Paşinyanın devrilməsi Azərbaycanın maraqlarına zidd deyil: ABŞ və Qərb hədəflərini rəsmi Bakı ilə ortaqlıq üzərində qura bilər

2-03-2021, 20:17           
 Paşinyanın devrilməsi Azərbaycanın maraqlarına zidd deyil:
Revanşistlərin hakimiyyətə sahiblənməsi Ermənistanı yenidən Rusiyanın vassalına çevirməklə yanaşı, geopolitik şərtlər qarşısında daha da zəiflədə bilər; Baş nazir Nikol Paşinyan devrilsə belə, Azərbaycan və Ermənistan arasında ənənəvi nəticəsiz danışıqlar dönəminin başlanma ehtimalı inandırıcı görünmür...
Ermənistanda hakimiyyət uğrunda mübarizə davam edir. Ölkədaxili gərginlik hər ötən gün daha da artır. Və qarşıduran tərəflərdən birinin siyasi səhnəni birdəfəlik tərk etmə ehtimalı tamamilə inandırıcı görünür.Son müşahidələrə əsasən baş nazir Nikol Paşinyanın hakimiyyəti öz revanşist siyasi rəqiblərinə vermək niyyətində olmadığı açıq-aşkar nəzərə çarpır. Belə anlaşılır ki, erməni baş nazir heç bir halda, geri çəkilməyi düşünmür. Və bu, yaxın günlərdə daha amansız mübarizə ehtimalı vəd edir.
Onu da qeyd edək ki, Paşinyan hakimiyyətinin siyasi səhnədən kənarlaşdırılması üçün o qədər də geniş seçim imkanları qalmayıb. Belə ki, revanşist müxalifətin kütləvi etiraz aksiyaları ilə bu işin öhdəsindən gələ biləcəyi artıq o qədər də inandırıcı görünmür. Çünki, baş nazir Nikol Paşinyan son mitinqə öz siyasi rəqiblərindən daha çox aksiyaçı çıxara bildi. Bununla da, öz rəqiblərindən daha güclü sosial bazaya malik olduğunu göstərmiş oldu.
İndi revanşist qüvvələrin hədəfə çatması üçün cəmisi iki variantın qaldığı qətiyyən şübhə doğurmur. Onlardan birincisi baş nazir Nikol Paşinyanı terror və ya sui-qəsd yolu ilə fiziki cəhətdən sıradan çıxartmaqdır. İndiki situasiyada bu variant revanşist qüvvələr üçün siyasi və hüquqi intihar xarakteri daşıya bilər. Çünki müasir dünya ölkənin baş nazirini sui-qəsd yoluyla sıradan çıxarıb, hakimiyyəti ələ keçirmiş siyasi qüvvəni qəbul etməz. Və bu, Ermənistanı əsl cinayətkarların və ya terrorçuların idarə etdiyi ölkəyə çevirə bilər. Böyük ehtimalla revanşist qüvvələr bu varianta risk etməyəcəklər.

Belə olan təqdirdə, onların ümid bəsləyə biləcəyi yalnız bir variant qalır. Yəni, Ermənistan ordusu revanşistlərin istəyinə uyğun davranaraq, tankları İrəvan küçələrinə çıxartmalı və Paşinyan hakimiyyətini devirməlidir.
Ancaq mövcud situasiya bu variantın reallaşması baxımından da ümidverici görünmür. Çünki, siyasi proseslərə neytral qalmağa borclu olan ordunun müdaxiləsi Ermənistanda hərbi xuntanın qurulması anlamına gələ bilər. Və dünya dövlətləri xalqın seçdiyi qanuni hakimiyyəti zorakılıqla devirmiş hərbi xunta ilə təmaslara həvəs göstərməz.
Üstəlik, ABŞ və Qərb artıq bu barədə erməni generalitetinə dolayısı şəkildə xəbərdarlıq da edib. Paşinyan hakimiyyətinin hərbi yolla devrilməsinin dövləti cinayət olduğuna eyham vurub. Ona görə də, cəmisi bir neçə gün öncə İrəvan səmasına döyüş təyyarələri qaldırıb, xof yaratmağa cəhd göstərən erməni generaliteti indi hadisələri kabinetlərindən izləmək məcburiyyətində qalıb. Böyük ehtimalla erməni generaliteti hazırda dövlət çevrilişindən daha çox baş qərargah rəisi Onik Qasparyanı düşdüyü "siyasi bataqlıq"dan necə xilas edə biləcəyini düşünür.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan baş qərargah rəisini vəzifəsindən kənarlaşdırmaq niyyətində olduqca ciddidir. Hətta bununla bağlı rəsmi təqdimatı imzalamayan prezident Armen Sarkisyanı qiyamçıların yanında yer almaqda suçlayır. Belə anlaşılır ki, baş nazir N.Paşinyan təzyiqləri gücləndirməklə prezident A.Sarkisyanın növbəti təqdimati imzalamağa məcbur etməyə çalışır. Buna nail olacağı təqdirdə, erməni baş nazir öz hakimiyyətini ciddi şəkildə gücləndirmiş olacaq.
