Azərbaycan vətəndaşlarına Fələstinə səfərlə bağlı xəbərdarlıq edib
6-08-2024, 09:34

Azərbaycan Xarici İşlər Nazirliyi Fələstinə səfərlə bağlı xəbərdarlıq edib.
Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumatda xəbərdarlıq onunla izah olunur ki, bu ölkədə sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə oraya səfər etməmələri tövsiyə olunur.
Nazirlik Fələstində yaşayan və orada səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələrinin zəruri olduğunu qeyd edir.
Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları isə qısa müddətdə bu ölkəni tərk etməyə çağırıb.
Xatırladaq ki, bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırıb.
Livan şənbə günü İsrailin işğalı altında olan Qolan təpələrində 12 uşaq və yeniyetmənin ölümünə səbəb olan hücumdan sonra İsraildən gözlənilən cavab tədbirlərinə hazırlaşır.
Livanın "Hizbullah" silahlı qruplaşması hücumda əli olduğunu inkar edir.
ABŞ-ın Livandakı səfirliyi 4-cü Səviyyə: Səyahət etməmə tövsiyəsi edib.
Qərb hökumətləri İsrail və İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında gərginliyin artdığı bir vaxt öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.