Tramp Harrisin irqi mənsubiyyətini sorğulayır
2-08-2024, 16:05

ABŞ prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp və Demokratların ehtimal edilən namizədi Kamala Harris təşviqat görüşlərinə davam edirlər. Tramp son tədbirlərin birində Harrisin irqi mənsubiyyətini sorğulayıb. Harris isə öz növbəsində Trampı debata çağırıb.
Respublikaçı namizəd Donald Tramp əhəmiyyətli Pensilvaniya ştatında seçicilərinə Demokrat rəqibinin saxtakar olduğunu deyib.
Donald Tramp, Respublikaçılar Partitasının prezidentliyə namizədi: “Radikal solçu Demokratlar Partiyası rəhbərləri yalnız özləri üçün mübarizə aparacaq marionet namizəd təyin ediblər. Kamala Harris sıfır səs qazanıb. O, çıxışları əvvəlcədən yazılan və bizim hökuməti dağıdaraq milyardlarla dollar qazanan donor və güc sahibləri tərəfindən idarə olunur.”
Həmin günün əvvəli Trampın ABŞ-ın Qara jurnalistləri ilə gərgin görüşü keçdi. Həmin görüşdə o, anası hindistanlı, atası Qara olan Harrisin irqi mənsubiyyətini sorğulayıb.
Donald Tramp, Respublikaçılar Partitasının prezidentliyə namizədi: “O həmişə Hindistan irsindən olduğunu nümayiş etdirir, onu təbliğ edirdi. Mən son illərə qədər onun Qara olduğunu bilmirdim. O, birdən Qara oldu və Qara olaraq tanınmaq istədi. Ona görə də bilmirəm, hindistanlıdır, ya qaradır?”
Harris uzun müddət özünü həm qara, həm də Cənubi Asiya amerikalısı kimi təqdim edib. Bloomberg News və Morning Consult sorğularına əsasən Demokratlar Partiyasının ehtimal edilən namizədi olduqdan bəri Harris yeddi əsas rəqabətli ştatda Tramp ilə bərabərdir.
Kamala Harris, ABŞ vitse-prezidenti: “Seçki yarışında ətalət dəyişir və Donald Trampın bunu hiss etdiyinə işarələr var. Siz də yəqin fikir vermisiniz.”
Harris çərşənbə axşamı Corciyadakı yürüşdə Trampın onun barəsində deyəcək çox sözü olduğunu, amma debata getmək istəmədiyini dedi.
Kamala Harris, ABŞ vitse-prezidenti: “Yaxşı, Donald. Ümid edirəm, sən mənimlə debat səhnəsinə çıxacaqsan. Çünki, məşhur sözdə deyildiyi kimi – sözün varsa, üzümə de.”
Gözlənilir ki, Harris özünə vitse-prezident olacaq şəxsin adını yaxın günlərdə elan edəcək. Demokratlar Partiyasının qurultayı avqust ayının 19-da Çikaqoda başlayacaq.
Şimali Karolinada seçici Vanda Çerri deyir ki, o, Demokratların prezidentliyə namizədliyinin Baydendən Harrisə keçməsindən məmnundur: “Mən məmnunam ki, prezident anladı ki, ölkə daha gənc insan tərəfindən idarə olunmalıdır. Biliyi və iddiası olan şəxs irəli getməlidir.”
Corciyalı seçici T. Stenli Harrisin prezidentlyə hazır olduğuna inanmır:“Birincisi, onun namizəd olması çox pisdir. Çünki o, prezident olmağa hazır deyil. Amma ele görünür ki, o, artıq prezidentdir.”
Corciyalı seçici Fil Ounbi deyir ki, Harris seçki yarışını canlandırdı “Ona səs verəcəm və buna görə məmnunam. Məncə, o bəzi məsələlərdə bir az liberaldır. Amma demokratiyamızı qorumaq üçün mütləq ona səs verəcəm.”
Kaliforniyalı seçici Marina Corcun fikrincə Tramp istənilən rəqibə qalib gələcək qədər dəstəyə malikdir: “Kamala Harrislə, və ya namizəd kim olur olsun, onlar qalib gəlməyəcək. Bu, Demokratlar Partiyasının dağılmasını daha da sürətləndirəcək. Dedikləri hər şey Respublikaçılara kömək edəcək.”
Bloomberg sorğularına əsasən, seçkiyə 100 gündən az qaldığı bir müddət ərzində ölkə ərazisində Harris və Trampın dəstəyi bərabərdir.