlirsə, həmin an onu dinləyirəm.