Qaz ixrac edən Azərbaycan “Qarprom”dan niyə qaz alır?
13-05-2016, 12:38
İlham Şaban: “Bu qaz sonradan barter edilir”
Azərbaycan Rusiyadan qaz alınması üçün sifariş verib. Belə ki, Rusiyanın “Qazprom” şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında baş tutan danışıqlarda qonşu ölkədən 3-5 milyard kubmetr qazın alınması müzakirə olunur.
Bəs görəsən, beynəlxalq səviyyəli iri qaz layihələri həyata keçirən, Avropaya qaz nəqlini planlaşdıran, Gürcüstana və Türkiyəyə qaz satan Azərbaycan özü niyə Rusiyadan qaz alır? Azərbaycanın qaz ehtiyatları ölkənin tələbatını ödəmirmi? Yoxsa burada siyasi məqsədlər güdülür? İ
ki gün öncə SOCAR prezidenti Rövnəq Abdullayevin verdiyi bu açıqlama cəmiyyətdə bu tipli suallar doğurub. R.Abdullayev bildirib ki, SOCAR təbii qazın alınması məqsədilə Rusiyanın “Qazprom” şirkətinə müraciət edib və 3-5 milyard kubmetr həcmində qaz almaq niyyətindədir: “İlkin olaraq, 3-5 milyard kubmetr həcmində qaz ala bilərik. Təklifimizi vermişik, qarşı tərəfdən cavab gözləyirik. Bizə əsasən texniki qaz lazımdır ki, bu da yataqlara vurulur. Əlavə həcmdə qaz bizə imkan verir ki, qaz anbarlarımızın imkanlarını genişləndirək. Bizim qaz anbarının tutumu 5 milyard kubmetrdən çoxdur, lakin hələlik ora 3,5 milyard kubmetr qaz vurmuşuq. İstərdik ki, milyard yarım əlavə qaz vuraq və anbarların tutumunu test edək”.
SOCAR prezidentinin açıqlamasını dəyərləndirən və məsələnin mahiyyətinə aydınlıq gətirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu açıqlamanın əslində yenilik olmadığını və qazın sırf texniki məqsədlə alındığını bildirdi: “Əslində Rövnəq Abdullayevin bu açıqlaması bir yenilik deyil. Sadəcə, jurnalistlər bu haqda təkrar-təkrar sual veriblər, o da cavablandırıb. Bununla bağlı ilk dəfə sentyabr ayında, daha sonra noyabrda açıqlama olmuşdu. Eləcə də Rövnəq Abdullayev ötən il dekabrın sonunda Rusiyaya səfər etmişdi və o zaman da bu məlumat saytlarda yer almışdı. Burada heç bir yenilik yoxdur. Sadəcə, əvvəlki fikirlərini yenidən təkrar edir. Təbii olaraq sual yaranır ki, burada məqsəd nədir? ARDNŞ bir layihə həyata keçirirdi. ”Qaradağ" və “Qalmaz” yeraltı anbarlar qazıldı. Bu quyular hazırlanandan sonra orada kompressor stansiyaları tikildi, onların tutumu genişləndirildi. Əvvəlcə 2 milyarddan 3,5 milyarda, daha sonra 5 milyarda qaldırıldı. İndi isə həmin anbarların 5.5 milyard kubmetr aktiv tutumu var. Ancaq Azərbaycanda o qədər qaz yoxdur. Biz maksimum 3,5 milyard kubmetr qaz ehtiyatı yığa bilirik. Yəni yaz-yay mövsümü ərzində qış üçün sadəcə 3,5 milyard kubmetr qaz tədarük görə bilirik".
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin məqsədi Rusiyadan əlavə qaz alaraq, o anbarların tutumunu yoxlamaqdır ki, həqiqətən bu quyularda 5,5 milyard kubmetr qaz saxlamaq mümkündür: “İranla da bu istiqamətdə danışıqlar aparılır. Ancaq İranla bağlı problem ondan ibarətdir ki, iki ölkə arasında əlavə qaz infrastrukturuna ehtiyac var. Çünki mövcud qaz kəməri ilə bir istiqamətdə qaz vurulduğu üçün həcmi artırmaq lazımdır, çünki o istiqamətdə ancaq bir milyard qaz vurmaq mümkündür. Rusiya ilə infrastrukturda heç bir problem yoxdur. O ölkədən Azərbaycan 5 milyard kubmetr qaz ala bilər”.
İ.Şaban texniki məqsədlə alınan qazın sonradan barter ediləcəyini də diqqətə çatdırdı: “Bu o demək deyil ki, biz Rusiyadan 5 milyard kubmetr qaz alacağıq. Söhbətin məğzi də bundan ibarətdir. Bu qaz alınır və sonradan barter edilir. Yəni yay vaxtı biz onlardan alıb, qış vaxtı geri qaytara bilərik”.