MAHMUDOVUN XARİCDƏKİ BİZNESİ və ŞƏRİKLƏRİ – İlk yerdə İran vətəndaşlarıdı
17-11-2015, 21:56
Eldar Mahmudov haqda hər gün yeni məlumatlar ortaya çıxır. “Azadlıq” qəzəti onun xaricdəki biznesi və şəriklərilə bağlı maraqlı məlumatlar əldə edib. Qəzetim məlumatına görə, onun şərikləri sırasında ilk yerdə İran vətəndaşı olan şəxslər dayanır. Onlar əcnəbi deyillər, çünki əsasən Güney Azərbaycanlılardır.
Birinci sırada dayanan xaricilər, yəni Güney Azərbaycandan olan şəriklər haqqında məlumatlar nə qədər gizlədilsə də, daha tez ortalığa çıxır. “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Eldar Mahmudovun himayə etdiyi güneylilərin böyük bir şəbəkəsi var və onların hansının İran dövləti ilə əlaqələrinin olub-olmadığı da bilinmir. Bu adamlardan bəzilərinin İran vətəndaşlığı var, bəziləri isə mühacirlərdir.
Keçmiş Milli Təhlükəsizlik nazirinin yaxın dostlarından biri də əslən Güneydən, Zəncan şəhərindən olan, hazırda isə Kanadanın Vankuver şəhərində yaşayan “Meyn Dvelopment Ltd.” şirkətinin təmsilçisi Kazım Əsgəridir. Kazım Əsgəri Eldar Mahmudovun tikinti işlərinə nəzarət edib. Ola bilər ki, indi də həmin işlər onun nəzarəti altında olaraq qalır, amma patron dəyişib. Hər halda, Mahmudovun biznes imperiyasını araşdıranlar o qədər də sadəlövh deyillər ki, onun kontrolunda olan tikinti sektorundan xəbərsiz olsunlar. Onlar sadəlövh olsalar, elan edərdilər k, Eldar Mahmudovun soyduğu sahibkarların pulları və əmlakı özlərinə qaytarılacaq.
Kazım Əsgəri Eldar Mahmudovla təkcə iş ortağı olmayıb, həm də bu münasibətlər şəxsi dostluğa çevrilib və bu dostluğun hansısa təmənnalar üzərində qurulmadığını iddia edə bilmərik. Bu dostluğun dəlillərindən də biri budur ki, onların hətta Badamdardakı villaları da qonşudur, “getmə gözümdən, gedərəm özümdən” dostluq prinsipi əsasında tikilib. Bizdə olan məlumatlara görə isə Eldar Mahmudovun tikinti biznesi yalnız Azərbaycan ərazisində deyil, bir çox başqa ölkələrdə də qurulub.