“Araz market”də istehlakçılar “Baker”in kiflənmiş çörəkləri ilə zəhərlənir- FOTOFAKT

11-08-2021, 00:01           
“Araz market”də istehlakçılar “Baker”in kiflənmiş çörəkləri ilə zəhərlənir- FOTOFAKT
Fotolardan da göründüyü kimi çörəklər tamamilə xarab olub və artıq sağlamlıq üçün təhlükəli hala gəlib. Rəsulzadə qəsəbəsində yerləşən “Baker” adlı müəssisə tərəfindən 1 həftə əvvəl- avqustun 2-i istehsal olunub. Xarab olmuş və üzərində zəhərli göbələklər yaranmış çörəklər 1 həftədir rəflərdə yatır ki, kimsə alıb zəhərlənsin. Əsas odur ki, mağaza və ya müəssisə zərərə düşməsin. Ona görə də, nə market bu çörəkləri geri qaytarır, nə də istehsalçı müəssisə geri götürür.


Beləliklə, “Araz market”lə “Baker” müəssisəsi birləşib istehlakçıları zəhərləməyə çalışır. Qida Təhlükəsizliyi Agentliyi isə öz vəzifəsini yerinə yetirmək, belə hallara nəzarət etmək, mübarizə aparmaq əvəzinə hansısa işlərlə məşğuldur. Özünüzü qoruyun.

Fotolar əməkdaşımız tərəfindən Bakı şəhəri, Bayıl qəsəbəsi, “20-ci sahə”dəki “Araz” mağazasında dünən çəkilib. Bu mağazada bu kimi hallara tez tez rast gəlinir. İstehlakçıları ərzaq məhsulları alarkən diqqətli olmağa, məhsulları diqqətlə nəzərdən keçirməyə çağırırıq. Sağlamlığınızı, həyatınızı bütün məqsədi artıq pul qazanmaqdan ibarət olanlara etibar etməyin.


İstehsalçı müəssisə ilə telefon əlaqəsi saxladıq, bizə bildirdilər ki, problem “Araz market”lə bağlıdır: “Bizə imkan vermirlər ki, rəflərdə olan çörəklərimizə gündəlik nəzarət edək, deyirlər ki, biz özümüz nəzarət edəcəyik, vaxtı keçəndə özümüz vitrindən yığışdıracağıq, siz bura girməyin. Müdaxilə edəndə bizi cərimə edirlər. Bu halda çörəklərin istifadə müddəti başa çatanda mağaza onu satışdan çıxarmalıdır. Çıxarmayıblarsa, buna görə onlar günahkardır”.

“Araz Market”lə əlaqə saxlamaq mümkün olmadı. Faktla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi məlumatlandırılıb. Ümidvarıq ki, məsələ ilə bağlı ciddi tədbirlər görüləcək.

TvPress.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.