“İstərdik prezidentlə görüşək” - QHT sədri
6-03-2019, 09:09
Azərbaycan hökumətinin “fevral inqilabı” kimi xarakterizə edilən son sosial dəyişikliklərin davamı olaraq siyasi hərəkətlənmə də gözlənilir. Müşahidəçilərin fikrincə, iqtidarın sosial-iqtisadi açılımı siyasi müstəvidə öz əksini tapa bilər. Xüsusən Novruz bayramı ərəfəsində gözlənilən böyük əfv fərmanına bir çox siyasi məhbus elan edilmiş dustaqların düşməsi istisna edilmir.
Çünki hakimiyyətin son davranışlarının və prezidentin verdiyi fərmanların, qərarların məntiqi davamı olaraq siyasi fazada da ciddi yumşalmalar, dəyişikliklər olmalıdır. İddia olunur ki, siyasi reformaların başlanğıcı olaraq sabiq səhiyyə naziri Əli İnsanov əfv edilə bilər.
14 ildir ki, həbs həyatı yaşayan eks-nazirlə bərabər vicdan məhbusları kimi tanınan digər dustaqlar da azad oluna bilərlər.
Hazırda Əfv Komissiyası işləyir, hüquq müdafiəçiləri öz siyahılarını təqdim ediblər, nəzərlər prezidentdədir və bayramqabağı əfv fərmanına kimlərin düşəcəyi intizarla gözlənilir.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, məhkəmə-hüquq sistemində ciddi islahatlar başlanıb: “Bu islahatlar davam edəcək, prezident də məhkəmə sistemində dəyişikliklər olacağının anonsunu verdi. Biz də dəstəkləyirik və davamı olaraq, əfv fərmanı verilərsə çox sevinərik. Cəmiyyətin əsas gözləntisi əfvdir”.
N.Cəfəroğlu qanunlarda boşluqlar olduğunu və əsaslı düzəlişlərə ehtiyac yarandığını qeyd etdi: “Biz əsasən qadınların hüquqlarının müdafiəsi ilə məşğuluq və əksər məhkəmə işlərini uduruq. Amma bir sıra işlər var ki, onları qaldıracağıq. Əsas qanunlarda olan boşluqlardır, onlar dəyişməlidir. İslahatlar aparmaq üçün o boşluqlara düzəliş edilməlidir ki, məhkəmələr də ədalətli qərar versinlər. Çünki hər iki tərəf bundan istifadə edir. Məsələn, ata varlıdırsa, uşaq onda qalmalıdır. Axı uşağı anadan təcrid etmək olmaz. Başqa misal deyim, 13 il yaşayırlar, 3 uşaq var, boşanıb. Qanuna düzəliş olunmalıdır və boşanmış ər həmin uşaqlarla bərabər qadına da baxmalıdır. Bütün dünya bunu edir”.
Hüquq müdafiəçisi prezidentlə görüşmək istədiklərini də vurğuladı: “Biz QHT rəhbərləri istərdik ki, prezidentlə görüşək. Çünki QHT-lərin əli ilə dövlətçiliyi qorumaq üçün müəyyən işlər görülməlidir. Axı hökumətin əli çatmadığı işi biz görürük. Kənddə insanlar islahatların mahiyyətini bilmirlər. Elə adamlar var ki, pensiyaya necə çıxırlar xəbərləri yoxdur. Bunları izah etmək vacibdir.
Milli Demokratiya İnstitutu varıydı, onlardan çox şey öyrəndik. Yeni institutlar yaradılmalıdır. Özümüzün olan. Kənardan gəlməyən İnsan Haqları Evi yaratmaq lazımdır, normal və vətənpərvər adamlar işə cəlb edilməlidir. Bu islahatlar mütləqdir".
“Turan” informasiya agentliyinin direktoru, siyasi ekspert Mehman Əliyevin fikrincə, iqtisadi islahatlar konseptual və sistemli olmalıdır. O hesab edir ki, siyasi məhbusların azadlığa buraxılması ilə müəyyən dərəcədə gərginlik azala bilər: “Amma kordinal dəyişikliklərə ehtiyac var. Hamısı həllini gözləyir və onsuz da bu islahatları edəcəklər. Hakimiyyət bunu görür, dəyişikliklər getdikcə genişlənəcək, çünki cəmiyyət oyanıb”.