Ruslar ermənilərə "şapalaq" vurandan sonra 200 milyonluq "konfet" verdilər...
24-07-2018, 09:26
Elxan Şahinoğlu: “Elə etməliyik ki, silah alışında Rusiyadan asılılığımızı azaldaq”; Elçin Mirzəbəyli: “Rusiyadan heç bir halda silah almalı deyilik”
Bu günlərdə məlumat yayıldı ki, İrəvan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah tədarükü başa çatdırılıb. Ermənistanın müdafiə naziri David Tonoyan yerli jurnalistlərə açıqlamasında məlumatı təsdiq edib.
Ancaq maraqlısı budur ki, Ermənistanla Rusiya arasında gərginliyin simptomları da müşahidə olunmaqdadır. Bu barədə də Tonoyanın açıqlamasında müəyyən eyhamlar var. “Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu yenidən gözdən keçiriləcək”, - deyə nazirlik sözçüsü bildirib. Musavat.com xəbər verir ki, müdafiə naziri Ermənistanın müstəqillik əldə etdikdən sonra, 1992-ci ilin yanvarında imzalanan Rusiya Federasiyası sərhəd qoşunlarının Ermənistandakı statusu haqqında müqaviləyə hansı konkret düzəlişlərin həyata keçiriləcəyinə aydınlıq gətirməyib. Lakin erməni nazir bu yaxında Şirak vilayətinin Panik kəndində rusiyalı hərbi qulluqçuların törətdiyi atəşfəşanlıqla bağlı yaranan insidentə görə həmin dəyişikliklərin sürətlənəcəyi anonsunu verib. “Hesab edirəm ki, bu insident həm Rusiya-Ermənistan münasibətlərinə, həm də Ermənistanın suverenliyinə qarşı təxribatdan başqa bir şey deyil” - baş naziri Nikol Paşinyan hadisəni belə qiymətləndimişdi.
Ermənistanın keçmiş hakimiyyətlərinin də vaxtaşırı Rusiya əleyhinə çıxışlara hamilik etməsini, sonda Kremldən müəyyən güzəştlər qopartdıqdan sonra sakitlik yaranmasını dəfələrlə müşahidə etmişik. Ola bilsin budəfəki anti-Rusiya bəyanatları da hansısa hiyləgər planın elementlərindəndir. O da mümkündür ki, Ermənistan bu yolla Rusiyadan “kreditlə”, əslində isə havayı aldığı silahları unutdurmağa, arxa plana keçirməyə çalışır. Amma həmsədr ölkənin işğalçıya 200 milyonluq silah verməsinin özü qəbulolunmazdır, ancaq şimal qonşumuz buna gedir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan aldığı silah və hərbi texnikaya görə Rusiyaya milyardlarca dollar maliyyə ödəyib: “Bu, normaldır. Anormal olan Rusiyanın Ermənistana silahı borca verməsidir. Rusiya kasıb Ermənistana 200 milyon dollar krediti verib ki, bu ölkə ondan silah ala bilsin. Moskva bunu ona görə edir ki, Ermənistan Azərbaycan qarşısında tamamən gücsüz hala düşməsin. Demək, Moskvada istəmirlər ki, Azərbaycan işğal altındakı torpaqlar üzərindəki nəzarəti geri qaytarsın. Buna baxmayaraq, Rusiyanın Ermənistana silah almaq üçün verdiyi kreditə görə Bakının Moskvaya etirazına ehtiyac olmadığını düşünürəm. Azərbaycan iki dövlət arasındakı münasibətlərə qarışmır. Halbuki Rusiya və ya Belarus Azərbaycana silah satanda Ermənistan haray-həşir salır, KTMT-yə üzv olan dövlətlərin belə bir addım atmasının çığır-bağırını salır. Moskva və Minsk İrəvanın bu bağırtılarını nəzərə almır”.
E.Şahinoğlu İrəvanla hərbi sahədə əməkdaşlıq etdiyinə görə Moskvaya etiraz etməyi lazım bilməsə də, digər variantlara əl atmağı vacib sayır: “O da bir faktdır ki, bu il ərzində biz hələ Rusiyadan silah almamışıq. Əslində enerji rerurslarımızı dünya bazarlarına çatdırılmasını şaxələndirdiyimiz kimi, silah alışını da şaxələndirməmiz lazımdır. Elə etməliyik ki, silah alışında Rusiyadan asılılığımızı azaldaq. Məsələn, son vaxtlar rəsmi Bakı silah alışı ilə bağlı bir neçə Avropa dövləti ilə danışıqlar aparır. Misal üçün, İlham Əliyevin İtaliya və Fransa prezidentləri ilə görüşlərində hərbi əməkdaşlıq mövzularına da toxunulub. Bu, o deməkdir ki, yaxınlarda Azərbaycan Avropa dövlətlərinin bir neçəsindən silah ala biləcək. Bununla da Avropa dövlətlərinin Qarabağ münaqişəsinə görə Azərbaycana və Ermənistana tətbiq etdiyi qeyri-rəsmi silah satışı embarqosu ortadan qaldırılacaq”.
