Lukaşenko Krımla bağlı "gizli razılaşmanı" açdı, Peskov təkzib etdi

15-06-2023, 00:14           
Lukaşenko Krımla bağlı "gizli razılaşmanı" açdı, Peskov təkzib etdi
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri Krım və Donbasın icarə şərtlərini müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus prezidenti "Rossiya 1” telekanalına müsahibəsində bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin ona bu sənədi göstərdiyini bildirib. Lukaşenkonun sözlərinə görə, Ukrayna tərəfi razılaşmadan imtina edib.

"Putin mənə nümayəndə heyətləri tərəfindən paraflanmış bir sənəd verdi. Bu normaldır, hətta Krımda - bir növ uzunmüddətli icarə var, Donbasda, şərqdə. Normal müqavilə. İndi olsaydı, amma indi bu, artıq mümkün deyil. İndi o, Konstitusiyaya görə, artıq Rusiyanın ərazisidir”, - Aleksandr Lukaşenko bildirib.
Aleksandr Lukaşenko qeyd edib ki, layihə çərçivəsində razılaşma olub, razılaşmaya əsasən, xarici işlər nazirləri ilkin olaraq sənədi imzalayır, sonra isə dövlət başçıları onun taleyini həll edirlər. "Bu, yaxşı bir proses idi, lakin onlar bundan imtina etdilər", - Belarus lideri yekunlaşdırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov birifinq zamanı Krımın icarəyə götürülməsi ilə bağlı danışıqlara dair məlumatları təkzib edib. "Xeyr, bu belə deyil" deyən Peskov belə bir məsələnin müzakirə olunub-olunmaması sualına cavab verib. O, Krımın "Rusiya Federasiyasının ayrılmaz hissəsi” olduğuna diqqət çəkib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar müharibənin başlamasından bir neçə gün sonra başlayıb. 2022-ci il martın 29-da Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Ukrayna 15 il ərzində Krımın statusu ilə bağlı ikitərəfli məsləhətləşmələrin keçirilməsini təklif edib. Donbasdakı münaqişənin həlli üçün Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında ayrıca danışıqlar planlaşdırılıb. Lakin sonradan tərəflər danışıqlar prosesinin dalana dirəndiyini dəfələrlə bəyan ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.