Blinken Demokratiya Sammitində dezinformasiyanın təhlükələri barədə xəbərdarlıq edib

19-03-2024, 15:43           
Blinken Demokratiya Sammitində dezinformasiyanın təhlükələri barədə xəbərdarlıq edib
ABŞ dövlət katibi Antoni Blinken dünyanın yarıdan çox hissəsində seçkilərin keçirildiyi bir ildə sosial media və süni intellekt daxil olmaqla, yeni texnologiyaların dezinformasiyanı həmişəkindən daha böyük təhlükəyə çevirdiyini bildirib.

Bazar ertəsi Seulda keçirilən üçüncü Demokratiya Sammitində çıxış edən Blinken bu texnologiyaların onsuz da sürətlə dəyişən informasiya mühitini əhəmiyyətli dərəcədə genişləndirdiyini, lakin eyni zamanda, “insanlarda ətraf dünya haqqında ümumi çaşqınlıq hissini artırıb, qütbləşməni gücləndirərək, dezinformasiyanı sürətləndirdiyini” əlavə edib.

Blinken COVID-19 pandemiyası zamanı dezinformasiyanın milyonlarla insanı peyvənddən çəkindirdiyini, bunun “bəzən ölümcül nəticələrə” səbəb olduğunu bildirib. Onun sözlərinə görə, iqlim dəyişikliyi dezinformasiyanın böhranı həll etmək üçün tədbirlərin gecikdirilməsinə necə təsir etdiyini göstərən başqa bir nümunədir.

Dünyanın bir sıra ölkələrində seçkinin keçirildiyi bir vaxtda Blinken 2024-cü ili “ölkədən-ölkəyə əlamətdar seçki ili” adlandırıb, lakin eyni zamanda vətəndaşların və namizədlərin “ciddi vətəndaş müzakirələrini boğan yalan axını” ilə qarşılaşacaqları barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, demokratiya əleyhdarları dezinformasiyadan demokratik ölkələrdə fikir ayrılıqlarından istifadə edərək, şübhə və qeyri-sabitlik yaymaq üçün istifadə edirlər.

“Bir qrupu digərinə qarşı çevirmək. Bizim institutlarımızı gözdən salaraq,” Blinken deyib.

ABŞ dövlət katibi Dövlət Departamentinin Çinin təbliğat yaymaq və Qərb xəbər mənbələrini sıxışdırmaq üçün milyardlarla dollar xərclədiyini bildirdiyi 2023-cü il hesabatına diqqət çəkib.

O, Çinin Afrikada beynəlxalq xəbər kanallarını abunə paketlərindən kənarlaşdıran televiziya platformalarını almasını və Cənub-Şərqi Asiyada daha sonra əsasən Çin tərəfdarı xəbərlər yayımlayan media şirkətlərini gizli şəkildə aldığını misal çəkib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qlobal dəstəyi sarsıtmaq üçün Latın Amerikası kanalları vasitəsilə Rusiya mediasının kontentini “yaymaqla” oxşar taktikadan istifadə edib.

“Bu təsir əməliyyatlarını aşkar edib ictimailəşdirməklə biz digər hökumətlərə, mediaya və vətəndaş cəmiyyətinə onları izləmək və qarşısını almaq imkanı verdik,” Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ, öz növbəsində, ümumi prinsipləri təşviq etmək və müttəfiqlərini xarici rəqiblər tərəfindən media manipulyasiyasına qarşı birləşdirmək üçün diplomatiyadan istifadə etməyə çalışır.

Blinken həmçinin öz çıxışında vurğulayıb ki, hökumətlər media azadlığını və jurnalistlərin onlayn və oflayn təhlükəsizliyini dəstəkləməlidir, çünki müstəqil və güclü mətbuat sağlam demokratiyanın təməl daşıdır.

ABŞ-ın 2021-ci ildən təşkil etməyə başladığı Demokratiya Sammitinin məqsədi demokratik dəyərləri təbliğ etmək və demokratiyaların öz xalqlarına necə daha yaxşı xidmət edə biləcəyini nümayiş etdirməkdən ibarətdir.

ABŞ Dövlət Departamentinin veb saytında yer alan açıqlamaya görə, 70-dən çox ölkə sammitin Demokratiya Bəyannaməsini dəstəkləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.