Salyanda qanunsuzluq baş alıb gedir
5-05-2015, 12:03
Salyan rayonunun Şəkərli kənd sakini Zülfüqar Rzayevin başına gələnlər əsil tragikomediyadır.
Onun infom.az-a təqdim etdiyi sənədlərə baxanda adam inana bilmir ki, bütün bunlar hansısa cəngəllikdə deyil, demokratik quruluşlu bir ölkədə, özü də son 6 ildə baş verib.
Z. Rzayev 2009-cu ildə rayonun Çuxanlı kənd sakini Əsgərova Aygün Kamil qızından ona məxsus 0.12 ha həyətyanı sahəni ev tikmək üçün oğlu Əlizamın Rzayevin adına 2400 manata alıb.
Sonradan ona məlum olub ki, bu torpaq heç də Aygün Əsgərovaya aid deyilmiş. Şikayətçinin sözlərinə görə, Aygün kənd bələdiyyə sədri olan Fikrət adlı şəxsi qurduğu oyun əsasında bu işin iştirakçısı olub və nəticədə onu aldadıblar. Məsələnin üstü açılanda söz veriblər ki, həmin yerin sənədini düzəldib təqdim edəcəklər.
Evin tikilməsi üçün Salyan rayon icra həkimiyyətinin başçısı olmuş Rasim Bəşirov 11 noyabr 2009-cu il tarixli, 310 saylı sərəncam imzalayıb, DTXK-nin yerli şöbəsi ilkin bəzi sənədlər hazırlayaraq vətəndaşa təqdim edib.
Adam da verilən vədə inanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin tam hazır olmağını gözləmədən orada yaşayş evi tikib.
Maddi imkanı zəif olan Zülfüqar Rzayev tikinti işinə ara verib Bakı şəhərində fəhləlik etdiyi vaxt ona xəbər çatır ki, bəs evini uçurublar.
Öyrənib ki, bunu edən də başqası yox, Aygün xanımın “xod gedən Gulya” ləqəbli anası Əsgərova Gülarə Mikayıl qızıdır.
Demə həmin yerə 2014-cü ildə yağlı müştəri çıxb, Gülarə xanım da sahəni yenidən öz adına sənədləşdirib və Zülfüqarı xəbərdar etmədən onun əmlakını söküb dağıdıb.
Zülfüqar Rzayev pozulan hüquqlarını heç cür bərpa etdirə bilmir. Adam faktiki olaraq qurbandır, amma şikayətini dinləyəcək, məsələni obyektiv araşdıracaq səlahiyyətli qurum və ya şəxs tapa bilmir.
Təəccüb doğurur: əgər tikili qanunsuz olubsa, tikinti işləri gedən zaman cavabdeh qurum və şəxslər hara baxıb?
Məhkəmə qərarı olmadan mübahisəli tikili necə sökülə bilərdi?
Doğrudanmı bu ölkədə “xod gedən Gulya”lar qanunların fövqündə dayanır və onlar özgə əmlakını dağıtmaq səlahiyyətindədir?
Dərdini kimə deyəcyini bilməyən bıçarə Zülfüqarın hazırda ictimaiyyətin dəstəyinə ehtiyacı var. O, uzun müddət məhbəs həyatı yaşayıb və yenidən ora qayıtmaq istəmədiyini deyir. 60-a yaxın yaşı olan vətəndaş kirayə qaldığı evdən mərkəzi və yerli icra hakmiyyəti orqanlarına şikayət yazmaqdadır.