Kaşıkçı cinayətinə rəğmən, “Səhranın Davosu”nda 56 milyard dollarlıq razılaşma – “Son sözü pul dedi, Kaşıkçının qanı batdı”
27-10-2018, 07:25
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşkilatçılığı ilə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən “Səhranın Davosu” adlandırılan “Gələcəyə İnvestisiya Konfransı”nda (FII) Qərbin üzdə boykot eləməsinə rəğmən, 56 milyard dollarlıq müqavilə imzalanıb.
Səudiyyə Ərəbistanının enerji naziri Halid el-Falih, 3 günlük konfrans boyunca 56 milyard dollar dəyərində 25-dən artıq razılaşma imzalandığını bildirərək deyib: “İmzalanan müqavilələrin əksəriyyəti ABŞ şirkətlərinə məxsusdur. ABŞ Səudiyyə iqtisadiyyatının mühüm bir parçası olmağa davam edəcək, çünki bizi maraqlandıran mənfəətlər konfransın uğursuz boykot kampaniyası ilə zəiflədilmək cəhdindən daha böyükdür”. Beləliklə, Camal Kaşıkçının İstanbulun Səudiyyə Ərəbistanının konsulluğunda vəhşicəinə qətlə yetirilməsindən sonra dünyaca məşhur siyasətçi və sahibkarların bu konfransı boykot eləməsi milyardlarla dollarlıq investisiyanın qoyulmasında maneə olmayıb. Konfransdan sonra dünya mətbuatında “Yenə əsas sözü pul dedi” şərhləri verilib.
Dünya nəhəngləri ilə 25 müqavilə imzalandı
Konfransda Səudiyyə Ərəbistanı ilə Trafigura, Total, Hyundai, Norinco, Schlumberger, Halliburton kimi şirkətlər arasında neft, təbii qaz, sənaye və başqa sektorlarda 25 müxtəlif müqavilə imzalanıb.
Bokyotçular
Fransanın iqtisadiyyat naziri Bruno Le Mer, “BNP Paribas” bankının direktorlar şurasının sədri Jan Lemyer (o həm də 2000-2008-ci illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti olub) və “Societe General” bankının baş direktoru Frederik Oudea (həmçinin 2015-ci il yanvarın 1-dən Avropa Bank Federasiyasının prezidentidir) konfransda iştirak eləməkdən vaz keçdiklərini açıqlamışdılar.
Beynəlxalq Valyuta Fondunun (IMF) sədri Kristin Laqard (əvvəllər Fransanın maliyyə və iqtisadiyyat naziri olub) da dünən verdiyi açıqlamada konfransda iştirak eləməyəcəyini bildirmişdi.
“Vaşonqton Post” qəzetinin səudiyyəli əməkdaşı Camal Kaşıkçının aqibətinin naməlum qalması səbəbindən ABŞ-ın ən böyük maliyyə təşkilatlarından olan “JP Morgan Chase” təşkilaının baş direktoru Ceyms Daymon, “Blackrock”un baş direktoru Lourens Fink, London birjasının baş direktoru Stepan Şvarsman və digərləri həftənin əvvəlindən bəri Riyaddakı konfransda iştirak eləməkdən vaz keçdiklərini bildirmişdilər.
New York Times, CNN, CNBC, Financial Times, Huffington Post və Bloomberg konfransın sponsorluğundan imtina edən və ya iştirak eləməyəcəyini bildirən təşkilatlar siyahısındadırlar.
Rusiya 5 milyard dollarlıq imza – Ermitajın Səudiyyədə şöbəsi açılacaq, birlikdə Arktikada neft axtaracaqlar
İngiltərənin “Tayms” qəzeti Rusiya ilə Səudiyyənin konfransda Rusiyanın Arktika bölgəsində 5 milyard dollarlıq investisiya razılaşmasını imzaladığını bildirib. Konfransda Rusiyanın Ermitaj muzeyinin Səudiyyə Ərəbistanında şöbəsinin açılması ilə bağlı müqavilə imzalanıb. Şahzadə Salman rus və çinli sərmayədarlara təşəkkür edərək “artıq əsl dostlarımızın və düşmənlərimizin kim olduğunu bilirik” deyib.
Hurriyyet.org