"ADR Partiyası aprelin 12-də Rusiya səfirliyi qarşısında piket keçirəcək" - QUBAD İBADOĞLU

6-04-2022, 16:50           
"ADR Partiyası aprelin 12-də Rusiya səfirliyi qarşısında piket keçirəcək" - QUBAD İBADOĞLU
"Piketin ümumi məqsədi Rusiyanın Ukraynaya təcazüvünə etiraz edilməsi, müharibə əleyhinə şüarların səsləndirilməsi, Rusiyanın "sülhməramlı" adı altında Qarabağda yerləşdirdiyi ordusunun Azərbaycan ərazisindən çıxarılmasının tələb edilməsidir"

"Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Rusiya səfirliyi qarşısında piket keçirməyə qərar verdi". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.

Partiya sədrinin sözlərinə görə, bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilən məlumatda bildirilir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 5-ci maddəsinə uyğun olaraq "Ukraynada müharibəni dayandırın", "Müharibə cinayətlərinə son qoyun", "Buçada və Ukraynanın digər ərazilərində dinc əhalinin kütləvi qətlini törədən rus ordusu sülhməramlı ola bilməz", "Rus ordusu Qarabağdan çıxsın" şüarları ilə 2022-ci il aprel ayının 12-də saat 15:00-dan 16:00-a qədər Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi (Bakı şəhəri, Abbasqulu ağa Bakıxanov, 27) qarşısında piket keçirməyə qərar verilib: "Piketin ümumi məqsədi Rusiyanın Ukraynaya təcazüvünə etiraz edilməsi, Rusiya səfirliyinin qarşısında müharibə əleyhinə şüarların səsləndirilməsi, Rusiyanın "sülhməramlı" adı altında Qarabağda yerləşdirdiyi ordusunun Azərbaycan ərazisindən çıxarılmasının tələb edilməsi və piketin qətnaməsinin əlaqədar şəxslərə təqdimatıdır".

Bakı Şəhər İcra Hakimiyyətinə müraciətin məlumat xarakterli olduğunu vurğulayan Qubad İbadoğlu qeyd edib ki, ADR Partiyası 2022-ci il aprel ayının 12-də saat 15:00-dən 16:00-a qədər Rusiya səfirliyi qarşısında piket keçirməkdə israrlıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.