İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov: “Öz dini təhsil mərkəzimizi qurmağa çalışırıq”

24-07-2018, 08:47           
İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov: “Öz dini təhsil mərkəzimizi qurmağa çalışırıq”
“Qarşımıza qoyulan əsas vəzifələrdən biri savadlı, zəngin dünyagörüşlü, dərin biliklərə malik ilahiyyatçıların yetişdirilməsidir”
Bu ilin fevralında Azərbaycanda ilk dəfə dövlət ali dini təhsil ocağı - Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Artıq bu ildən instituta qəbul həyata keçiriləcək, təhsil ocağı fəaliyyətə başlayıb. Bir neçə seminar, ilahiyyatçılarla görüş keçirilib, təhsil standartları, tədris planları hazırlanıb. Məqsəd aydındır, yeni institut dövlətin himayəsi altında xarici təsirlərdən uzaq, yerli dini kadrlar hazırlayacaq. Bu isə o qədər də asan iş deyil. Həm də ona görə ki, bu, ilk cəhddir. Elə İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla söhbətimizdə əsasən bu mövzulara toxunduq.

- Ceyhun müəllim, İlahiyyat İnstitutunun təşkili prosesi hansı mərhələdədir? İnstitut fəaliyyətə hazırdır?

- Tədris ili ilə bağlı hazırlıq davam edir. İnstitutun fəaliyyət göstərməsi üçün Təhsil Nazirliyinin tələb etdiyi qayda və təlimatlar var ki, biz onları yerinə yetirməyə çalışırıq. Öncə təhsil standartları hazırlanmalıdır. Bildiyiniz kimi, bizdə iki istiqamət mövcuddur: Dinşünaslıq və İslamşünaslıq. Standartlar hazırlanıb Təhsil Nazirliyinə təqdim olunub. Nazirliklə razılaşdırılıb. Hazırda tədris planı üzərində iş gedir və yekunlaşmaq üzrədir. Ümumən götürdükdə tədris işi, kadr heyəti və sair istiqamətdə işlər sürətlə davam etdirilir. Hesab edirəm ki, tədris ili başlayana qədər bu işləri yerinə yetirə biləcəyik.

- “Açıq qapı günləri” elan etmisiniz. Vəziyyət necədir, maraq varmı instituta?

- İnstitutumuz yeni yaranıb, cəmiyyətdə bu barədə məlumat azdır. Fevralda İnstitut cənab prezidentin sərəncamı ilə yaradılıb, may ayının sonunda rektor təyin edilib. Təhsil müəssisəsi yeni yaradılsa da maraq böyükdür. Tez-tez bizə qəbul şərtləri, kimlərin qəbul ola biləcəyi haqda müxtəlif suallar verilirdi. Buna görə də “Açıq qapı günü” elan etdik ki, suallara aydınlıq gətirək. Gələnlərə müəyyən izahatlar verilir, onları düşündürən məsələlərə aydınlıq gətirilir. Birinci il 60 nəfər qəbul yeri ayrılıb. İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 yer ayrılıb. Hər iki ixtisas tamamilə dövlət sifarişlidir, yəni ödənişsizdir.

- Qarşınıza qoyduğunuz əsas hədəf, ən azı ilkin mərhələdə nədən ibarətdir? Savadlı din xadimi və islamşünaslara olan kadr ehtiyacını təmin edə biləcəksiniz?

- Azərbaycanda və xaricdə dini təhsil mövzusu zaman-zaman cəmiyyətdə geniş müzakirə olunub. Bildiyiniz kimi, təxminən 3 min nəfərə yaxın azərbaycanlı xaricdə təhsil alıb. Eyni zamanda bu günə kimi Bakı İslam Universitetində təxminən 3850, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 819 nəfər dini təhsil alıb. Hesab edirik ki, artıq Azərbaycan bu sahədə müəyyən işlər görə bilər. Bu gün ölkəmizdə bu sahəni güclü bilən savadlı ilahiyyatçılarımız var. Qarşıda dayanan əsas vəzifələrdən biri savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsidir. Burada daha bir məqsəd isə ölkə vətəndaşlarını xarici zərərli təsirlərdən qorumaqdır. Bildiyiniz kimi, sovet dövründə bu sahəyə məhdudiyyətlər vardı, dini ənənə zəiflədilmişdi. Son illərin hadisələri, dünyada baş verən proseslər də bu institutun yaradılmasını zəruri etdi. Cənab prezident də bu ilin fevralında böyük uzaqgörənliklə sərəncam imzalayaraq bu institutun yaradılmasına qərar verdi. Bu da uzun müddət Azərbaycanda həyata keçirilən din siyasətinin məntiqi nəticəsi idi. Azərbaycan özünün dini təhsil sistemini qurmalı idi.

