Qüdrət Həsənquliyev qalmaqal yaradan erməni deputatın cavabını verib
29-05-2016, 09:07
Azərbaycan Milli Məclisinin (MM) NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev qurumun Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 61-ci sessiyasının iclası zamanı Ermənistan nümayəndə heyətinin çıxışına etiraz edib.
Bu barədə APA-ya məlumat verən Q. Həsənquliyev bildirib ki, iclasda təmsil olunduğu İqtisadi və Təhlükəsizlik Komitəsində Avropadakı miqrasiya böhranının iqtisadi dəyərləndirilməsi mövzusunda müzakirələr aparılıb. Beynəlxalq Miqrasiya Xidmətinin nümayəndəsi Dumond məruzə ilə çıxış etdikdən sonra Ermənistan nümayəndəsi söz alaraq bildirib ki, Avropa İttifaqının yardım edəcəyi təqdirdə ermənilər bu işə öz töhfələrini verə bilərlər.
Q. Həsənquliyev deyib ki, dərhal sonra çıxışa yazılaraq, Ermənistan nümayəndəsinə sərt etiraz edib: "Əslində bu müzakirələr başlayanda mən Ermənistan nümayəndəsinin auditoriyanı tərk edəcəyini düşünürdüm. Çıxışımda ilk olaraq elə məhz bunu dedim. Əlavə etdim ki, Ermənistan 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, işğal altında saxladığı Azərbaycan torpaqlarının azad olunması barədə sülh prosesini pozur və status-kvonu da qoruyub saxlamaq istəyir.
Onu da bildirdim ki, Ermənistan NATO ilə əməkdaşlıq edib BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə Rusiya, Şimali Koreya ilə birlikdə səs verməyən yeganə ölkədir. Ermənistan işğalçıdır və təcavüzkar siyasət yeridir. Dünyada belə böhranı yaradan ölkələrdən biri də Ermənistandır. Dedim ki, ümumiyyətlə bu ölkənin nümayəndəsinin burada danışmağa mənəvi haqqı yoxdur. Mən keçən iclasda da bu məsələni qaldırmışdım. Yenə də təklif etdim ki, ermənilər auditoriyadan qovulmalıdırlar. Onu da təklif etdim ki, Rusiya Krımı işğal etdikdən sonra Krımla əməkdaşlıq necə dayandırılmışdısa, Ermənistanla da əməkdaşlıq dayandırılmalıdır”.
Azərbaycan MM-in NATO PA-dakı nümayəndə heyətinin üzvü əlavə edib ki, onun çıxışından sonra Ermənistan nümayəndəsi qışqırmağa başlayıb: "Auditoriyadakıların əksəriyyəti fasilə zamanı mənə yaxınlaşaraq, haqlı mənim olduğumu, erməni nümayəndənin özünü çox ədəbsiz şəkildə apardığını dedi. O ermənini yeni görürdüm. Görünür, bu adamın ağlında qüsuru var. O, gözləri böyümüş şəkildə sadəcə qışqırırdı. Hətta Avropa Parlamentinin nümayəndəsi və digər şəxslər mənə bildirdilər ki, onun artıq danışıqlarına əhəmiyyət vermək belə lazım deyil. Beləliklə, NATO Parlament Assambleyasının 61-ci sessiyası zamanı Ermənistan bir daha ifşa olundu”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.