Azərbaycanla sərhəddə kürd dövləti - Rojava!
11-02-2016, 16:59
Xəbər verildiyi kimi bir gün əvvəl, fevralın 10-da Moskvada “Suriya Kürdüstanının nümayəndəliyi” açılıb.
Rusiya mediasının xəbərlərinə görə nümayəndəlik Moskvanın cənub-şərqindəki sənaye rayonunda, bir zavodun binasında açılıb. Bu, Rusiya ilə Türkiyə arasında gərginliyin başlamasından sonra Moskvanın Suriya və Türkiyə kürdlərinə dəstəyi artırdığını nümayiş etdirən daha bir hadisədir.
Lakin maraqlıdır ki, açılış mərasiminə çox sayda jurnalist gəlsə də, hökumət rəsmiləri tədbirə qatılmayıblar. Buna baxmayaraq, açılış mərasiminin ardınca keçirilən ziyafətdə Suriya Kürdüstanının Avropa ölkələrindəki nümayəndəsi Senam Muhammed Rusiya hakimiyyət orqanlarına Moskva şəhərində nümayəndəliyin açılması üçün şərait yaratdığına görə təşəkkürünü bildirib.
Rusiya qəzetləri yazırlar ki, nə banketdə, nə də açılışda Rusiya rəsmilərinin iştirak etməməsinə baxmayaraq, rəsmi dairələrdə bu məsələ hələ ötən oktyabrdan müzakirə edilirdi. O vaxt bu barədə Rusiyanın “Kommersant” qəzeti yazmışdı. Qəzet adının çəkilməsini istəməyən türk diplomata istinadən Ankaranın belə bir hərəkətin qəti əleyhinə olduğunu bildirmişdi.
“Lakin ötən oktyabr ayından fərqli olaraq təyyarə insidentindən sonra Moskva Ankaranın nəyisə bəyənib, nəyisə bəyənmədiyinə çox da məhəl qoymur” – BBC rus xidməti bildirir.
Mərasimdə iştirak edən kürd rəsmilər ofisin açılışının hər hansı bir konkret vəziyyət və ya hadisə ilə bağlı olmadığını vurğulayıblar.Onlar bildiriblər ki, ofis Moskvada qeyri-kommersiya subyekti kimi fəaliyyət göstərəcək. Kürd İctimai Birlikləri Beynəlxalq İttifaqının rəhbəri Merab Şamoyev jurnalistlərə deyib ki, nümayəndəliyin əsas funksiyası Qərbi Kürdüstanın problemlərini Rusiyanın siyasi partiyaları, Dövlət Dumasındakı fraksiyalar və insan haqları təşkilatları ilə müzakirə etməkdir.
Suriya kürdlərinin Moskva nümayəndəliyində asılmış xəritədə Rojava və ya Qərbi Kürdüstanın Azərbaycanla (Naxçıvan) həmsərhəd olduğu görünür
Rusiyadakı kürdlərin federal milli-mədəni muxtariyyətinin rəhbəri Fərhad Patiyev bildirib ki, bu nümayəndəlik müstəsna olaraq Suriya kürdlərini təmsil edəcək.Onun sözlərinə görə, Türkiyə və İraq kürdləri üçün buna oxşar nümayəndəliklərin açılması zərurəti ayrıca müzakirə oluna bilər.
Senam Muhammed isə əlavə edib ki, buna bənzər daha bir nümayəndəlik Berlində açılacaq və həmin ofis Avropa miqyasında koordinasiya işlərini aparacaq.
Suriya kürdlərinin Moskva nümayəndəliyində asılmış xəritədə Rojava və ya Qərbi Kürdüstanın Azərbaycanla (Naxçıvan) həmsərhəd olduğu görünür. Başqa sözlə, söhbət İraq, Suriya və Türkiyənin kürd dövlətlərini birləşdirən “böyük kürd dövlətinin” xəritəsindən gedir.
Kürd təhlilçilər bildirirlər ki, Rusiya və ABŞ arasında, xüsusilə də Suriyanın gələcəyinə dair bir çox fikir ixtilafları yaşanıb, lakin deyəsən, Suriya kürdləri məsələsində heç bir mövqe ayrılığı yoxdur.Təhlilçilər deyirlər ki, ABŞ Suriya ərazisində İŞİD-ə qarşı fəal döyüşən qüvvə kimi yalnız kürdlərlə hesablaşır və onları haradasa müttəfiq hesab edir.
Məhz bu səbəbdən də Türkiyə prezidenti Recep Tayyib Erdoğan Vaşinqtonu Suriya kürdlərinə dəstək verməkdə ittiham edib.Türkiyə hesab edir ki, Suriya kürdlərinin Demokratik İttifaq Partiyası (PYD) qadağan olunmuş Kürdüstan İşçi Partiyası və ya PKK-nın qoludur və ABŞ bu təşkilatı da “terrorçu” qrup kimi tanımalıdır."Biz yazılı sübut veririk! Biz amerikalılara deyirik ki, bu terrorçu qrupdur, lakin amerikalılar deyirlər: “yox biz onları terrorçu hesab etmirik” – Ərdoğan deyib.
Xatırladaq ki, Türkiyə-Rusiya münasibətlərinin pozulmasının ardınca Türkiyədə PKK-ya yaxın kürd partiyasının lideri Selaheddin Demirtaş Moskvaya dəvət olunmuşdu.