Bakıda daha bir bahalıq ünvanı: Dənizkənarı Milli Park... - qiymətlər əl yandırır

6-05-2015, 12:09           
Bakıda daha bir bahalıq ünvanı: Dənizkənarı Milli Park... - qiymətlər əl yandırır
Artıq yaz fəslini yaşayırıq. Qarşıda isə bizi yay mövsümi gözləyir. Yay fəsli gəlməmişdən öncə artıq insanlar istirahət üçün yerlər axtarır. Bəziləri xarici ölkələrə üz tutur, bəziləri regionlara, bəziləri isə elə paytaxtda istirahət etməyə üstünlük verirlər. Xüsusilə də paytaxt sakinləri istirahət etmək üçün Dənizkənarı Milli Parkı seçirlər. Manatın devalvasiyasından sonra ölkədə hər şeyin qiyməti qalxdığı kimi Bulvarda da qiymətlər qalxıb.

Sahibkarlar manatın devalvasiyasını bəhanə gətirərək istər xaricdən gətirilən məhsullara, istərsə də yerli məhsullara qiymət artımı tətbiq ediblər. Bu isə Milli Parkda istirahət edənlərin ciddi narazılığına səbəb olub. Belə gedərsə, parka gələnlərin sayının azalmasının şahidi olacağıq. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Bulvarda fəaliyyət göstərən kafe və restoranlarda qiymətlər od tutub yanır. Kafe və restoran sahibləri isə qiymət artımını dolların bahalaşması ilə əlaqələndirirlər.

Ekspertlər isə Bulvardakı kafe və restoranlarda qiymətlərin bahalaşmasını manatın devalvasiyası ilə əlaqələndirməyin bəhanə olduğunu bildirirlər: "Ölkə başçısı 16 mart 2014-cü ildə imzaladığı fərmanda qeyd etdi ki, ölkədə şişirdilmiş qiymətlər var. Bunun qarşısını almaq üçün mübarizə aparan müəyyən dövlət qurumları mövcuddur. Lakin onu da deyək ki, Azərbaycan bazarı liberal bazar elan olunub. Qiymətləri istənilən adam istədiyi kimi təyin edə bilər. Lakin dövlət mexanizmlərdən istifadə etməli, mal, seçim bolluğu yaratmalıdır ki, qiymətlər aşağı düşsün. İstənilən biznes qurumu istehlakçıya istənilən malıistədiyi qiymətə təklif edə bilər. Çünki azad və liberal bir bazardır.

Qeyd edək ki, qiymətlərin yüksək olması sahibkarlara da sərfəli olmayacaq. Nəzərə alsaq ki, Dənizkənarı Milli Parka ən çox sadə vətəndaşlar gəlir. Sadə vətəndaşların isə əmək haqqını nəzərə aldıqda oradakı xidmətlərdən yararlanacağı şübhə altındadır. Görünür, insanlar yalnız hava almaq üçün buraya təşrif buyuracaqlar. Ümumiyyətlə, manatın devalvasiyasından öncə də Bulvarda qiymətlər o qədər də aşağı deyildi. Bundan sonra isə orada yalnız imkanlı şəxsləri görə biləcəyik. Bulvar qiymətləri insanları buradan uzaqlaşdırır. Halbuki, qiymətlər elə tətbiq olunmalıdır ki, təkcə varlı təbəqə deyil, bütün təbəqənin nümayəndələri Milli Parkda istirahət imkanına sahib olsunlar. Bulvarda istirahət hər kəs üçün əlçatan olmalıdır. Ancaq indi Bulvarın bahalı xidmətlərindən istifadə demək olar ki, varlılar üçündür. Təkcə kafe və restoranlar deyil, bütün xidmətlərdə qiymət artımına gediblər. Məsələn, Bulvara yeni attraksionlar gətirilib. Attraksionların qiymətləri də əl yandırır. Xüsusilə də paytaxtda avropa oyunları keçiriləcək. Ölkəmizə təşrif buyuran əcnəbilərin də bulvar gəzintisinə çıxacağı şübhəsizdir. Bəzi fırıldaqçı sahibkarlar əcnəbilərin cibinə girərək qısa zaman içində çoxlu gəlir əldə etmək istəyirlər. Amma düşünmürlər ki, heç xarici ölkələrdə yüksək qiymətlər tətbiq etmirlər. Əcnəbilər 5 manat verib, attraksionlardan istifadə etməyəcəklər.

İndi isə Bulvardakı ticarət köşklərində satılan ərzaq məhsullarına nəzər salaq. Popkorn və donduruma Bulvarda standart olaraq 2 manatdır, marketlərdə isə 50-60 qəpik arasında. Müşahidələrimiz zamanı aydın oldu ki, şirniyyat və sərinləşdirici içkilərin qiymətləri də marketlərdən 60-70 faiz bahadır. Təbii meyvə şirələri satan portağal formalı ticarət obyektlərində isə 100 qramlıq meyvə şirəsi alıcılara 2 manata təklif edilir. Bu isə normal bazar qiymətindən 2-3 dəfə bahadır. Bu qiymətlərin marketlərdən niyə bu qədər baha olduğunu soruşduq. Satıcılar bildirirlər ki, manatın devalvasiyasından sonra hər şeyin qiyməti qalxıb. Hətta icarə haqlarının da qaldırıldığı deyilir.

Sonda onu deyək ki, manat bir dəfə devalvasiyaya uğrasa da, qiymət artımı hələ ki, davam edir. Allah bizi ikinci devalvasiyadan qorusun. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.