Avropada millətçilik siyasətdə önə keçir

25-10-2018, 10:04           
Avropada millətçilik siyasətdə önə keçir
“Adətən ölkə təhlükədə olanda və yaxud müharibə zamanı millətçilik güclənir”

Son zamanlar dünyanın əksər ölkələrində, xüsusilə də Avropanın inkişaf etmiş dövlətlərində millətçilik əhval-ruhiyyəsi, millətçilik ideologiyasına əsaslanan siyasi qüvvələrin güclənməsi prosesi gedir. Azərbaycanda isə belə bir proses müşahidə edilmir. Əksinə, sanki millətçilik ideologiyası get-gedə sıradan çıxır. Səbəb nədir? Millətçilik ideologiyası Azərbaycanda nədən siyasi meydanda özünə güclü yer tapa bilmir?

Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, Avropada son dövr millətçillik ideologiyası tərəfdarlarının artması əsasən iki məsələ ilə bağlıdır: “Birincisi, bu, miqrant axını ilə bağlıdır. Kənar dinlərin, dillərin, fərqli mədəniyyət daşıyıcıları həmin ölkələrdə formalaşmış birgəyaşayış normalarına, milli-mənəvi dəyərlərə təhlükə kimi dərk edildiyindən milli dəyərləri qorumaq tərəfdarları artıb. İkinci səbəb isə Avropa Birliyi daxilində millətlərin assimilyasiya təhlükəsi ilə bağlıdır. İngiltərənin Avropa Birliyindən çıxmaq istəməsi də öz milli kimliyini qorumaq, almanların artan nüfuzu və təsiri Avropanın ikinci millətinə çevrilmək təhlükəsi ilə bağlıdır. Dünyadakı bütün millətlərin Avropada yaşamağa can atması, bu yolda canlarından belə keçməyi göz altına alması da avropalılarda özünəhörməti artırır, milli üstünlük kompleksi formalaşdırır.

Azərbaycanda milli ideologiyanın zəifləməsi isə ölkədə yaranmış vəziyyətlə bağlıdır. Millətçilik ideologiyasının daşıyıcısı olan siyasətçilər və siyasi qüvvələrə qarşı uzun illərdən bəri müaşhidə olun kənarda saxlama siyasəti bu qvüvələrin get-gedə zəifləməsi, insanların bu qüvvələrə qoşulmaqdan ehtiyatlanması ilə nəticələnib".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, Avropada və ümumiyyətlə, dunyada millətçilik həmişə olub,var və olacaq. Son zamanlar Avropanın mərkəzində bu cərəyanın artan xətt üzrə getməsi, miqrantlarla bağlıdır: “Suriyadan, Afrikadan, postsovet dövlətlərindən Avropaya güclü axın var. Bu axın özü ilə çoxlu problemler daşıdığından bu problemlər Avropa ölkələrinin yerli qüvvələrində özünümüdafiə instinktini gücləndiri. Nəticədə millətçilik ideologiyasına əsaslanan qüvvələr güclənir.

Azərbaycanda da vaxtilə torpaq isğalına qarşı, sovet imperiyasına qarşı millətçi siyasi xətt meydana gəlmişdi və bir müddət sürətlə güclü mövqelərə sahiblənmişdi. Məhz millətçiliyin gücü idi ki, xalq hərəkatı yarandı və müstəqillik qazandıq. Lakin təəssüf ki, 1990-cı illərin sonlarından başlayaraq sanki cəmiyyət özünün millətçilik duyğularını itirməyə başladı. Millətçi ideologiyaya əsaslanan siyasi qüvvələrin nümayəndələrinin basqılara məruz qalması, müharibənin atəşkəslə əvəz olunması, müstəqillik hərəkatının artıq arxada qalması və digər faktorlar millətçiliyin zəifləməsinə səbəb oldu. Təəssüf ki, hələ də bu vəziyyət davam edir. Adətən ölkə təhlükədə olanda və yaxud müharibə zamanı millətçilik, millətçilik ideologiyasına əsaslanan siyasi qüvvələr güclənir. Bizdə isə millətçiliyin deqradasiyası baş verib. Bunun özü də zərərli tendensiyadır. Qarabağ müharibəsi hələ bitməyib. Ona görə də bizə millətçilik ideologiyasının güclü olması lazımdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.