Saakaşvilinin beynəlxalq müayinəsi ilə bağlı qalmaqal yaranıb

20-07-2023, 11:04           
Saakaşvilinin beynəlxalq müayinəsi ilə bağlı qalmaqal yaranıb
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini müayinə edən beynəlxalq tibb missiyası ziddiyyətli qalmaqalla üzləşib.

Buna səbəb hökumətin missiya üzvlərindən birinin Saakaşviliyə aid bioloji nümunəni gizli şəkildə klinikadan çıxarmaq istəməsini iddia edən videosunun yayılması olub.

Aylarla Tbilisi ilə davam edən danışıqların nəticəsində Polşa həkimlərindən ibarət qrupa Saakaşvilinin tibbi müayinəsini keçirmək icazəsi verilmişdi.

Saakaşvili 2021-ci ilin oktyabrından bəri ona qarşı irəli sürülmüş bir neçə ittihamla bağlı Gürcüstanın müxtəlif penitensiar müəssisələrində saxlanır.

Eks-prezident və onun tərəfdarları ittihamları siyasi motivli adlandırırlar.
Penitensiar xidmətin gizli videosu
2022-ci ildə səhhətinin pisləşməsi ilə bağlı Saakaşvili Tbilisidəki özəl klinikalardan birinə köçürülüb.

Bu müddət ərzində Saakaşviliyə qarşı ittihamlarla bağlı məhkəmə dinləmələri davam etdirilib.

Polşa baş nazirinin ricası ilə keçmiş prezidenti müayinə edəcək həkimlər qrupu bu işə nəhayət iyulun 12-də başlamışdı.

İndiyədək qrupun işi və əldə etdiyi ilkin nəticələr barədə məlumat verilməyib.

Lakin iyulun 14-də Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin yaydığı videoda bir nəfərin ayaqqabısını çıxarması və ayaqqabının içindən kiçik naməlum ağ əşya çıxarmasını görüntüləyir.

Penitensiar xidmətin iddiasına görə ayaqqabısından kiçik əşyanı çıxaran polşalı həkimlərdən biridir.

Xidmət həmin əşyanın Saakaşviliyə məxsus “bioloji material” olduğunu bildirir. Bu da qeyd olunur ki, materialların açıq şəkildə çıxarılmasına icazə verildiyi halda belə bir fəndə ehtiyac yox idi.

Penitensiar xidmət bildirib ki, həkimin bu hərəkəti missiyanın tibb etikasına və beynəlxalq standartlara uyğun olmadığını göstərib.

Gürcüstanın Xarici İşlər Nazirliyinə dəvət olunan Polşa səfirinə deyilib ki, bu insident “anlaşılmazlıq, narahatlıq yaradır və bütün prosesi gözdən salır”.
Polşa tərəfi nəhayət reaksiya verib
Bu da xəbər verilir ki, insidentdən keçən 5 gün ərzində Polşa tərəfi heç bir şərh verməyib.

Saakaşvilinin saxlandığı özəl xəstəxananın rəhbəri yarızarafat deyib ki, “polşalı həkimin hər şeyi ayaqqabısında gizlətmək xasiyyəti var və hərənin özünə görə bir vərdişi olur”.

Nəhayət iyulun 19-da Polşanın Tbilisidəki səfirliyi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bu, “qeyri-ixtiyari bir insident” olub və Gürcüstan dövlər orqanlarının məsələni böyütməsi “yaxşı münasibətlər prinsiplərinə ziddir”.

Saakaşvili həbsxanada və xəstəxanada olarkən bir neçə aclıq aksiyaları keçirib və səhhəti daha da pisləşib.

O özünə qarşı pis rəftar nümayiş etdirildiyini bildirir. Ukrayna və Moldova prezidentləri Volodimir Zelenski və Mayya Sandu da Saakaşvilinin bu iddialarını dəstəkləyirlər.

İqtidar-müxalifət düşmənçiliyi
Son insident Saakaşvilinin həbsinə görə açıq düşmənçilik vəziyyətinə gəlmiş iqtidar və müxalifət partiyaları arasındakı çəkişməni daha da gücləndirib.

Hakim Gürcü Arzusu partiyası və onun tərəfdarları iddia edirlər ki, Saakaşvili sağlamlıq durumunun pis olmasını bilərəkdən şişirdir.

Partiyanın baş katibi Kaxa Kaladze polşalı həkimlə bağlı insident barədə deyib:

"Çox ehtimal ki, onlar bəzi dəlilləri saxtalaşdırmağa çalışıblar. Onlar ehtimal ki, bundan daha sonra kampaniya təşkil etmək üçün istifadə edəcəkdilər”.

Hakim partiyadan deputat Qreta Tsitsava isə deyib ki, Penitensiar Xidmət bu məsələnin üstünü açmasaydı daha xoşagəlməz hal baş verə bilərdi:

"Çox tezliklə Avropanın aparıcı klinikalarından biri Saakaşvilinin zəhərləndiyini bəyan edəcəkdi”.

Müxalifət isə bildirir ki, iqtidar Saakaşvili ilə pis rəftarı bilərəkdən davam etdirir.
Tbilisi inadından dönmür
Keçmiş prezident həbsxanada olduğu müddətdə xeyli zəifləyib və çəkisi 120 kiloqramdan 64 kiloqrama düşüb.

Saakaşvili həbsxanada Rusiya agentləri tərəfindən zəhərləndiyini iddia edir. Hətta Gürcüstanın müstəqil insan haqları ombudsmanı da keçmiş prezidentin səhhətinin pisləşməsindən narahatlıq ifadə edib.

Ombudsmanın hesabatında deyilirdi ki, onun həbsdə aldığı müalicə səmərəli deyil və o tez bir zamanda xaricdəki klinikalardan birinə köçürülməldir.

Müxalifət nümayəndələri bildiriblər ki, hökumətin belə bir videonu yaymaqla qalmaqal yaratması Polşa həkim komandasının gəldiyi nəticələri indidən gözdən salmaq məqsədi güdür.

Polşa və Ukrayna rəsmiləri çoxdan bəridir ki, Saakaşvilinin onların ölkələrinə transfer edilməsinə çalışırlar.

Lakin Gürcüstan məhkəməsi bu istiqamətdə qaldırılan bütün vəsatətləri rədd edir.

Avropa İttifaqı rəsmiləri ümid edirdilər ki, beynəlxalq həkim briqadasının müayinəsi Saakaşvili ilə ən azı yaxşı rəftar olunmasını təmin edəcək.
azadliq/org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.