Azərbaycanda büdcə prosesi - şəffafdırmı?

16-11-2017, 09:40           
Azərbaycanda büdcə prosesi - şəffafdırmı?
Ekspertlər büdcə müzakirələrində ictimai iştirak səviyyəsindən narazıdırlar

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi başa çatıb, sənəd plenar iclasın müzakirəsinə göndərilib.

Qeyd edək ki, noyabrın 7 və 8-də parlamentin müvafiq komitələrində və birgə iclaslarda layihələr müzakirə edilərək səsə qoyulub və qəbul edilib. Büdcə zərfi noyabrın 21, 22 və 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Ölkənin əsas maliyyə sənədinin müzakirəsi prosesi onun öyrənilməsi, ətraflı təhlil olunması üçün yetərlidirmi? Ümumiyyətlə, Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi, büdcə barədə məlumatlar nə qədər əlçatandır?

İqtisadçı-alim, Azərbaycan Milli Büdcə Qrupunun üzvü Qubad İbadoğlunun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən büdcə prosesi 4 mərhələdən ibarətdir: büdcənin hazırlanması, parlamentdə müzakirəsi, icrası və icrasına dair hesabat: “Nə vətəndaş cəmiyyəti, nə ekspertlər, nə digər hər hansı vətəndaş qurumunun büdcənin hazırlanması, icrası və hesabatda iştirak imkanlarına sahib deyil. Qanunvericiliyə əsasən İctimai iştirakçılıq imkanı yalnız parlament müzakirələri zamanı yarana bilər. Təəssüflər olsun ki, büdcənin parlament müzakirələri çox qısa zaman ərzində aparılır, qanunvericilikdə nəzərdə tutulmasına rəğmən, orada ictimai iştirakçılıq təmin olunmur. Bir sıra Azərbaycan kimi ölkələrin təcrübəsi göstərir ki, bəzi dövlətlər büdcənin parlament müzakirəsindən əvvəl dövlət qurumlarının iştirakı ilə onun ictimai dinləməsini təşkil edirlər. Məsələn, Qırğızıstanda mən bunun şahidi olmuşam. Daha sonra parlamentdə də ikinci ictimai dinləmə təşkil olunur. Buraya daha çox əlillər və digər həssas qrupların nümayəndələri dəvət edilir”.

Onu da qeyd edək ki, son illərdə büdcə zərfinin Milli Məclis müzakirələri ilə eyni vaxtda sənədlə bağlı Maliyyə Nazirliyinin İnternet saytına təqdimat yerləşdirilir. Bu, ictimaiyyətdə büdcəyə dair məlumatlılıq səviyyəsinin artması üçün yetərlidirmi? İqtisadçı-alim deyir ki, Maliyyə Nazirliyinin saytında büdcə ilə bağlı yerləşdirilən təqdimatda bir çox məlumatlar verilsə də, onu götürüb istifadə etmək mümkün olmur:
surətini götürmək, yaxud öz kompüterinə yazmaq, çap etmək imkanı yoxdur: “Büdcəni yaxşı təhlil etmək üçün onun iqtisadi, funksional və proqram üzrə təsnifatı aparılmalı və həmin təsnifata çıxış imkanı yaradılmalıdır. Azərbaycanda isə bu təsnifat inzibati, iqtisadi və funksional əsaslar üzrə aparılsa da, onu saytda açıqlamırlar. Maliyyə Nazirliyinin saytında yalnız büdcənin təsviri yerləşdirilir. Bu təsnifata çıxış imkanlarının məhdudluğu büdcəni effektiv təhlil etmək imkanlarını azaldır. Bu baxımdan, hesab edirəm ki, Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumat tam deyil, büdcə informasiyalarına çıxışı hərtərəfli təmin etmir.”

