Daxildəki müxalifət və xaricdəki mühacirlər - hökumətə hansı təhlükəlidir?

23-02-2017, 10:18           

Yeganə Hacıyeva: “Mühacirətə gedənlərin 99 faizi...”

Son illərdə xaricə üz tutan azərbaycanlı mühacirlərin sayı durmadan artır. Hər ilin statistikasında bu özünü açıq şəkildə göstərir. Ən çox xaricə mühacirətə gedənlər isə ölkə daxilindəki müxalif qurumların verdikləri sənədlərə əsaslanaraq oturum alan insanlardır.


Artıq demək mümkündür ki, Azərbaycanın siyasi partiyaları xaricdə ölkə daxilindən daha güclü görünür. Müxalifət ölkə daxilində bir neçə min insanı bir yerə toplaya bilmir, amma xaricdə çox asanlıqla yüzlərlə insanın iştirakı ilə aksiya keçirilir. Fevralın 18-də Almaniyanın Köln şəhərində Müsavat Partiyasının keçirdiyi aksiyanı misal çəkmək kifayət edir. Həmin aksiyada 300-500 arası mühacir iştirak edib. Halbuki son illərdə Müsavatın bu qədər etirazçının iştirakı ilə keçirdiyi hər hansı bir aksiyasını xatırlamaq çətindir.


Bunun səbəbləri ilə bağlı səslənən fikirlər fərqlidir. Çoxları hesab edir ki, Azərbaycanla müqayisədə xarici ölkələrdə aksiyalar təşkil etmək daha asandır, eyni zamanda təzyiqlər baxımından ölkə xaricində bu tipli aksiyalara təzyiq olmadığından maraq daha çox olur.


Xaricdə müxalif qüvvələrin durmadan artması ilə bağlı fikirlər birmənalı deyil. Siyasi partiyaların mühacir məsələsini alver predmeti etmələrinin burada mühüm rol oynadığı deyilir. Maraqlıdır ki, xaricdə keçirilən aksiyaların tərkibinə baxanda əksər iştirakçını tanımaq mümkün deyil. Yəni onların əksəri aktivlər deyillər. Belə şəxslərin müxtəlif saxta üsullarla xaricə getmələri də sirr deyil.


Bir maraqlı məsələ də hökumətin son vaxtlar daxildəki müxalifətə deyil, Avropadakı etirazçı mühacirlərə daha çox reaksiya verməsidir.


Bunun səbəbi nədir?


Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi ekspert Yeganə Hacıyeva Avropaya gedən mühacirlərin əksəriyyətinin yeni həyat, Avropa dəyərləri eşqi ilə yanan qruplar olduğunu söylədi: “SSRİ dövründə bizimkilər daha çox Rusiyaya gedirdi. Rusiyanın uzun zaman romantizmi var idi. Hər yerindən duran da romantizmi görmək üçün bu ölkəyə gedirdi. Daha maraqlı həyat tərzi insanları bu ölkəyə sürükləyirdi. İndi mühacirətə gedənlərin 99%-nin kökündə eyni zəminlər durur. SSRİ dövründə çox az qisim dolanışıq üçün Rusiyaya gedirdi. Bu gün də eyni psixologiya mövcuddur. Hazırda düşünmürəm ki, istənilən istiqamətdən ölkə daxilindəki və xaricindəki müxalifətin hakimiyyətə təhlükə yaratmaq kimi imkanları olsun. Biz zaman-zaman daxildə və xaricdə bəzi qrupların istifadə cəhdlərini görürük. Sanki bunlar bir şəbəkədir. ”İnsan haqları" adı altında bir sıra beynəlxalq təşkilatlar var ki, ölkələrə təzyiq edirlər. Bu təşkilatlara da xidmət edənlər var. Azərbaycan və Ermənistanı müqayisə edək. 2005-dən bu yana Azərbaycanda hər hansı bir siyasi fiqurun öldürüldüyünün şahidi olmamışam. Amma son beş ildə Ermənistanda iki siyasi fiqurun öldürüldüyünü görmüşük. Rusiyada da eyni hadisələrin şahidi olmuşuq. Amma bununla bağlı beynəlxalq təşkilatların təzyiqlərini görmədik. Azərbaycanda kiçik bir zəmində müxalifətçiyə təzyiq olan kimi beynəlxalq təşkilatların hesabatlarında bunlar dərhal öz əksini tapır. Köln kimi mitinqlərin Azərbaycan hakimiyyətinə təsir etmək kimi imkanları nə hüquqi, nə də siyasi cəhətdən mümkün deyil. Mən özüm də sizinlə birlikdə 2005-dən eyni partiyada təmsil olunmuşuq. İndi gəlin Köln mitinqində iştirak edən müsavatçılara baxaq. Onların 80%-indən çoxunu tanımırıq. Halbuki hamımız müxalifləri üzdən tanıyırıq. Bu aksiyalar o zaman baş verir ki, Azərbaycandan gedirlər, oturum almaq problemləri yaranır, onda aksiyalar təşkil edirlər. Göstərmək istəyirlər ki, biz geri qayıtsaq Azərbaycan hökuməti bizi həbs edəcək. Köln mitinqi də bunun üçün təşkil olunmuşdu. Çünki ondan öncə ölkə başçısı Münhendə Təhlükəsizlik Konfransında iştirak edirdi. Bu aksiyanı Münhendə təşkil etmək çətin deyildi. Kölnlə bu şəhərin arası o qədər də uzaq deyil. Qatarla bir dayanacaq da artıq gedib, Münhendə düşmək olardı. Niyə Köln aksiya üçün seçilib? Çünki müraciət üçün miqrasiya ofisi burada yerləşir. Müxalifət yaxşı anlayır ki, Münhendə aksiya təşkil etməklə heç nəyə nail olmayacaq. Artıq Almaniya hökuməti bunları anlayır. O hökumət Suriyadan gələn bir qaçqınla müqayisədə azərbaycanlı mühaciri seçməyəcək. Çünki alman hökuməti hər şeyi yaxşı görür və anlayır. Azərbaycanlılar da bunu anlasalar yaxşı olar".


Y.Hacıyeva daxildə müxalifətin zəifləmək yolunu seçməsinin səbəblərinə də toxundu: “Azərbaycan daxilində müxalifətin zəifləməsinin bir çox sosial səbəbləri var. Müxalifət 10 il öncəki vəziyyətdə deyil. Çünki bir insanı 10 gün, 10 insanı bir həftə aldatmaq olur. Amma bir xalqı on il aldatmaq olmur. Bir gün deyilənlərlə edilən hərəkətləri xalq görəndə hər şeyi anlayır. Biz praqmatik cəmiyyətik. Etiraf edək ki, müxalifət indi xaricdə daha güclüdür. Amma bir sual yaranır. Güclü olduğu vaxtlar ölkə daxilində müxalifət nə əldə etdi ki, indi də xaricdən nəsə əldə etsin. Avropada fondlar var ki, belə aksiyaları, bəzi şəxsləri və qurumları maliyyələşdirir. Bir zamanlar bu proseslərin içərisində olan şəxs kimi danışıram. Bir qəzetə 200 mindən çox maliyyənin verildiyinin şahidi olmuşam. Qrantlar uğrunda çox çirkin mübarizə gedir. Məsələn, son günlərdə Azərbaycanda özlərini medianın avanqardı sayan Meydan.TV-nin Dağlıq Qarabağda ”azadlıq" üçün ermənilərlə bərabər vuruşan çexiyalı şəxslə əməkdaşlıq etdiyinin şahidi olduq. Belə bir medianı nəinki oxumaq, bloklamaq lazımdır. Bunu mən qarşıma məqsəd qoymuşam. Sonunda hamımızın bir dövlətimiz var. Qərəzli hərəkətlər etmək lazım deyil. Hətta bunu başqalarından uman insanlar da var".musvat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.