Ancaq Cənubi Qafqazın gələcək perspektivləri baxımından, bu variantlardan hansı daha sərfəlidir? Paşinyan hakimiyyəti devrilərsə, geopolitik şərtlər dəyişə bilərmi?

Əlbəttə ki, bu suallara dayanaraq, bəzi ehtimallar irəli sürmək mümkündür. Əvvəlcə ilk baxışdan belə təsəvvürlər yaranır ki, guya Paşinyan hakimiyyəti devrilərsə, 10 noyabr və 11 yanvar anlaşmalarının icrası yubana bilər. Guya geopolitik proseslərin gələcək perspektivlərinin yenidən uzunmüddətli danışıqlar prosesindən asılı vəziyyətə düşməsi qaçılmaz olar.
Ancaq yeni şərtlərə və önəmli geopolitik faktorlara daha diqqətli yanaşdıqda bunun əksini iddia etmək üçün müəyyən əsaslar yaranır. Belə ki, hazırda Ermənistanın ABŞ və Qərb tərəfindən müəyyən qədər dəstək ala bilməsində Paşinyan hakimiyyətinin mövcudluğu xüsusi rol oynayır. Və Paşinyan hakimiyyətinin devriləcəyi təqdirdə, Ermənistanın Qərblə bağları tamamilə qopa bilər.
Məsələ ondadır ki, Ermənistanda Rusiya hərbi kontingentinin mövcudluğu, eləcə də, Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi Cənubi Qafqazda Kremlin dayaqlarının möhkəmləndirilməsi kimi qəbul edilir. Halbuki bu, o qədər də reallığa uyğun təsəvvür deyil.
Ən azından ona görə ki, ABŞ və Qərb Cənubi Qafqazı qətiyyən Rusiyaya buraxmaq niyyətində deyil. Düzdür, Tramp administrasiyası dönəmində bəzi digər regionlarda olduğu kimi, Cənubi Qafqazda da Kreml müəyyən əlavə manevr imkanları qazanmışdı. Ancaq Bayden administrasiyası indi Rusiyanın bütün dünyada sıxışdırılması siyasəti yürüdür.
Digər tərəfdən, son illərdə, eləcə də hazırda Qərbin Cənubi Qafqazdakı maraqları NATO ölkəsi olan Türkiyənin timsalında təmsil olunur. Türkiyə son savaşda Azərbaycanı dəstəkləyərkən də əslində, qardaş ölkə olması ilə yanaşı, NATO-nun maraqlarını da təmsil edirdi. Ümumiyyətlə, Rusiyanın neytrallaşdırılaraq, savaşa birbaşa müdaxilə imkanlarından məhrum olunmasında Azərbaycanın NATO-ya indeksli səhnəarxası müttəfiqlərinin rolu inkaredilməzdir. Bu sırada isə Türkiyə ilə yanaşı, Böyük Britaniya və İsraili xüsusi qeyd etmək lazımdır.

Onu da qeyd edək ki, Qərb siyasi dairələri üçün Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın "qapılar"ını onların üzünə bağlayan əsas faktor hesab olunurdu. Ona görə də, Kremli neytrallaşdırıb, bu münaqişənin həllinə nail olmaqla, bu "qapıları" da açmış oldular.
Bundan sonra Cənubi Qafqazda geopolitik proseslər hərbi deyil, məhz geoiqtisadi faktorların təsirindən birbaşa asılı vəziyyətə düşə bilər. Qərb sərmayəsi üçün Cənubi Qafqaz iki qitəni birləşdirən iqtisadi və tranzit bölgədir. Yaxın vaxtlarda bu istiqamətdə atılacaq addımlar bu reallığı daha kəskin şəkildə sezdirməyə başlayacaq.
