Dünya belə müharibə görməyib: Putin nəyi unutmuşdu?

7-04-2022, 12:57           
Dünya belə müharibə görməyib: Putin nəyi unutmuşdu?
"New York Times" nəşrinin tanınmış siyasi şərhçisi Tomad Fridman (Thomas L. Friedman) növbəti yazısını da Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə həsr edib. Bu dəfə müəllif bu savaşın xarakterinə, onun əvvəlki dünya müharibələrindən fərqinə və bütün bunların Putinin uduzmasına necə təsir etdiyinə həsr edib. Həmin yazını Qaynarinfo-nun tərcüməsində oxuculara təqdim edirik:

Məlum olub ki, Putin necə bir dünyada yaşadığını, bütün azad demokratik dünyanın hansı gücə malik olduğunu və Ukraynada ona qarşı mübarizəyə qoşulmağa hazır olduğunu bilməyib.

Rusiya və Ukrayna arasındakı müharibənin təxminən altı həftəsindən sonra mən bu münaqişənin - Birinci dünya müharibəsi və ya İkinci dünya müharibəsindən daha çox real dünya müharibəsinin olub-olmadığı barədə düşünməyə başlamaşım. "Kompüter dünya müharibəsi” adlandırdığım bu müharibədə, demək olar ki, planetin istənilən insanı harada yaşamasından asılı olmayaraq döyüşləri təfərrüatı ilə izləyə, ya da bu və ya digər şəkildə orada iştirak edə və ya iqtisadi təsirlərə məruz qala bilər.

Sizə, "Kompüter dünya müharibəsi”nin Ukraynanın kimin tərəfindən idarə olunması ilə bağlı olduğunu desələr, inanmayın. "Ukraynadakı müharibə tez bir zamanda müasir dünyanın iki ən dominant siyasi sistemi - "azad bazarı olan hüquqi demokratiya ilə avtoritar kleptokratiya” arasında "böyük döyüşə” çevrilib”, - mənə Rusiya iqtisadiyyatı üzrə isveçli ekspert Anders Aslund deyib.

Düzdür, müharibənin bitməsinə hələ çox var və Vladimir Putin hələ də qalib gəlmək və güclənmək üçün bir çıxış yolu tapa bilər, lakin qalib gələ bilməsə bu, demokratik və qeyri-demokratik sistemlər arasındakı münaqişədə dönüş nöqtəsi ola bilər. Xatırladaq ki, İkinci dünya müharibəsi faşizmə, Soyuq müharibə isə ortodoksal kommunizmə son qoydu (hətta Çində də). Beləliklə, Kiyev, Mariupol və Donbass küçələrində baş verənlər Ukraynanın hüdudlarından kənarda və uzaq gələcəyə qədər siyasi sistemlərə təsir göstərə bilər.

Həqiqətən də Çin kimi digər avtoritar liderlər Rusiyanı diqqətlə izləyirlər. Onlar, iqtisadiyyatının Qərbin sanksiyaları altında zəiflədiyini, internetə və etibarlı xəbərlərə çıxışını qadağan edən hökumətdən qaçan texniki bacarıqlara sahib olan minlərlə gəncini, dəqiq məlumat toplamaq, paylaşmaq və yuxarıya ötürməkdə aciz olan səriştəsiz ordusunu görürlər. Belədə bu liderlər özlərinə sual verməli olurlar: "Aman Allahım, mən bu qədər zəifəm? Mən də "”samandan olan evi” idarə edirəm?”

Hamısı izləyir…

Birinci və İkinci dünya müharibələri zamanı heç kimin smartfonu və ya sosial şəbəkələrə çıxışı yox idi ki, onun vasitəsilə qeyri-kinetik yollarla müharibəni müşahidə edə və iştirak edə bilsin. Həqiqətən də, dünya əhalisinin əksəriyyəti hələ də müstəmləkə idi və texnologiyaya malik olsalar belə, müstəqil fikirlərini ifadə etmək üçün tam azadlığa malik deyildilər. Müharibə zonalarından kənarda yaşayanların çoxu həm də bu ilk iki dünya müharibəsindən çox da əziyyət çəkməmiş son dərəcə yoxsul kəndlilər idi. O vaxtlar, müasir kompüter dünyasının bir-biri ilə əlaqəli nəhəng qloballaşan və urbanizasiyalaşmış aşağı və orta təbəqələri yox idi.

İndi smartfonu olan hər kəs Ukraynada baş verənləri canlı və bütün təfərrüatları ilə izləyə və sosial şəbəkələr vasitəsilə bütün dünyada öz fikrini bildirə bilər. Bizim postmüstəmləkə dövrümüzdə dünyanın demək olar ki, istənilən ölkəsinin hökuməti BMT Baş Assambleyası vasitəsilə Ukraynada bu və ya digər tərəfi qınamaq və ya haqq qazandırmaq üçün səs verə bilər.

Təxminlər fərqli olsa da, belə görünür ki, planetdə üç-dörd milyard insan – təxminən dünyanın yarısı bu gün smartfonlara malikdir və internet senzurası, xüsusən də Çində real problem olaraq qalsa da, daha çox insan istənilən hadisəyə daha dərin baxa bilər. Hələ bu harasıdır…

Smartfonu və kredit kartı olan hər kəs Ukraynada tanımadığı insanlara "Airbnb” vasitəsilə gecələmək üçün ev sifariş edə və sonra sifarişdən istifadə etməməklə kömək edə bilər. Yeniyetmələr hər yerdə Rusiya oliqarxlarını və yaxtalarını izləmək üçün Twitter-də proqramlar yarada bilərlər. Rusiya əsilli iki qardaş tərəfindən, Kremlin "əli çatmayan” ünsiyyət vasitəsi kimi icad edilən Telegram - şifrəli ani mesajlaşma proqramı "həm ukraynalı qaçqınlar üçün, həm də getdikcə dünyanın qalan hissəsindən daha çox təcrid olunmuş ruslar üçün real vaxt rejimində, "süzgəcdən” keçirilməmiş müharibə xəbərlərinin ünvanına çevrildi”, - NPR yazır.

Bu arada, Ukrayna hökuməti tamamilə yeni bir maliyyə mənbəyindən istifadə edə bildi - sosial media vasitəsilə ianə toplanması elanı verərək dünya üzrə fərdlərdən 70 milyon dollardan çox məbləğdə kriptovalyuta topladı. Sosial media üzərindən Ukraynalı bir məmurun, Rusiyanın Ukraynanı dünyadan təcrid etmək cəhdlərindən müdafiə etməsi xahişindən sonra "Tesla”-nın sahibi milyarder Elon Mask, yüksək sürətli internetin təmin edilməsi üçün Ukraynadakı SpaceX-in genişzolaqlı peyk xidmətini aktivləşdirdi.

ABŞ-ın "Maxar Technologies” kimi kommersiya peyk şirkətləri rusların Mariupolu mühasirəyə almasına və jurnalistlərin içəri girməsinə qadağa qoymasına baxmayaraq, istənilən şəxs üçün, şəhərdə supermarketin qarşısında yemək növbəsinə duran yüzlərlə ümidsiz insanı kosmosdan izləməyə şərait yaradıb.

Bundan əlavə, istənilən yerdən "virtual döyüşə” girə bilən kiber döyüşçülər var, onlar da uğur qazanırlar. CNBC xəbər verir ki, "özünü "Anonimus” adlandıran məşhur Twitter hesabı, bir qrup fəalın Rusiyaya qarşı "kiber müharibə” apardığını iddia edib”. Dünya üzrə 7,9 milyondan çox izləyicisi olan Twitter hesabı (bütün Rusiya istifadəçilərinin sayından təxminən 8 dəfə böyük) "tanınmış Rusiya hökumət, xəbər və korporativ saytlarının bağlanması və Rusiya mediasının senzurasına məsul olan federal agentlik olan Roskomnadzor kimi qurumlardan məlumat öğurlanması məsuliyyətini öz üzərinə götürüb.”

Nə Birinci, nə də İkinci dünya müharibəsində belə qeyri-hökumət, super güclü, qlobal oyunçular və platformalar olmayıb.

Amma bu müharibədə bir çox insanın iştirak etdiyi kimi, bir çoxları da bu müharibədən əziyyət çəkə bilər. Rusiya və Ukrayna hazırda dünyanı qidalandıran və kənd təsərrüfatı tədarük zəncirlərinin əsas buğda və gübrə təchizatçılarıdır. İki Avropa ölkəsi arasındakı müharibə misirlilər, braziliyalılar, hindistanlılar və afrikalılar üçün ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.

Rusiya dünyanın ən böyük təbii qaz, xam neft və fermerlərin traktorlarında istifadə etdiyi dizel yanacağı ixracatçılarından biri olduğu üçün Rusiyanın enerji infrastrukturuna tətbiq edilən sanksiyalar onun ixracını məhdudlaşdırır, benzin qiymətlərinin Minneapolisdən Meksika və Mumbaiyə qədər artmasına səbəb olur və nəticədə fermerləri dizel traktorlarının istifadəsini məhdudlaşdırmağa məcbur edir.