- Azərbaycan müsəlman ölkəsidir, üstəlik, qonşumuzda iki böyük, islami təcrübəsi olan iki ölkə - Türkiyə və İran var. Bura əl-Əzhər, Mədinə universitetləri kimi nüfuzlu mərkəzləri də əlavə etsək, ciddi rəqabət mühitinin olduğunu demək olar. Çətin olmayacaq ki? Üstünlüyünuz varmı və bunlardan necə istifadə etməyi düşünürsünüz?

- Qeyd etdiyiniz kimi, müsəlman dünyasında böyük təcrübəsi olan, uzun illər fəaliyyət göstərən dini təhsil mərkəzləri mövcuddur. Biz fəaliyyətə başladıqdan sonra bir çox xarici universitetlərin o cümlədən İran, Türkiyə, Özbəkistan, Rusiya hətta Oksford və Kembric kimi universitetlərin fəaliyyətini, dini tədris proqramlarını araşdırdıq. Təbii ki, biz yeni yaranmış institutuq, ilk dövrlərdə müəyyən çətinliklərimizin olması labüddür. Üstünlüklərimiz sırasında dövlət ali təhsil müəssisəsi olmağımız, təhsilin ödənişsiz olması, tələbələrə geyim və qidalanma ilə bağlı vəsaitlərin ayrılmasının nəzərdə tutulmasıdır. Çünki xaricdə oxuyan insanların bir çoxu məhz Azərbaycanda dini təhsil pullu olduğu üçün xaricə üz tuturdu. Təbii ki, xaricdəki universitetlərin 100 il və daha çox təcrübəsi var. Ancaq biz də başlamalıyıq, Azərbaycanda imkanlar var, dövlətin dəstəyi və bu işi bacaracaq savadlı kadrlar var. Biz həm də dediyim kimi təcrübəsi olan ölkələrin təcrübəsini öyrənirik. Biz onların təcrübəsini öyrənərək öz sistemimizi qurmaq istəyirik. Bundan başqa, bizim özümüzün də sovetlərə qədər dini təhsil ənənələrimiz olub. Lap qədimlərdə bizim milli dini təhsil mərkəzlərimiz, nüfuzlu alimlərimiz olub. Azərbaycan İslam mədəniyyətinə böyük alimlər bəxş edib. Bərdəi, Beyləqani adı ilə tanınan xeyli sayda nüfuzlu azərbaycanlı alimlər olub. Biz də düşünürük ki, beynəlxalq təcrübəni də öyrənməklə, həmçinin milli adət-ənənələr və yerli reallığı da nəzərə almaqla Azərbaycan nailiyyətlər əldə edə bilər.

- Maraqlı detala toxundunuz. İslam bəşəri bir dindir, amma hər kəs də etiraf edir ki, ölkələrin özünəxas bir dini dəyərləri, ənənələri formalaşır. Bizdə İlahiyyat İnstitutu milli, yəni Azərbaycana məxsus, kənar təsiri olmayan bir dini təhsil təcrübə formalaşdıra biləcəkmi?

- Şübhəsiz. Bir sıra müsəlman ölkələri özlərinəməxsus dini təhsil sistemini qurub. Biz hesab edirik ki, Azərbaycan da öz dini təhsil sistemini qura bilər. Bu gün dünyada ciddi proseslər gedir, dindən siyasi məqsədlərlə istifadəyə cəhdlər var. Əsas hədəflərdən biri də yetişdirilən insanlarda dövlətə bağlılıq, azərbaycançılıq ideyasının və vətən sevgisinin güclü olmasıdır. Eyni zamanda da onların dərin dini biliklərə malik olması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, din xadimi nümunə olmalıdır. Zaman-zaman Azərbaycanda da milli model, Azərbaycanın öz modeli təklifləri olub. Burada söhbət kənar təsirlərdən uzaq, özünü qoruya biləcək, Azərbaycana xidmət edən, azərbaycançılıq ideologiyasını təbliğ edən bir müəssisənin yaradılmasından söhbət gedir.

- İnstitutda fərqli İslam məzhəbləri və təriqətlər hansı formada tədris olunacaq? Bunun düsturu tapılıbmı? Söhbət gələcəyin ilahiyyatçılarından gedir.

