YAP- dan seçki siyahısı ilə bağlı açıqlama
13-08-2015, 12:37
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının açıqlanacağı tarix məlum olub.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a açıqlamasında bildirib ki, namizədlərin siyahısı ilə bağlı bütün işlər son mərhələdədir və yekunlaşmaq üzrədir.
Siyahının nə zaman açıqlanacağına gəlincə, S.Novruzov deyib ki, Prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayacaq və həmin sərəncam dərc olunub qüvvəyə minəndən sonra YAP namizədlərin siyahısını açıqlayacaq: "Yekun siyahı YAP İdarə Heyətində müzakirə olunacaq və qərar veriləcək. Çünki siyahının son variantını partiyanın rəhbər orqanı olan İdarə Heyəti təsdiq etməlidir. Bununla da kimin hansı dairədən namizəd irəli sürüləcəyi məlum olacaq və namizədlərimiz ictimaiyyətə təqdim olunacaq".
YAP rəsmisi əlavə edib ki, 2010-cu ildə parlamentə keçirilən seçkidə 71 nəfər YAP-ın üzvü Milli Məclisə deputat seçilib. Sonrakı dövrdə YAP-ı təmsil edən iki deputat icra strukturlarında vəzifəyə təyin olunub, bir nəfər beynəlxalq qurumda rəhbər vəzifəyə seçilib, bir deputat dünyasını dəyişib, bir nəfər isə mandatından imtina edib: "Hazırda partiyamızın Milli Məclisdə 66 deputatı var. Beş mandat isə boşdur".
"YAP-ı təmsil edən 66 deputatdan neçə nəfərinin yenidən namizədliyinin irəli sürüləcək" sualına S.Novruzov belə cavab verib: "Bunu deyə bilmərəm. Çünki bu, İdarə Heyətinin səlahiyyətinə daxildir. İdarə Heyəti müvafiq qərar qəbul edəcək ki, hansı dairədən kimlər yenidən namizəd olsun və ya kimlər getsin".
Qeyd edək ki, bu ilki parlament seçkisi noyabrın 1-də keçiriləcək.