QHT-lərdən səfirliklərə İTTİHAM: - “Heç yaxınlaşıb salam vermirlər”
11-02-2016, 13:33
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında britaniyalı Robert Uolterin Azərbaycanın işğal altındakı ərazilərindəki zorakılıq hallarına dair hazırladığı qətnamə layihəsi səsvermədən keçmədi. Qarabağla bağlı qətnamənin qəbul edilməməsi ətrafında çox fikirlər səsləndirdildi, bu işdə cavabdeh olanların o qədər də yaxşı işləmədikləri bildirildi.
Qətnamənin qəbul edilməməsində digər səbəb kimi Azərbaycanda maliyyələşən QHT-lərin xarici təşkilatlarla heç də yaxşı işləmədikləri, fəallıq göstərmədikləri qeyd edilir.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Modern.az-a açıqlmasında bildirib ki, xaricdən QHT-lərin maliyyələşməsi ölkəmizdə qadağan edilib. Lakin Azərbaycandan maliyyələşən QHT-lərin də beynəlxalq təşkilatlara təsir imkanları o qədər də böyük deyil.
“Heç Azərbaycanda vətəndaş cəmiyyətinin ən yaxşı inkşaf etdiyi dövrlərdə bu təsir çox da yüksək olmayıb. Əvvala ona görə ki, azərbaycanlı QHT təmsilçiləri Avropa İnstitutları ilə ardıcıl işləmək bacarıqlarına malik deyillər. Onların maliyyə və insan resursları daimi olmadığından müntəzəm əlaqəni saxlamaq və inkişaf etdirmək onlar üçün ciddi problemə çevrilir”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər, diaspor təşkilatlarının arasında heç bir kommunikasiya yoxdur.
“Bizim səfirliklərin işçiləri Avropada iştirak etdiyimiz tədbirlərə qatılırlar. Həmin tədbirlərdə iştirak edənlər Azərbaycandan gələn ekspertlərə yaxınlaşmır, onlarla təmas qurmağa çalışmırlar. 2015-ci ildə ABŞ-da Karnegi Mərkəzində Dağlıq Qarabağ məsələsi ilə bağlı bir tədbirdə idim. Zalda bizim səfirliyin 5 nəfər əməkdaşı əyləşmişdi. Çıxış etdim və sessiya bitdikdən sonra bütün iştirakçılar yaxınlaşıb fikir bildirirdilər. Bizim səfirliyin gənc əməkdaşları isə heç yaxınlaşıb salam vermədən zaldan getdilər. Belə olan halda vətəndaş cəmiyyəti nümayəndələri ilə rəsmilərin xaricdə Azərbaycanın maraqlarına xidmət edəcək hansı birgə işdən danışmaq olar? Bu baxımdan AŞPA-dakı fəaliyyət də istisna deyildir. Əvvala AŞPA-da əsas rolu rəsmi təmsilçilər oynayır”.
QHT sədri vurğulayıb ki, AŞPA-da səsvermə və yaxud müzakirələr keçirilən zaman QHT-lər xüsusi ayrılmış yerdə müşahidəçi kimi otururlar və müdaxilə etmək imkanlarına malik deyillər.
“Fasilə zamanı isə təbliğat aparmaqla qətnamə qəbuluna nail olmaq olmaz. Azərbaycan nümayəndə heyətinin səhvi onda idi ki, onlar qətnamənin qəbul olunmasına görə lobbiçilik işini apara bilmədilər və yaxud onu ictimaiyyət üçün açıq etmədilər. Normalda onlar həm Azərbaycanda, həm də Avropa Birliyi ölkələrində lobbi təşkilatların cəlb olunması üçün lobbiçilik görüşləri və konfranslar keçirə bilərdilər. Azərbaycanın sərhəd bölgələrində yaşayan insanların atəşkəsdən əziyyət çəkməsini nümayiş etdirən lobbiçilik işini qurmalı idilər. Sərsəng su anbarı ilə bağlı qəbul olunmuş qətnamənin uğurunun səbəbi ondan ibarət idi ki, nümayəndə heyətinin üzvü Elxan Süleymanov sistemli iş aparırdı, həmin qətnamənin əsaslanmasına xidmət edən internet sayt yaradılmışdı. Avropalı deputatları Tərtər çayı boyu ərazilərə götürüb onlara real vəziyyəti nümayiş etdirirdi. Təbii ki, belə sistemli iş sərhəd bölgələrində gərginliyin artırılması ilə bağlı qətnamə üçün edilsəydi, ona səs verənlərin sayı daha çox olardı. Nəzərə almaq lazımdır ki, Robert Uolterin qətnaməsi 3 səslə qəbul olunmadı”.
Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu da Azərbaycandan olan QHT-lərin fəallıq göstərməsinin elə də AŞPA-da böyük nəticələrə səbəb ola bilməcəyini qeyd edib.
“Hər zaman Avropa Şurasına 3-4 nəfər gedirdi. Qətnamənin qəbul olunmamasının səbəbi Avropa Şurasının apardığı siyasətdir. Bizim QHT-lərimiz heç vaxt fəal olmayıb. Əvvəllər AŞPA-nın iclaslarına gedən 3-4 QHT nümayəndəsi olurdu ki, həmişə fəallıq göstəriblər. Lakin bu say az olduğu üçün sistemli iş aparıla bilmirdi”.