Cəlilabad Mədəniyyət Şöbəsinin müdiri mədəniyyət ocaqlarını necə satır? - FOTOLAR
9-10-2015, 22:16
Bura Cəlilabad rayon Alar kəndidir. Bu binada isə 68 saylı Cəlilabad kənd seçki dairəsi yerləşir. Dairənin yerləşdiyi bina Rayon Mədəniyyət Şöbəsi ilə Alar Bələdiyyəsinin balansındadır. Lakin bina mülkiyyət olaraq Mədəniyyət İdarəsinin balansındadır. 68 saylı DSK bu binada cəmi 3 otaqdan ibarətdir. Lakin sovetlər dövründən qalan və ərazisi kifayət qədər böyük olan Alar Mədəniyyət İdarəsinin müvafiq binası və həyəti ayrı-ayrı təşkilatlara satılır. GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı ortaya kifayət qədər ilginc məqamlar çıxıb.
Məlum olub ki, Cəlilabad Rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi İsa Allahverdiyevin imzası ilə bina sahibkarlara satılıb. Bununla da kifayətlənməyən İ.Allahverdiyev idarənin həyətindəki 50 illik şam ağaclarını kəsdirərək, idarənin mərkəzi yola baxan hasarının böyük bir qismini ticarət obyekti tikmək üçün satıb.
Sizə təqdim etdiyimiz fotolardan da aydın görünür ki, Cəlilabad Mədəniyyət və Turizm İdarəsinin balansında olan ərazidəki ağaclar kəsilib və orada böyük dükanlar inşa edilib. Qeyd edək ki, dövlətin balansında olan bu ərazilərin sahibkarlara satışa çıxarılmasında Alar Bələdiyyəsinin rəhbərinin hansı formada iştirakını da araşdıraraq əlavə bilgilər təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.