Barəsində cinayət işi açılıb, direktor işləyir... -

19-01-2021, 16:43           
Barəsində cinayət işi açılıb, direktor işləyir... -
Lerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əvəz oğlu Əmirov barəsində özünə və digər şəxslərə saxta pensiya düzəltdiyi üçün cinayət işi açılmasına baxmayaraq, hələ də vəzifəsini icra edir.

Bu barədə Axar.az-a məktəbin müəllimi Əhliman Zeynalov deyib. O bildirib ki, bununla bağlı Təhsil Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, direktor barədə tədbir görülməyib:

“İlham Əmirovun saxta pensiya düzəltdirməsi ilə bağlı cinayət işi açılıb. Biz kollektiv olaraq nazirliyə direktorun işdən azad edilməsi üçün məktub göndərdik, lakin heç bir tədbir görülmədi. Hətta Təhsil Şöbəsi də bu məsələyə qarışmadı. Direktorun Təhsil Nazirliyində yaxın qohumu olduğuna görə işdən azad edilmədiyi bildirilir. Həm rüşvət verdiyi üçün, həm də dələduzluğuna görə İlham Əmirova qarşı cinayət işi açılıb. Direktorun kimdən rüşvət alması və kimlərə rüşvət verməsi barədə iş gedir”.

Əhliman Zeynalovun iddiasına cavab verən məktəb direktoru İlham Əmirov isə saytımıza bildirib ki, barəsində deyilənlər şər-böhtandır:

“O müəllim 5-6 ildir mənə böhtan atır. Buna görə onu məhkəməyə də vermişdim və Əhliman Zeynalov cərimələnmişdi. Amma yenə də iddialarından əl çəkmir və məni şantaj edir. Buna görə yenə də məhkəməyə müraciət edəcəyəm. Mənim haqqımda cinayət işi açılması və hazırda işin davam etdirilməsi yalan məlumatdır. Mən xəstələnmişdim və buna görə pensiya düzəltdirmişdim. Sonradan sağaldığım üçün pensiya dayandırıldı. Kim özü üçün saxta pensiya düzəltdirə bilər?! Mən həkim deyiləm, komissiya üzvü deyiləm. Düzdür, barəmdə 2016-cı ildə cinayət işi olmuşdu. Lakin 2 il sonra, 2018-ci ildə Ali Məhkəmədə mənim günahsız olmağım sübuta yetirildiyi üçün bəraət qazandım və vəzifəmi icra etməyə davam etdim. Hətta buna görə işləmədiyim 2 illik əmək haqqımı da almışam”.

Baş Prokurorluğun mətbuat xidmətindən isə saytımıza İlham Əmirovla bağlı istintaqın davam etdirildiyi bildirilib:

“Lerik rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlamaqla hazırda istintaq aparılır. Bununla bağlı məlumat istintaq sirri daşıdığı üçün verilmir”.

Məsələ ilə bağlı danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, direktor bu əməllərinə görə vəzifədən azad edilməli və cinayət sübuta yetirilərsə, 11 il müddətində həbs edilməlidir:

“Bu məsələ yalnız rüşvətvermə və dələduzluq maddəsi ilə bitə bilməz. Çünki burada kompleks cinayətlər baş verib. Saxta yolla pensiya düzəldilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da iştirak ediblər. Vəzifəli şəxslərin də bu cinayətdə iştirakı ilə yanaşı, sənədlərin saxtalaşdırılması halı var. Buna görə də Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı və bilə-bilə rəsmi sənədlərə saxta məlumatlar daxil etmə və o cümlədən rəsmi sənədləri qanunsuz hazırlama maddələri ilə cinayət işi açılmalıdır.

Burada bir qrup şəxs tərəfindən həm dələduzluq, həm vəzifə saxtakarlığı törədilməsini nəzərə alsaq, bu, ağır cinayətdir. Cəzaların toplam məcmusu ilə qiymətləndirsək, direktor 11 ilə yaxın həbs edilə bilər”.

İlham Əmirovla bağlı səsləndirilən iddialarla əlaqədar Təhsil Nazirliyinə də sorğu göndərilib.

Qeyd edək ki, 2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi direktorun saxta pensiya düzəltməsi barədə məlumat yaymışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.