Nikol Bakı ilə razılaşıb, daha sonra isə... – Vəlizadə
6-03-2019, 08:12
Paşinyan bir-birinə zidd bəyanatları ilə açıq-aşkar danışıqlar prosesini və xarici işlər nazirlərinin liderlərin görüşü ilə bağlı əldə etdiyi razılaşmanı pozur. O, bütün vasitələrlə çalışır ki, bu görüş baş tutmasın.
Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, bu, analoqu olmayan bir vəziyyətdir:
“Paşinyan şərti olaraq görüş ərəfəsində Azərbaycanın üzərinə böhtanlar atır və Bakını danışıqlar prosesini yubatmaqda günahlandırır. Təkbətək danışıqlar ərəfəsində bu cür böhtanlar danışıqları pozmaq cəhdidir. Təbii ki, bu da səbəbsiz deyil. Hətta İrəvanın İranda son təxribatları təsadüfi deyil. Aydındır ki, Paşinyan rəsmi görüşdən və Bakı ilə üzləşməkdən qorxur”.
Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə liderlərin görüşü baş tutmaya da bilər:
“Azərbaycana qarşı görünməmiş təxribatların başında duran, diplomatik təcrübəsi olmayan və küçə metodları ilə hərəkət edən biri ilə Qarabağ kimi bir həssas məsələnin müzakirəsi heç bir fayda verməz. Bu mənada bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Bu, əslində Minsk Qrupuna bir işarədir və hesab edirəm ki, nəhayət onlar gözlərini açıb real vəziyyəti təhlil etməlidirlər. Çünki Paşinyan son bəyanatları ilə Minsk Qrupunun işini şəksiz heçə endirib və onları pis vəziyyətdə qoyub. Belə bir rəhbərlə danışıqları aparmaq qeyri-mümkündür. Paşinyan bu gün bir söz deyir, sabah isə onu təkzib edir. Belə çıxır ki, İrəvan Bakı ilə razılaşıb, daha sonra onu asanlıqla poza bilər. Paşinyan nə qədər ki məsələyə qeyri-ciddi yanaşır, danışıqlar prosesindən nəsə gözləməyə dəyməz”.