İnternetdə bazar açanlar: Pandemiya onlara düşərli oldu

9-12-2020, 11:18           
İnternetdə bazar açanlar:
Dünyanın mövcud düzənini pozan yeni növ koronavirus pandemiyası ilə mübarizə davam edir.

Pandemiya elan edilən gündən bəri dünyada bir çox şey dəyişdi. Sürətlə yoluxmanın qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. İş yerlərinin bağlanması, sosial izolyasiya qaydalarına əməl edilməsi, qoruyucu tibbi maskalardan istifadə edilməsi koronavirusun dünyaya gətirdiyi yeni düzəndir.

Artıq demək olar ki, bütün dünya ölkələri bu qaydalara öyrəşib. İş yerlərinin bağlanması, karantin qaydalarının sərtləşdirilməsi onlayn iş rejimi ilə fəaliyyət göstərən şirkətlərin gəlirini artırıb. Hətta bəzi şirkətlər bəzi dəyişikliklər edərək onlayn fəaliyyətə də keçiblər.

Maraqlıdır, hazırda onlayn satışla məşğul olan hansı şirkətlər daha çox müştəri toplayıb?

Cebhe.info mövzu ilə bağlı onlayn gəliri çoxalan xarici şirkətləri araşdırıb.

Hazırda 4 milyarddan çox insanın evlərindən çıxmaması, alış-veriş mərkəzləri və mağazaların bağlı olması səbəbilə onlayn alış-verişə misli görünməmiş dərəcədə tələb artır. Buna misal olaraq ən böyük onlayn satış platforması olan “Amazon” şirkətini göstərmək olar. Dünyanın böyük şirkətlərinin səhmlərinin sürətlə dəyər itirdiyi bu vaxtda “Amazon”un icraçı direktoru Ceff Bezosun sərvəti 20% artaraq 138 milyard dollara çatıb. “Business Insider”in açıqlamasına görə, şirkət işçilərinin əmək haqqılarını artırır, 100.000 yeni işçi götürüb və daha 75.000 işçi götürməyi planlaşdırır.

Bu ilin I rübündə ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Walmart”ın da gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artaraq 134,6 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə şirkətin ümumi satışları 10%, o cümlədən onlayn satışları 74% artıb. “Koronavirus (COVID-19) pandemiyası şirkətin satışlarına əhəmiyyətli dərəcədə təsir göstərib, görünməmiş tələblə qarşılaşmışıq”, - deyə “Walmart”dan bildirilib. Qeyd edək ki, hesabat dövründə ən çox qida və sağlamlıq məhsulları üzrə satışlarda artım müşahidə olunub.

Bir çox məşhur geyim markalarının həmçinin “Zara”nın da daxil olduğu “Inditex” satışların karantin səbəbiylə bağlandıqdan sonra aprel ayında onlayn satışlarının 95 faiz artdığını açıqlayıb. Ancaq gəlirin azalmasının qarşısını almaq üçün bu kifayət etmədiyi üçün şirkət mindən çox mağazanı bağlamaq qərarına gəlib. “Zara”, “Bershka” və “Pull & Bear” kimi məşhur geyim markalarını əhatə edən “Inditex” koronavirus epidemiyası səbəbilə mart və aprel aylarında mağazalarını bağlamalı olub. Şirkət bu müddət ərzində onlayn satışlarını xeyli artırıb. Aprel ayında “İnditex” markaları internet ilə satışlarında 95 faiz artım olub. Şirkət onlayn satışların artımının daimi olacağını gözləyir. Açıqlamada qeyd edilib ki, 2019-cu ildə edilən ümumi satışların 14 faizi internet üzərindən reallaşdı. 2022-ci ilə qədər bu nisbətin 25 faizə qədər artacağı gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.