Kənd təsərrüfatı yarmarkalarında “qoçuluq” edən nəzarətçilər…
27-04-2015, 13:00
ənd təsərrüfatı yarmarkalarında özbaşınalıq baş alıb, gedir. Həzi Aslanov metrosu yaxınlığındakı yarmarkada əməkdaşımız yarmarkaya nəzarət edənlərin satıcılarla kobud rəftar etməsinin şahidi olub.
Belə ki, 5 nəfər nəzarətçi kəklikotu satan yaşlı bir kişini təzyiqlərə məruz qoyub. Gəliş-gedişin intensiv olduğu yolda kiçik bir çuval qoyub, dərman bitkiləri satan yaşlı kişi hər həftəsonu eyni yerdə olsa da, nədənsə bu dəfə nəzarətçilərin qəzəbinə tuş gəlib.
Mülki geyimli bu şəxslər satıcı ilə nəzakətsiz və kobud şəkildə davaranaraq, onun kəklikotu çuvalını təpikləyərək, özünü də kənara sürüyüblər. Müxbirimiz bu təqyiqlərin səbəbini öyrənməyə çalışsa da, özünü təqdim etməyən şəxslər cavab verməkdən imtina ediblər.
Qeyd edək ki, bu, yarmarkada baş verən yeganə belə hal deyil. Mallarını təyin olunmuş ərazidən bir qədər irəli çıxaran satıcılar da vaxtaşırı təhqirlərlə üzləşir və məhsullarla dolu yeşiklər təpiklənərək, dağıdılır. Bir sözlə yarmarkada qayda-qanunu tənzimləməli olan şəxslər sadəcə, "qoçuluq" edirlər. Yarmarkaya buraxılmayacaqlarından qorxan satıcılar isə səslərini çıxara bilmirlər.
Jurnalist olduğumuzu bildirmədən satıcılardan münasibət öyrənməyə çalışdıq. Bildirdilər ki, yarmarka əvvəllər fəaliyyətə başlayanda hər kəs öz yerini seçmişdi, ancaq indi hər həftə yerlər dəyişir: "Növbəti həftə gəlib görürük ki, yerimizdə başqa satıcı var. Bilmirik ki, dərdimizi kimə deyək".
Satıcılar piştaxtaların yarmarkaya nəzarət edən şəxslər tərəfindən hər həftə başqa satıcıya "satıldığını" ehtimal edirlər.