- Bildiyiniz kimi, tarixən Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qarşılıqlı anlaşma və sülh şəraitində yaşayıblar. Azərbaycan bu sahədə bir sıra müsəlman ölkələri üçün örnək rolunu oynayır. Bu reallığı nəzərə alaraq institutda bütün İslam məzhəbləri və təriqətləri, onların şəriət ehkamları hər hansı bir ayrı-seçkilik olmadan tədris olunacaq. Bu istiqamətdə artıq işlərə başlamışıq.

- Bildiyim qədəri ilə institutda dünyəvi elmlər də tədris olunacaq. Hansı dünyəvi fənlərin tədrisi nəzərdə tutulub?

- Təhsil Nazirliyinin müəyyən standartları var. Bəzi fənlərin tədrisi məcburidir. Qarşıya qoyulan əsas məqsəd odur ki, İlahiyyat İnstitutunda dini biliklərlə yanaşı dünyəvi elmlər də tədris olunsun. Müsəlman dünyasında müəyyən dövrdə din xadimlərinin ancaq dini biliklərə malik olmasına üstünlük verilib və bu, ciddi problemlər yaradıb. Ancaq biz düşünürük ki, bizim tələbələrimiz dini biliklərlə yanaşı Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, incəsənətini, folklorunu və multikulturalizmini yaxşı bilməlidirlər. Bunların bir qismi fənn kimi tədris olunacaq, bəziləri isə əlavə kurslar, seminarlar şəklində öyrədiləcək.

- Hazırda bütün dünyada din sahəsində, necə deyərlər, durum mürəkkəbdir. Dindən siyasi məqsədlərlə, hətta terrorçuluq məqsədilə istifadə olunur. Buna qarşı Azərbaycanın, belə desək, öz “immuniteti” olmalıdır, daha konkretləşdirsək, bu iş həm də sizin üzərinizə düşəcək. Nələr etməyi, yenilik olaraq, düşünürsünüz? Nəzərə almaq lazımdır ki, siz ilk dövlət ilahiyyat ali məktəbisiniz?

- Qeyd etdiyiniz kimi, bu gün dünyada narahatedici proseslər gedir. Xüsusən də müsəlman ölkələrində son illərdə bunun acı nəticələrini gördük. Prosesləri təhlil etdikdə görürük ki, hazırda dünyada münaqişələrin yaradılmasında ən çox din və etnik amildən məharətlə istifadə olunur. Bu səbəbdən də bütün ölkələrdə dini və milli təhlükəsizliyin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün də inzibati tədbirlərlə yanaşı, maarifçilik işlərinə də ciddi ehtiyac var. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə ciddi işlər görür. Maarifləndirmə işlərində biz də aktiv iştirak etməyə çalışırıq. İnstitutumuz fəaliyyətə başladıqdan sonra 1 konfrans, 10-a yaxın dəyirmi masa keçirilib, bir çox müsahibələr və açıqlamalar verilib. Ancaq görüləcək işlər çoxdur. Bildiyiniz kimi, bir sıra xarici saytlarda, sosial şəbəkələrdə radikalizm təbliğatı aparılır. Biz bu mövzunu müzakirə etdik və ortaq rəy budur ki, radikalizmin yayılmasının kökündə xarici amillərlə yanaşı, cəhalət, savadsızlıq və blilgisizlik dayanır. Ona görə də radikalizmə qarşı mübarizənin əsas istiqamətlərindən biri də geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

- Təbii ki, ciddi rəqabət üçün dəstək lazımdır, ilahiyyat institutunun tələblərə cavab verməsi, rəqabətə davam gətirə bilməsi üçün dövlətin dəstəyi lazımdır. Dövlət o həddə dəstək vermək, yəni institutu güclü bir mərkəzə çevirməyi düşünür?

- Bildiyiniz kimi, müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycanda dini sahədə pərakəndəlik olub. Müxtəlif ölkələr, o cümlədən sektalar, təriqətlər burada iş aparıb, əhalini öz ardıcılına çevirmək istəyib. Azərbaycana qonşu olan ölkələrdə də bu tendensiyalar müşahidə olunub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda situasiya dəyişdi. Din sahəsinə böyük qayğı göstərilməyə başladı. Bu gün bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident böyük uğurla və uzaqgörənliklə davam etdirir. Hazırda dövlət dini ibadət ocaqlarını təmir edir, yenilərini inşa etdirir. Bu gün reallıq ondan ibarətdir ki, dövlət din sahəsinə böyük qayğı göstərir. İlahiyyat İnstitutunun yaradılması və dövlət himayəsində olması bu qayğının təzahürüdür. Bu gün dövlət özü bu işlərin görülməsində maraqlı və təşəbbüskardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.