Bakı məktəbində pul yığımı - Bu dəfə təhlükəsizlik adı ilə

22-10-2015, 11:40           
Bakı məktəbində pul yığımı - Bu dəfə təhlükəsizlik adı ilə
Bakının Xətai rayonunda yerləşən, 194 saylı tam orta məktəbdən şikayət var. Adının çəkilməsini istəməyən valideynin Modern.az saytına verdiyi məlumata görə, məktəbdə mühafizə xidmətinin fəaliyyət göstərməsi üçün il ərzində hər şagirddən 12 manat pul tələb edilir və məbləğin ödənilməsinin vacib olduğu vurğulanır.

Valideynlərin sözlərinə görə, müəllimlər həmin pulu məktəb direktorunun göstərişi əsasında yığır. Müəllimlər, 12 manatı verməyən şagirdin əvəzində, həmin məbləğin öz maaşından tutulacağını deyərək, valideynləri pulu ödəməyə vadar edirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Modern.az saytının sorğusuna cavab olaraq araşdırma aparıldığını deyib:

“Bildiririk ki, valideynlərdən hər hansı xidmət üçün məcburi pul tələb edilə və ya müəllimlərin maaşından tutula bilməz.
Məktəbdə mühafizə xidməti və digər əlavə xidmətlərin yaradılması yalnız valideynlərin təşəbbüsü ilə mümkündür.
Bu kimi hallarla bağlı şikayətləri olan şəxslərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməklərini xahiş edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.