Q.İbadoğlunun sözlərinə görə, qısa bir müddətdə parlament müzakirəsi keçirilən, məlumatlarına çıxış imkanları məhdud olan büdcəni şəffaf adlandırmaq mümkün deyil: “Nəzərə aldıqda ki, büdcə xərclərinin 40 faizə qədəri barədə detallı məlumatı heç yerdən əldə etmək olmur(investisiya büdcəsi, müdafiə, hüquq-mühafizə orqanlarının, əsas fəaliyyətlərə aid edilməyən fəaliyyətlər üzrə büdcə(sair xərclər), o zaman büdcənin özünün əlçatanlığı probleminin yarandığını görürük. Büdcə prosesində ictimai iştirakçılığı artırmaq üçün gərək ictimaiyyətin də marağı olsun, müraciət etsin. Biz vaxtilə Milli Büdcə Qrupu olaraq dəfələrlə Milli Məclisə müraciət etsək də bizim oradakı büdcə müzakirələrində iştirakımıza şərait yaradılmamışdı. Büdcə ilə bağlı alternativ rəylər olmalıdır, cəmiyyət yalnız bir mənbədən deyil, çoxsaylı mənbələrdən və fərqli yanaşmaları əks etdirən məlumatlar əldə etməlidir. Bu isə indiki qanunvericiliklə yalnız Milli Məclisdəki müzakirələr zamanı mümkündür. İcra hakimiyyəti orqanı büdcənin hazırlanması prosesinə heç kimi buraxmır, heç olmasa parlament müzakirələrinə normal vaxt ayrılmalıdır - büdcə müzakirələri aylarla davam etməlidir. Büdcə zərfi böyük bir sənədlər toplusudur, onu 1-2 həftə ərzində tam öyrənmək və təhlil etmək mümkün deyil”.

Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədov bildirir ki, büdcə barədə ictimaiyyətdə məlumat nə qədər çox olarsa, bu, şəffaflıq baxımından bir o qədər irəliləyiş demək olar: “Düzdür, Maliyyə Nazirliyinin saytında büdcə barədə məlumatlar verilir. Lakin əvvəllər Milli Məclisdə müzakirələr zamanı ictimai təşkilatların nümayəndələrinin iştirakı təmin olunurdu, son vaxtlar bunu görmürəm. Hesab edirəm ki, büdcə müzakirələrinə ictimaiyyətin nümayəndələrinin, kənar mütəxəssislərin də cəlb olunmasına ehtiyac var”.

Millət vəkili büdcə zərfinin parlament komitələri və plenar iclasdakı müzakirələrinə ayrılan vaxtdan narazı deyil: “Komitələrdəki müzakirələr zamanı bizi maraqlandıran, zəruri bildiyimiz bütün məsələlər barədə danışmaq, təkliflərimizi vermək imkanımız olur. Bizə heç bir vaxt məhdudiyyəti qoyulmur, söylədiyimiz fikirlərə də müəyyən cavablar alırıq. Bu yaxınlarda 2018-ci ilin büdcə layihəsinin 5 komitədə müzakirəsi zamanı mənfi və müsbət hesab etdiyimiz məqamları, mənfi məqamların aradan qaldırılması üçün lazım olan addımları dedik. Amma bütün bunlara baxmayaraq, büdcə müzakirələrində ictimai iştirakçılığın təmin olunması həm şəffaflıq baxımından, həm də əyintilərə yol verilməməsi baxımından vacibdir”.

V.Əhmədov bütövlükdə büdcənin icrası prosesi üzrə ictimai nəzarət mexanizmində təkmilləşmələrin aparılmasını vacib sayır: “Düzdür, Hesablama Palatası müəyyən yoxlamalar aparır, nəticələrini açıqlayırlar. Palatanın saytında aparılan yoxlamalar və onların nəticələr barədə məlumatlar yerləşdirilir. Lakin ictimai nəzarət kənar nəzarət deməkdir. Kənar nəzarət isə daha çox məsuliyyət deməkdir. Bu baxımdan, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.