E.Şahinoğlu hesab etmir ki, Ermənistandakı son anti-Rusiya çıxışları rus hərbçilərinin ölkədən qovulmasına hesablanıb: “Sadəcə, nəbz yoxlamasıdır. Rusiya olmasa Azərbaycanla Türkiyə öz xeyrinə məsələni asanlıqla həll edər. Bunu Ermənistanda anlamamış deyillər”.
Politoloq Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ermənistana kreditlə silah satması yeni fakt deyil: “Moskva forpostunu silahlandırmaq üçün mütəmadi olaraq belə addımlar atır. Bunun isə məhz indi baş verməsinin bir neçə səbəbi ola bilər: Birincisi, Rusiya ənənəvi olaraq öncə tərəflərdən birini, daha dəqiq desək, Ermənistanı bu və ya digər formada silahlandırır. Bununla qarşı tərəfi, yəni Azərbaycanı da ondan silah almağa təhrik edir. Bu isə əslində bəsit və açıq şəkildə görünən təhdiddən, şantajdan özgə bir şey deyil. İkincisi, Rusiya Azərbaycan Silahlı Qüvvələrinin son əməliyyatlarından və ordumuzun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm hərbi paraddan sonra qorxuya düşmüş Ermənistan cəmiyyətini sakitləşdirmək, öhdəliklərinə sadiq qaldığını nümayiş etdirmək istəyir. Üçüncüsü, Rusiyadan silah-sursat, hərbi texnika alan ölkələrin sayı gündən-günə azalır. Rusiyadan ən çox silah alan ölkələrdən biri olan Hindistan artıq bu ölkədən silah-sursat və hərbi texnika almaq niyyətində deyil. Hindistan tərəfi hətta Rusiyanın S-400 zenit raket kompleksinin yararsız olduğunu bildirərək bununla bağlı danışıqları birtərəfli qaydada dayandırıb. Eyni addımlar Rusiyadan silah alan digər ölkələr - Çin və Əlcəzair tərəfindən də atılır. Rusiyadan silah-sursat, hərbi texnika alan və ilk onluğa daxil olan ölkələr isə bu sırada 3-cü yerdə olan Vyetnam, növbəti yerləri bölüşdürən Venesuela, İraq, Suriya, Myanma və Uqandadır”.
Mirzəbəyli bildirdi ki, Azərbaycan da ilk onluqda yer alıb, amma bu, ötən ilin nəticələrinə uyğun tərtib olunan sıralamadır: “Qeyd etdiyim kimi, artıq ilk onluğa başçılıq edən Hindistan və Çin Rusiyadan silah almayacağını, yaxud bu sahədə əməkdaşlığı minimuma endirəcəyini bəyan edib. Əlcəzair də Rusiya ilə bu sahədə ticarət tərəfdaşlığına yenidən baxır. Yerdə qalan dövlətlərin siyahısında Rusiyadan silah-sursat, hərbi texnika ala biləcək yeganə ölkə Azərbaycandır. Suriya bir dövlət kimi mövcud deyil. Venesuela defolt vəziyyətindədir. Vyetnam, Myanma və Uqandaya silah satışından əldə olunan vəsaitlə isə heç Rusiyanın 1 hərbi zavodunu belə saxlamaq mümkün deyil. Məhz bu səbəbdən də Rusiya hərbi-sənaye kompleksini xilas etmək üçün çırpınır. Ənənəvi bazarlardakı mövqeyini qoruyub saxlamaq üçün ən müxtəlif təxribatlara əl atır”.
Politoloq qeyd etdi ki, biz nə Rusiyaya, nə də bir başqa ölkəyə cavab vermək haqqında düşünməməliyik: “Rusiyadan isə heç bir halda silah almalı deyilik. Azərbaycanla tərəfdaşlıq edən və tərəfdaşlığa meylli olan çoxsaylı ölkələr var. Onların hərbi-sənaye kompleksi Rusiyadan daha modern və etibarlıdır. Rusiya bütün sahələrdə olduğu kimi, bu sahədə də etibarsız tərəfdaşdır. Düşünürəm ki, təkcə Azərbaycan deyil, Türkiyə də heç bir halda Rusiyadan silah almamalıdır”.
İşğalçı ölkənin müdafiə nazirinin bu arada Naxçıvanla həmsərhəd bölgəyə səfər edib hərbçilərlə görüşməsi də məkrli niyyətə xidmət edir. May ayında da bənzər səfər olmuşdu və ardınca düşmən təxribatına cavab verən ordumuz Günnüt kəndini azad etdi...
P.S. Yazı çapa hazırlanarkən Ermənistanın geri addım atdığı barədə xəbər gəldi. Belə ki, Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan müdafiə naziri D.Tonoyanın Ermənistandakı Rusiya sərhədçiləri əleyhinə hər hansı açıqlama vermədiyini söylədi. Əslində ermənilərdən başqa mövqe gözləmək də olmazdı. Görünür, Ermənistanın müdafiə nazirini “başa salıblar”...