İnsanlığa sığmayan fırıldağ - Zeynəb Xanlarovanın bacısı oğlunun adı keçən cinayətlə bağlı yeni bilgilər

9-12-2020, 09:23           
İnsanlığa sığmayan fırıldağ -
“Bizim torpaqlarımızı ələ keçirənlər ortalıqda gəzib kef edir. Yeni cinayətlər törədirlər. Əlimizdə sənədlər var ki, bu adamlar dayanmır, cinayətlərini davam etdirirlər. Bunlardan biri eks deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, digəri isə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərovdur. Baş prokuror Kamran Əliyevdən xahiş edirik bu məsələni həll etsin” - 80 yaşlı Əzizəxanım Atayeva belə deyir. “Yeni Müsavat”a müraciət edən Ə.Atayeva bildirib ki, müharibədən əvvəl prokurorluq hər iki şəxsin həbs ediləcəklərini deyib.

“Qarabağı da aldıq, biz qələbə çaldıq. 44 gün müddətində əsgərlərimizin salamatlığı üçün dualar etdik, gedib şikayət eləmədik. Dedik ki, dövləti belə işlərlə məşğul etməyək. Müharibə qurtarar, bizim də torpağımızı alıb özümüzə qaytararlar. Amma görürük ki, Çingiz də, Daşqın da ortada gəzirlər. Bizə gəlib söhbətləri çatır ki, pul verib canlarını qurtarmaq istəyirlər. Bizim yaşlı olmağımızı düşünüb, tez bir zamanda istəklərinə nail olacaqlar. Elə olmayacaq, arxayın olsunlar. Əllərimizi yaxalarından çəkən deyilik. Zeynəb Xanlarovaya da müraciət edərəm ki, bu cinayətə qarışmasın, bu adamların haramçılığına qol qoymasın”.

Türkanda baş verən cinayətin mahiyyəti budur ki, 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda saxta arayış hazırlanıb. Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib.

Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”.

Çingiz Xeyrəli oğlu Səfərov Türkanda maklerlik edir. Çingiz Səfərov Əzizə Atayevanın oğlunu Nərimanov rayonunda yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə aparıb, orada adından çıxış etmək üçün baş etibarnamə alıb. Həmin baş etibarnamə əsasında Əzizə Atayevanın həyat yoldaşının adına olan bağ-torpaq sahəsi Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adına keçirilib və sonuncu bağ-torpaq sahəsini satıb!

Nəticədə çoxuşaqlı ailənin xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var. Əzizə Atayevanın ölüm haqqında şəhadətnaməsində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. Bu dəhşətli cinayətin üstü illərlə bağlı qaldığından daha bir oxşar cinayət törədilib. Bu dəfə, 20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”!


Daşqın Nəsirov

Bu cinayət sxemindən əldə olunan gəlirin bölünməsi, böyük dələduzluq cinayətində Çingiz Səfərov, Daşqın Nəsirovdan başqa digər vəzifəli şəxslərin iştirakları da istisna olunmur.

Necə olub ki, 2 yaşlı qadın həyatda ikən onlara ölüm haqda şəhadətnamə verilib və bundan sonra da hər iki qadına pensiya ödənib? Qayda belədir ki, əgər vətəndaş dünyadan köçürsə, avtomatik olaraq ona ödənilən pensiyanın verilməsi dayandırılır. Xumara Şabanova və Əzizə Atayeva illər öncə “öldürülüb”, amma onlara pensiya verilişi dayandırılmayıb. Əgər həmin ölüm şəhadətnamələri verildiyi gündən sonra pensiya ödənişi dayandırılsa idi, hər iki qadın bağ-torpaq sahələrinin ələ keçirilməsi planı - cinayətindən duyuq düşə bilərdilər. Amma pensiya verilişi dayandırılmayıb. Bunu necə bacarıblar?

Ahıl yaşda olan qadınlar hərbi paraddan sonra Baş Prokurorluqda olub, baş verən cinayətin tez bir zamanda araşdırılmasını tələb edəcəklərini də deyiblər.



90 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva bir daha baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək onlara qarşı baş verən cinayətlərin araşdırılmasını, ailələrinin təhlükəsizliyinin təmin edilməsini, bağ-torpaq sahələrinin qaytarılmasını xahiş ediblər.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.