Sanksiyalar Rusiya ilə Çin arasında nəhəng ticarət əməliyyatlarını iflic edib – Ümid barter sövdələşməsinə qalıb, amma...
9-08-2024, 12:34

Rusiya və Çin Qərbin sanksiyaları səbəbindən bank ödənişləri ilə bağlı problemlərə görə payızda qarşılıqlı ticarətdə barterə keçə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə ticarət və maliyyə xidmətləri sahəsində üç mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, birincisi kənd təsərrüfatı məhsulları ilə bağlı sövdələşmə ola bilər.
Rusiyanın da barter ticarəti üçün sxemlər hazırladığı bildirilir. “Reuters” mənbələri Çinin də eyni hazırlığa başladığını qeyd edir. Rusiyanın böyük banklarından birinin adının açıqlanmasını istəməyən top-meneceri detalları dəqiqləşdirmədən barter sxemlərinin artıq hazır olduğunu deyib. Agentlik qeyd edir ki, Çin və Rusiya arasında barter başlasa, bu, son 30 ildə ilk olacaq. Bank sektorunun inkişafı ilə əlaqədar bu cür sxemlərdən imtina edilib.
Rusiya Prezidenti Vladimir Putinin may ayında Çinə səfəri zamanı ödəniş problemləri əsas məsələ idi. O vaxtdan bəri Rusiya şirkətləri fəaliyyətini Çindən kənarda izləmək çətin olan kiçik regional Çin banklarından istifadə etməyə başladılar, lakin bu, problemi tam həll etmədi.
“Bloomberg” agentliyi Rusiyanın iri təchizatçılarının sorğuda iştirak etmiş top-menecerlərinə istinadən yazıb ki, ABŞ iyun ayında ikinci dərəcəli sanksiyaların parametrlərini genişləndirdikdən sonra Çin və Rusiya arasında hətta yuanla belə ödənişlər etmək praktiki olaraq qeyri-mümkün olub. Bu cür əməliyyatlar ya dondurulub, ya da xeyli ləngiyir.
İyulun sonunda “Kommersant”ın maliyyə bazarındakı mənbəsi bildirib ki, Rusiyadan Çinə yuanla edilən ödənişlərin təxminən 80%-i Çin banklarının ikinci dərəcəli sanksiyalara məruz qalacağı qorxusu səbəbindən geri qaytarılır.
Aprel ayında “Bloomberg” Çinin Rusiyaya ixracının mart ayında 16% azaldığını bildirdi. Ekspertlər bunu ABŞ-nin Çin banklarına və şirkətlərinə sanksiya təzyiqinin artması ilə əlaqələndiriblər.
“Dost ölkələrin” bankları vasitəsilə ödənişlərlə bağlı problemlər 2023-cü ildə yaranıb, lakin ikinci dərəcəli sanksiyaların artması təhlükəsi səbəbindən 2024-cü ildə daha da güclənib. Rusiyaya qarşı sanksiyaları pozanlar SDN blok siyahısına əlavə edilmək və ya Amerika kredit təşkilatlarında müxbir hesablara məhdudiyyətlər qoyulmaqla üzləşirlər.