Bu müharibədə maliyyə qloballaşmasının daha bir gözlənilməz cəhəti var ki, ona həqiqətən diqqət yetirməlisən: Qərbin iqtisadi sanksiyalar tətbiq edəcəyi təqdirdə Putin Rusiyanın bütün enerji və mineral ixracatdan əldə etdiyi 600 milyard dollardan çox dəyərində qızıl, xarici dövlət istiqrazları və valyutanı "təhlükəsizlik yastığı” kimi toplayıb. Amma deyəsən Putin müasir dünyada standart təcrübənin nə olduğunu unudub və hökuməti bu təcrübəyə əməl edərək vəsaitlərin böyük hissəsini Qərb ölkələrində və Çində banklara yerləşdirib.

Atlantik Şurasının (Atlantic Council-red.) Geoiqtisadiyyat Mərkəzinin məlumatına görə, Rusiya Mərkəzi Bankının xarici valyutada aktivlərini yatırdığı ilk altı ölkə bunlardır: Çin - 17,7%; Fransa - 15,6%; Yaponiya - 12,8%; Almaniya - 12,2%; ABŞ - 8,5%; və Böyük Britaniya 5,8%. Bundan əlavə, aktivlərin 6,4%-i Beynəlxalq Hesablaşmalar Bankı və Beynəlxalq Valyuta Fondundadır.

Atlantik Şurasının müşahidələrinə görə, Çin istisna olmaqla, bu ölkələrin hər biri onlarda yerləşən Rusiya ehtiyatlarını dondurub və təxminən 330 milyard dollar Putin üçün əl çatmaz olub. Lakin Rusiya dövləti nəinki bu ehtiyatlarla öz çökməkdə olan iqtisadiyyatını dəstəkləmək iqtidarında deyil, əksinə, hazırda bu pulu təzminat kimi Rusiya ordusu tərəfindən dağıdılmış Ukraynadakı binaların, çoxmənzilli yaşayış evlərinin, yolların və hökumət strukturlarının bərpası məqsədilə istifadə edilməsi üçün böyük təzyiqlər var.

Putinə mesaj gəlir: "Bizimlə əməkdaşlıq etdiyiniz üçün təşəkkür edirik. Təzminat ödənilməsi məqsədilə əmanətlərinizin ələ keçirilməsi hüquqi baxımdan çətin olacaq, lakin vəkillərinizi hazırlasanız yaxşı olar”.

Bütün bu səbəblərə görə, Putinin avtoritar kapitalizminə və ya kleptokratiyasına bu və ya digər versiyasına meyl edən dünya liderləri narahat olmalıdırlar, baxmayaraq ki, Rusiyada nə baş verməsindən asılı olmayaraq belə liderləri yerindən tərpənmək rahat bir iş deyil.

Bu rejimlər siyasi opponentlərə və informasiya axınına nəzarət etmək üçün yeni müşahidə texnologiyalarından istifadə etməyi, hakimiyyətdə qalmaq üçün öz siyasətlərini və dövlət maliyyə resurslarını manipulyasiya etməyi öyrəniblər. Söhbət Türkiyə, Myanma, Çin, Şimali Koreya, Peru, Braziliya, Filippin, Macarıstan və bir sıra ərəb dövlətlərindən gedir. Putin, şübhəsiz ki, Trampın ikinci müddətində Amerikanı güclü kleptokratiyaya çevirə və bütün qlobal tarazlığı onun xeyrinə dəyişə biləcəyinə ümid edirdi.

Sonra bu müharibə başladı. Düzdür, Ukrayna demokratiyası zəifdir, ölkənin oliqarx və korrupsiya ilə bağlı ciddi problemləri var. Lakin Kiyevin həsrəti NATO-ya yox, Avropa İttifaqına daxil olmaq olub və məhz bu məqsədlə özünü "təmizləmə” prosesinə başlayıb.

Müharibəni başladan da məhz bu olub. Putin heç vaxt imkan verməzdi ki, rus kleptokratiyasının bir addımlığında yerləşən slavyan Ukraynası Avropa İttifaqında uğurlu bazar demokratiyasına çevrilsin. Təzad onun üçün dözülməz olardı, bu səbəbdən o, Ukraynanı yer üzündən silməyə çalışır.

Məlum olub ki, Putin necə bir dünyada yaşadığını, öz sisteminin nə qədər qüsurlu olduğunu, bütün azad demokratik dünyanın hansı gücə malik olduğunu və Ukraynada ona qarşı mübarizəyə qoşulmağa hazır olduğunu bilməyib. Ən əsası isə o, bunu nə qədər insanın izləyəcəyini bilməyib.
qaynarinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.