Qarabağda doğulan erməninin pasportuna “Azərbaycan” yazıldı: - İrəvan “Təəccüblü deyil” dedi
3-03-2021, 09:09

Sosial şəbəkələrdə Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri qrafasında “Azərbaycan” yazıldığını göstərən fotolar paylaşılıb.
Cebhe.info xəbər verir ki, sosial şəbəkənin Azərbaycan seqmentində müzakirələrdə bunun inandırıcı olmadığı və fotoşopla düzəldildiyinə dair şərhlər yazılıb. Ancaq sonra məlum olub ki, fotonun ilk mənbəyi İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü , arxitektor Arsen Karapetyandır. O, mandatını Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra təhvil verib. Fotonu məhz o, sosial şəbəkədə paylaşıb.
Bildirib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə anadan olub. Daha sonra Rusiyada yaşayıb və Ermənistan vətəndaşlığı almaq üçün müraciət edəndə “sürprizlə” üzləşib:
“Onun pasportunda doğum yeri kimi Azərbaycan yazılıb. Azərbaycan SSR yox, "DQR" yox, məhz Azərbaycan. Dostum indi deyir, nəhayət ki, arzuladığı vətəndaşlığı alıb, amma sən demə, o, Azərbaycandandır. Bu, nə deməkdir?”
Məsələ erməni mətbuatında və sosial şəbəkələrdə geniş rezonans doğurub. Ermənistan Daxili İşlər Nazirliyinin Pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan buna haqq qazandırıb:
“Vətəndaş SSR dönəmində, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur. Pasportda keçmiş SSRİ ölkələri üçün heç bir kod yoxdur. Əgər şəxs keçmiş SSRİ-nin hər hansı respublikasında anadan olubsa, bu respublika pasporta ölkənin indiki adıyla yazılır. Məsələn, şəxs Gürcüstan SSRİ-də doğulubsa, onun pasportuna sadəcə Gürcüstan yazılır. Burada təəccüblü heç nə yoxdur”.
Arsen Karapetyan dostunun Rusiya pasportunun da fotosunu paylaşıb. Orada isə doğum yeri olaraq "Azərbaycan SSR" göstərilib.

