"Human Rights Watch" İranda azərbaycanlılara repressiyalardan yazır
16-02-2025, 10:34

Mənbə: Azadlıq Radiosu
"Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı fevralın 14-də yaydığı məlumatda bildirib ki, İran hakimiyyəti 2024-cü ilin oktyabrından etibarən azı 24 türk (azərbaycanlı) fəala ağır həbs cəzaları verib.
Tehran Apellyasiya Məhkəməsinin 36 nömrəli şöbəsi Tehranın İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbolqasem Salavatinin çıxardığı hökmü qüvvədə saxlayaraq, 10 türk (azərbaycanlı) fəala qarşı sərt həbs cəzalarını təsdiqləyib. Onlar "dövlət əleyhinə təbliğat", "milli təhlükəsizliyə qarşı fəaliyyət məqsədilə toplaşma və əlbir olmaq" və "casusluq" ittihamları ilə məhkum ediliblər. Verilən həbs cəzalarının müddəti 3 ildən 14 ilə qədər dəyişir.
"İran hakimiyyəti vətəndaş cəmiyyətini və etnik azlıqları susdurmaq üçün sistemli şəkildə əsassız ittihamlar irəli sürür və ağır həbs cəzaları tətbiq edir. Bu repressiyalar vətəndaş cəmiyyətini əzmək və etnik azlıqların fundamental hüquqlarını tələb etməsinin qarşısını almaq məqsədi daşıyır", – "Human Rights Watch"un İran üzrə tədqiqatçısı Nahid Naqşbəndi bildirib.
10 azərbaycanlı aktivistin işi üzrə məhkəmə qərarına əsasən, Ayaz Seifxah 14 il, Araz Aman Zeynabad və Baqir Hacızadə Məzrə 13 il, Kərəm Mərdanə Müstəlibəyli 11 il, Tahir Nəqəvi və Mürtəza Pərvin Coda 6 il, Salar Tahir Əfşar, Fatimə Atəş Xiyavi və Səid Minai Qışlaq 5 il, Həsən İbrahimi isə 3 il həbs cəzasına məhkum edilib.
Məlumatlı bir mənbə HRW-yə bildirib ki, hakimiyyət orqanları irəli sürülən ittihamları əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib və həmin şəxslərin əvvəlki fəaliyyətləri əsas gətirilib. Vəkil Tahir Nəqəvinin işi üzrə hakimiyyət orqanları əlavə olaraq onun 2022-ci il etirazları zamanı öldürülən və ya yaralanan etirazçıların ailə üzvlərini müdafiə etməsini də sənədləşdirib.
Evin həbsxanasında saxlanılan T.Nəqəviyə tibbi yardım göstərilməkdən imtina edilib. Məlumatlı bir mənbə deyib ki, T.Nəqəvi ciddi sağlamlıq problemlərindən əziyyət çəkir və "hətta həbsxana klinikası onun üçün ixtisaslaşmış tibbi yardım tövsiyə etsə də, hakimiyyət bu tövsiyələri yerinə yetirməkdən imtina edir".
Başqa bir iş üzrə Təbrizin İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi 13 fəalı son müdafiə üçün çağırıb. Mənbələr bildirib ki, bu fəallar 2023-cü ilin sentyabr və noyabr ayları arasında həbs edilib və günlərlə təkadamlıq hücrələrdə saxlanılıb, burada onlara etiraf etmək üçün psixoloji təzyiq göstərilib.
Bu fəallar Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qadiri, Yürüş Mehrəlibəyli, Hamid Yeganəpur, Məhəmmədrza Müvəhhid, Əmirhüseyn Ağayi, Əli Babayi, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, Hüseyn Azadi, Nasir Razmcu və İbrahim Əvəzzadədir. Onlara "müxalifət qrupuna üzvlük" və "ölkə əleyhinə qəsdçilik" ittihamları irəli sürülüb.
2024-cü il oktyabrın 1-də Tehranın İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi vəkil Seyid Məhəmməd Rza Fəqihiyi "milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə sui-qəsd" ittihamı ilə 5 il həbs cəzasına və 2 il müddətinə vəkillik fəaliyyəti aparmaqdan məhrum edib. İttihamlar 2022-ci il İran ümummilli etirazları zamanı onun Tehranda İran Mərkəzi Vəkillər Birliyinin qarşısında keçirilən mitinqdə iştirakı və 2022-ci il etirazçıları ilə yanaşı, digər insan hüquqları müdafiəçilərini hüquqi olaraq müdafiə etməsi ilə bağlıdır. 2025-ci il yanvarın 21-də o, 5 illik həbs cəzasını çəkmək üçün Evin həbsxanasına köçürülüb.
"Human Rights Watch"un İran üzrə tədqiqatçısı N.Naqşbəndi bildirib ki, İran hakimiyyəti etnik və dini azlıqların hüquqlarını müdafiə edən hər kəsi hədəf alır, onları separatçılıqla günahlandırır və əsassız ittihamlarla cəzalandırır.