Ermənistandakı aksiyaları "Qarabağ klanı"nın əli ilə Kreml təşkil edib - NƏ BAŞ VERİR?

7-04-2022, 11:19           
Ermənistandakı aksiyaları
Ermənistanda müxalif qüvvələr etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Nikol satqındır”, “Ermənistan, qalx” və s. şüarlar səsləndiriblər. Mitinqdə çıxış edənlər “nəyin bahasına olur-olsun” yenə müharibəyə çağırış ediblər. Aksiyanın “bəyanatında” Qarabağa iddialar da əksini tapıb. Qarabağın Azərbaycanın tərkibində heç bir statusla olmamasına xüsusi “vurğu” edilib.

Görünür, 44 günlük savaş və Ermənistan ordusunun darmadağın olması ermənilərə dərs olmayıb. Etirazları şərh edən analitiklərin fikrincə, Ermənistandakı revanşistlərin məqsədi Azərbaycanla sülh prosesinin başlanmasına mane olmaq, İrəvan hökumətinin öz öhdəliklərini icra etməsinə əngəl törətməkdir. Dia.az-ın məlumatına görə, politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanda yaşanan hadisələrin həm daxili, həm də xarici səbəblərinə baxmaq lazımdır. Ekspert vurğulayıb ki, etirazların daxili səbəbi odur ki, 30 il ərzində ölkəni korrupsiya, qohumbazlıq, yerlibazlıq bataqlığına çəkmiş cinayətkar generallardan ibarət “Qarabağ klanı” yenidən hakimiyyəti ələ keçirmək istəyir:

“Revanşistlərin təxribatları gözləniləndir. Müxalifət hər xırda detaldan Baş nazir Nikol Paşinyana qarşı istifadə edərək çevrilişə nail olmağa çalışırlar. Ona görə də vaxtaşırı “Nikol xaindir”, “Türkiyə və Azərbaycan agentidir” kimi şüarlar səsləndirirlər. Belə təxribatları çox görəcəyik. Nikol Paşinyanın yenidən “status” və “həmsədrlər” məsələsinə qayıtmasının əsas səbəbi də müxalifətin təzyiqlərindən dolayı məcburən “sərt ritorikaya” keçməsidir”.

Siyasi şərhçiyə görə, Brüssel görüşündən narahat olan xarici qüvvələr də var. Xüsusən, Rusiyanın narahatlığı daha ciddidir: “Nəzərə alaq ki, Azərbaycan və Ermənistan tərəfləri arasında keçirilən onlarla görüşün ən uğurlusu birinci Brüssel görüşü olub. Məhz həmin görüşdən sonra İrəvan hökuməti Zəngəzur dəhlizinin ilk ayağı olan dəmiryol xəttinin çəkilməsinə razılıq vermişdi. Amma Moskvada, Soçidə və başqa yerlərdə dəfələrlə görüş baş tutsa da, real nəticə əldə edə bilməmişik. Rusiya Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə baş tutan əvvəlki görüşə qısqanclıqla yanaşmışdı. İndi də eyni reaksiyanı verir, çünki budəfəki Brüssel görüşündən ciddi nəticələr gözlənilirdi. Müsbət gözləntilər var idi. Rəsmi Bakının İrəvana görüş öncəsi 5 baza prinsipini təklif etməsi, Ermənistanın buna etiraz bildirməməsi deməyə əsas verirdi ki, hər iki tərəf kompromisə uyğun adekvat mövqe ortaya qoymağa hazırdır. Rusiya Avropa İttifaqının bölgədə güclənməsini və tərəflər arasında vasitəçilik etməsini qətiyyən istəmir. “Qarabağ klanı”nın Paşinyana qarşı təşkil etdiyi etiraz aksiyaları Azərbaycan-Ermənistan arasında sülhə mane olmaq məqsədi daşıyır. Bu da “Qarabağ klanı” ilə yanaşı, həm də Moskvanın işinə yarayır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.