Təbii ki, bütün bunlar hər şeyin baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağına bağlı olmadığını göstərir. Hətta Paşinyan hakimiyyətinin devrilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artıra bilər. Çünki bu halda, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesində tamamilə Kremlin nəzarətinə keçəcək Ermənistan faktoru öz əhəmiyyətini itirmiş olacaq. Buna paralel olaraq, ABŞ və Qərb əsas diqqəti məhz Azərbaycan üzərində fokslaşdırmaq məcburiyyətində qalacaq.
Ermənistan isə yenidən Rusiyanın vassalına çevrilmiş ölkə kimi blokada şəraitində qalacaq. ABŞ və Qərb Rusiyanın vassalına hər hansı maliyyə-iqtisadi, eləcə də, siyasi dəstəyə həvəs göstərməyəcək. Əksinə, revanşistlər ruspərəstlərin hakimiyyətdə olduğu Ermənistan beynəlxalq təzyiqlərin hədəfinə çevriləcək. Rusiya sıxışdırıldıqca, Ermənistan da paralel təzyiqlərə məruz qalacaq.
Hazırda müvəqqəti olaraq, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi və ətraf bölgə ilə bağlı uzunmüddətli danışıqlar mərhələsinin başlanma ehtimalına gəldikdəsə, bu, o qədər də inandırıcı görünmür. Çünki rəsmi İrəvanın bundan sonra danışıqlar prosesində şərtlər irəli sürməsi üçün elə bir ciddi imkanları yoxdur. Ermənistan ordusu darmadağın edilib, hətta Rusiyanın dəstəyi ilə onun bərpasına illər lazımdır. Ermənistan iqtisadiyyatı ordunun bərpasına maliyyə ayıracaq durumda deyil.
ABŞ və Qərb tərəfindən sıxışdırılan Rusiya isə Ermənistan ordusuna geriyə dönməyəcək milyardlar xərcləməyə həvəsli olmaz. Olsa belə, bu, Rusiyanın maraqlarına zərbə vurar. Çünki bu halda, həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlər pozula bilər. İndiki situasiyada bu, Kreml üçün ən arzuolunmaz variantdır.
Bu baxımdan, ordusuz Ermənistan danışıqları uzada biləcək şərtlər irəli sürə biləcəyi qətiyyən inandırıcı deyil. Eyni zamanda, son savaşın nəticələri də indi Ermənistanı əvvəlki dövrlərdən fərqli olaraq, iddia imkanlarından da məhrum edir. Belə ki, Azərbaycan ərazi bütövlüyünü öz hərbi qüdrəti sayəsində bərpa edib. Ermənistanın danışıqlar masasında rəsmi Bakıya təzyiq göstərə və ya təklif edə biləcəyi heç nə yoxdur. Bu baxımdan, rəsmi Bakı ümumiyyətlə, ABŞ və Qərbin dəstəyini tamamilə itirə biləcək Ermənistan ilə danışıqlar masasına oturmaya da bilər.
Digər tərəfdən, Ermənistan artıq Xankəndi və ətraf bölgənin sosial-iqtisadi ehtiyaclarını ödəmək imkanlarından və hüquqlarından tamamilə məhrum edilmiş duruma düşməkdədir. Tezliklə həmin bölgə birmənalı şəkildə Azərbaycanın iqtisadi və enerji resurslarının təsiri altına düşməyə başlayacaq. Hər halda, Ermənistan və Rusiya həmin bölgənin analoji yükünü öz üzərinə götürmək hüquqlarına sahib deyil.
Nəhayət, onu da qeyd edək ki, Qərb siyasi və iqtisadi mərkəzləri üçün Naxçıvan dəhlizi böyük önəm daşıyır. Ermənistan istənilən halda, bu anlaşmaya riayət etmək məcburiyyətində qalacaq. Çünki, Qərbin siyasi və iqtisadi mərkəzləri bu istiqamətdə Ermənistana təzyiq göstərəcək. Revanşistlər hakimiyyətdə olacağı təqdirdə, ölkədaxili dayaqların zəifliyi rəsmi İrəvanı xarici təzyiqlərə davamsız duruma salacaq.
Nəticədə, Ermənistanda kimin hakimiyyətə olmasından asılı olmayaraq, geopolitik şərtlər Azərbaycanın maraqlarına uyğun olacaq. Və bu baxımdan, Paşinyan hakimiyyətinin devrilməsi Azərbaycanın perspektiv maraqları baxımından, daha əlverişli situasiya yada bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupuшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.