Kiyev ABŞ-nin siyasəti ucbatından Su-34-ləri vurmaq şansını itirdi - "Forbes"

6-08-2024, 11:40           
 Kiyev ABŞ-nin siyasəti ucbatından Su-34-ləri vurmaq şansını itirdi - "Forbes"
"Ukraynanın bir əməliyyatla Rusiyanın onlarla Su-34 təyyarəsini məhv etmək şansı olub. Lakin ABŞ-nin Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadəyə qadağa qoyması səbəbindən Ukrayna Silahlı Qüvvələri bu şansdan yararlana bilməyib və indi artıq çox gecdir".
Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, Ukrayna bir neçə aydır müttəfiqlərindən Rusiyanın sərhəd yaxınlığındakı aerodromlarında saxlanılan hərbi təyyarələri vurmaq üçün güclü ballistik raketlərdən istifadə etməyə icazə vermələrini xahiş edir.

Nəşr yazıb ki, Su-34-lərin saxlanıldığı Voronej-Malşevo açıq aviabazası kifayət qədər yaxşı qorunan obyekt olduğu üçün ukraynalılar bu ərazini ATACMS raketləri ilə vurmaq üçün icazə istəyiblərmiş. Bu raketləri havada zərərsizləşdirmək isə demək olar ki, mümkün deyil. Lakin ABŞ prezidenti Cozef Baydenin administrasiyası bundan imtina edib.

Hətta ruslar ATACMS ilə bağlı aparılan danışıqları dinlədikləri üçün, Su-34-ləri Voronej-Malşevo və digər sərhədə yaxın aerodromlardan çıxarmaqla bağlı nadir qərarlardan birini veriblər.

Müttəfiqlər məlum təkliflərdən imtina etdikcə, Ukrayna nisbətən zəif olan öz silahlarından istifadə edərək Rusiyanın ən həssas aerodromlarına hücumlarını gücləndirdi: "Məsələn, şənbə günü Ukrayna pilotsuz təyyarələri cəbhə xəttindən 200 mil məsafədə, Rusiyanın cənubundakı Morozovskda yerləşən hava bazasına zərbələr endirdi. Ukrayna kəşfiyyatının məlumatına görə, əməliyyat zamanı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi məhv edilib, daha iki Su-34-ə isə ciddi ziyan dəyib və silah-sursat anbarı yandırılıb".

Kiyevin hərbi dairələri Rusiya-Ukrayna sərhədi yaxınlığındakı aerodromları hədəfə alaraq Su-34 qırıcı-bombardmançılarını da məhv etməyə ümidlidir. Çünki bahalı və güclü qırıcılar cəbhə xətti boyunca Rusiyanın demək olar ki, bütün son qələbələrində həlledici rol oynayıblar.

Bununla belə, ruslar güclü hərbi təyyarələrini daha az riskli bazalara köçürdükcə, bu cür uğurlu reydlərin həyata keçirilməsi də getdikcə çətinləşir: "Bu gün əksər Su-34-lər artıq sərhəddən yüzlərlə mil uzaqlıqdakı bazalarda yerləşdirilib. Əslində onlar Ukrayna pilotsuz təyyarələri üçün əlçatandırlar. Ən uzağa uçan PUA modelləri 1000 mildən çox məsafəni qət edə bilir. Lakin bu uzaq bazalar Ukrayna pilotsuz təyyarələrindən güclü şəkildə qorunur. Hətta əgər Ağ Ev ATACMS-in Rusiya bazalarına basqın əməliyyatlarında istifadəsinə icazə versə, bu artıq xeyli gecikmiş qərar olacaq. Çünki Ukrayna üçün ən dəyərli hədəflər xeyli uzaq məsafədə olacaq”.

AzVision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru