Azərbaycan nefti bahalaşdı

9-10-2015, 10:52           
Azərbaycan nefti bahalaşdı
“9 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekrod artımını rəsmilləşdirib”.

Modern.az saytının məlumatına görə bunu iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, oktyabr ayında dünya bazarında Azərbaycan neftinin qiyməti 11 faiz yüksəlib:

“Neftin dünya bazar qiymətində artımlar davam edir. Bununla da neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satılır. Qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilər qeyd edilir. Belə ki, Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması da enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb. Bu son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən, investorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyuluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir”.

V.Bayramov digər əsas səbəb kimi Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatlığn olmasını göstərib:

“NATO-nun son münaqişə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatlıq formalaşdırıb.
Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır. Bu ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.