Güneyli vəkil İranda saxlanılan azərbaycanlı tələbənin müdafiəsindən imtina etdi - İLGİNC

19-07-2023, 22:57           
Güneyli vəkil İranda saxlanılan azərbaycanlı tələbənin müdafiəsindən imtina etdi - İLGİNC
Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.

DİA.AZ xəbər verir ki, Dilarə Əsgərova bu barədə feysbuk profilində paylaşım edib. O, oğlunun 4 aydan çoxdur İranda günahsız yerə saxlandığını və məhkəmədə fars dilində dindirilməklə hüququnun pozulduğunu bildirib:

“Bu günə kimi Fərid nə Azərbaycan tərəfdən, nə də İran tərəfdən vəkillə təmin olunub. O, cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim, zəhmət çəkib cəzasını çəksin. Amma hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz".

İranda saxlanılan gəncin anası Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsini və Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasını istəyib:

"Fəridin mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır?) və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy gostərəsiniz. Mən inanıram ki, siz mənim çağırışıma biganə qalmayacaqsınız".

Xatırladaq ki, bir neçə gün öncə Fərid Səfərlinin anası Dilarə Əsgərova saytımıza açıqlamasında Xarici İşlər Nazirliyinin İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlini vəkillə təmin etdiyini qeyd etmişdi. O, məhkəmənin dəqiq vaxtının bəlli olmadığını desə də, Güney Azərbaycandan olan vəkilin öz işinə başladığını bildirmişdi.

Cebhe.info-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, İranda Fərid Səfərlinin müdafiəsi üçün razılıq əldə edilən vəkil daha sonra bundan imtina edib. Onun İran tərəfinin təzyiqi ilə müdafiədən imtina etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.