Polşada Prezidenti Mussolini ilə müqayisə edən hakim cəzalandırılıb

9-07-2023, 09:27           
Polşada Prezidenti Mussolini ilə müqayisə edən hakim cəzalandırılıb
Polşa Ali Məhkəməsinin Peşəkar Məsuliyyət Palatası Prezident Anjey Dudanı İtaliyanın faşist lideri Benito Mussolini ilə müqayisə edən və keçmiş məmurları açıq şəkildə tənqid edən Varşava hakimi Remigiuş P.-yə töhmət verib.

“Report” “Onet”ə istinadən xəbər verir ki, iş feysbukda təhqiramiz paylaşımlar yerləşdirən Varşava-Praqa Regional Məhkəməsinin hakiminə aiddir.

Belə ki, 2018-ci ildə Polşa Prezidenti Anjey Dudanın şəkli olan postun altında hakim belə yazıb: “Amma o, Mussolini kimi olmaq istəyirdi”. O, Polşanın ictimai yayımı olan TVP-nin jurnalisti Danuta Qoletskayanın fotosunu da “Allah qoysa, heç vaxt cındır olmayım” sözləri ilə şərh edib.

İntizam ombudsmanı hakimin məhkəmə kollegiyasının sədri və səyyar hakim səlahiyyətlərindən məhrum edilməsini tələb edib.

Hakim isə əsaslandırıb ki, onun yazıları yalnız dostları çevrəsinə ünvanlanıb və onlar şəxsi yazışmalar kimi qəbul edilməlidir. Belə ki, fotoların altındakı şərhləri 100-dən bir qədər çox adam oxuya bilər.

Polşa Ali Məhkəməsi sonda hakimin öz yazıları ilə vəzifəsinin ləyaqətini alçaltdığına qərar verib və onu üç intizam pozuntusunda təqsirli bilib, ona görə üç töhmət və müvafiq olaraq töhmət şəklində məcmu cəza ilə cəzalandırılıb.

Polşa Ali Məhkəməsi bu qərarı əsaslandıraraq bildirib ki, hakimin davranışı apolitiklik prinsipinin pozulmasıdır və hakim bu fikirləri ifadə etməkdə özünü məhdudlaşdırmalı idi.

Qərar yekun deyil və Polşa Ali Məhkəməsinin Peşəkar Məsuliyyət Palatasına şikayət verilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.