Priqojinin Putinin keçirdiyi sammitdə göründüyü deyilir - FOTO

28-07-2023, 00:09           
Priqojinin Putinin keçirdiyi sammitdə göründüyü deyilir - FOTO
Rusiyada Vaqner özəl hərbi şirkətinin təsisçisi, iyunun sonlarında qiyam qaldırmış və Vladimir Putin tərəfindən “satqın” adlandırılmış Yevgeni Priqojin gözlənilmədən Sankt Peterburqda keçirilən Rusiya-Afrika sammitində peyda olub.

Priqojinin Mərkəzi Afrika Respublikasının (MAR) nümayəndəsi ilə fotosunu biznesmenin bu ölkədə “sağ əli” sayılan Dmitri Sıtin paylaşıb.

Sıtın Mərkəzi Afrika Respublikasındakı “Rus evi”nin direktorudur.

O paylaşdığı fotoya belə bir mətn yazıb:

"Səfir mənimlə “Rusiya-Afrika” sammitindəki ilk fotoları ilə bölüşüb. Biz burda tanış simalar görürük”.
Britaniya kəşfiyyatı xəbər verirdi ki, Priqojinin iyunun 23-24-də qaldırdığı yarımçıq qiyamdan sonra Kremldə Vaqner şirkətinin bundan sonrakı fəaliyyəti müzakirə olunur və ehtimalən muzdlulara Ukraynada yox, Afrikada döyüşmək imkanı yaradılacaq.

Hesab edilir ki, vaqnerçilər ilk dəfə Afrikada 2017-ci ildə görünüblər. O vaxt Rusiya Sudandakı münaqişəyə müdaxilə edərək ovaxtkı prezident Ömər Həsən əl-Bəşirin tərəfində çıxış etmişdi.

Vaqner muzdluları 2018-ci ildə Mərkəzi Afrika Respublikasına gəliblər.

The Economist jurnalı yazırdı ki, hazırda Vaqner döyüşçüləri pərakəndə vəziyyətdə Sudanda, MAR-da, Liviya, Mali və Mozambikdə səpələniblər.

Onların habelə Kamerun, Madaqaskar, Burkina-Faso, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, CAR, Zimbabve və Keniya məhdud fəaliyyət göstərdikləri deyilir.
Putin pulsuz buğda vəd edir
Peterburq sammitinə gəlincə isə Rusiya prezidenti Vladimir Putin forumda etdiyi çıxışda deyib ki, Rusiya bir neçə ay ərzində Afrikanın bir neçə ölkəsinə təmənnasız olaraq 25-50 min ton taxıl çatdırmağa hazırdır.

Putin bir daha Qərb ölkələrini Rusiyanın gübrə və ərzaq məhsullarının dünya bazarlarına çıxarılmasına maneçilik törətməkdə ittiham edib.

O əlavə edib ki, bununla belə Qərb Moksvanı taxıl razılaşmasından çıxmaqla qlobal ərzaq böhranı yaratmaqda ittiham edir.

Putin habelə iddia edib ki, Rusiyanın dünya buğda bazarındakı payı 20, Ukraynanınkı isə 5 faizdir.

Onun sözlərinə görə beləliklə də Rusiya qlobal ərzaq təhlükəsizliyinə böyük töhfə verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.